Sizin həyat yolunuz – Vətənə sədaqətin, qorxmazlığın və fədakarlığın nümunəsidir

Hörmətli Hikmət Səttar oğlu Ağayev!
Sizi Azərbaycan Respublikasının şanlı hərb tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq yolunuz, dövlətimiz və xalqımız qarşısında göstərdiyiniz misilsiz xidmətlər münasibətilə dərin hörmət və ehtiramla təbrik edirəm.
Sizin həyat yolunuz – Vətənə sədaqətin, qorxmazlığın və fədakarlığın nümunəsidir. Birinci Qarabağ müharibəsi illərində döyüş meydanında göstərdiyiniz şücaət, azadlıq və müstəqilliyimiz uğrunda canınızı ortaya qoymağınız bu xalqın yaddaşına əbədi həkk olunub. O ağır, taleyüklü günlərdə Siz və Sizin kimi igid oğullar dövlətimizin dayağı, xalqımızın qürur simvoluna çevrildiniz.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti “A” Xüsusi Təyinatlı Dəstəsinin Komandiri kimi uzun illər ərzində üzərinizə düşən məsuliyyəti yüksək peşəkarlıq, prinsipiallıq və vətənpərvərliklə yerinə yetirməyiniz, dövlətimizin təhlükəsizliyinin, xalqımızın sabitliyinin təmin edilməsində oynadığınız rol danılmazdır. Sizin xidmətləriniz, dövlətçilik yolunda göstərdiyiniz misilsiz əməyiniz tariximizin şərəfli səhifələrində öz layiqli yerini tutmuşdur.
Hal-hazırda da Sizin ictimai-siyasi fəaliyyətiniz, Vətənə, şəhidlərimizə və qazilərimizə göstərdiyiniz diqqət və qayğı “Ehtiyatda olan Zabitlər Konfederasiyası”nın sədr müavini, “Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin idarə heyətinin üzvü, həmçinin “Zəfər Yolu” İctimai Birliyinin icraçı direktoru kimi gördüyünüz işlər, gənc nəsilə vətənpərvərlik ruhunun aşılanmasına verdiyiniz töhfələr xüsusi minnətdarlığa layiqdir.
Siz yalnız keçmişin qəhrəmanı deyilsiniz, bu günün də əsl vətənpərvər nümunəsisiniz. Sizin kimi igidlərin varlığı sayəsində Azərbaycan xalqı daim güclü, iradəli və birləşmiş qalır.
Sizə möhkəm can sağlığı, uzun ömür, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy Vətənimizin bütövlüyü, dövlətimizin müstəqilliyi və xalqımızın rifahı naminə gördüyünüz müqəddəs işlər daim uğurla nəticələnsin.
Sizin qəhrəmanlıq yolunuz gələcək nəsillər üçün vətənpərvərliyin, dövlətə sədaqətin və igidliyin ən ali nümunəsidir.
Hörmətlə,
Pərvanə Salmanqızı


