Könlüm cuşa gəlir, seyr edirəm səmanı

Könlüm cuşa gəlir, seyr edirəm səmanı
Könlüm cuşa gəlir, seyr edirəm səmanı… Göy üzündə dalğalanan buludlara baxdıqca sanki hər bir damla, hər bir işıq zərrəsi mənə bir sirr pıçıldayır. Səmanın sonsuzluğunda Haqqın nəfəsini duyuram, hər tərəfdə Onun izini, Onun möcüzəsini görürəm. Sanki ulduzlar bir kitabdır, buludlar ayə, küləklər zikrdir… Varlığın hər zərrəsi Haqqı anır, Haqqı çağırır, Haqqı təsdiqləyir.
Biz çox zaman torpağın tozuna ilişib qalırıq, gündəlik qayğılara bürünüb göyə baxmağı unuduruq. Halbuki səma – insan ruhunun aynasıdır. O səmanın dərinliyinə baxdıqca öz içimizin dərinliyini görürük. Ulduzların sükutunda bəzən min cavab gizlidir, küləklərin səsində min sirr danışılır. Hər şey susur, amma eyni anda hər şey danışır… Anlayan qəlbə isə hər nəfəsdə bir ayə oxunur.
Hər yana baxıram – dağlara, dənizlərə, quşların qanad çırpıntısına, çiçəklərin boy atmasına… və görürəm ki, hər şey Haqqı zikr edir. Haqq hər yerdədir, amma ən çox da insanın öz içindədir. Lakin çox zaman biz Onu kənarda axtarırıq. Halbuki Onun səsi vicdanımızın dərinliyindədir, Onun nuru ruhumuzun mərkəzindədir. İnsan öz ruhunun pərdələrini qaldıranda, Onu özündə tapar, özündə görə bilər.
Hər şey bir sirlə yaradılıb… Səmanın sonsuzluğu ilə ruhun sonsuzluğu bir-birinə nə qədər bənzəyir. Göy üzünə baxanda insan anlayır ki, həyat bura sığmaz, varlıq yalnız görünəndən ibarət deyil. Bizim içimizdə başqa aləmlərin qapıları gizlidir. Hər dua bir pəncərədir, hər zikr bir yol, hər sükut isə bir ünvandır.
Varlığın mahiyyətinə enmək üçün insan gözlə deyil, qəlblə görməyi öyrənməlidir. Çünki qəlb – Haqqa açılan qapıdır. Haqqı görmək üçün sadəcə gözünü deyil, içini oyatmaq lazımdır. Haqqı eşitmək üçün qulaq yetərli deyil, ruhun səssizliyinə qulaq asmaq lazımdır.
Hər şeydə Haqqın təcəllisini görmək – budur əsl azadlıq. Bu azadlıq insana güc verir, qorxularını alır, qəlbinin dərinliklərinə nur saçır. Çünki bilirsən ki, tək deyilsən, yolun sahibsiz deyil. Səma kimi sonsuz, külək kimi sərbəst, nur kimi saf olursan…
Bilirəm ki, bu dünya fanidir, amma səmanın sonsuzluğuna baxanda anlayıram: Ruh ölməzdir. Haqqın nəfəsi ruhun nəfəsindədir, insanın içindədir. Əgər insan özünü tanısa, Haqqı tanıyar; Haqqı tanısa, kainatı oxuyar; kainatı oxusa, ruhun həqiqətinə yetişər.
Bu səbəbdən, hər səfərimdə bir Haqq salamı var… Hər baxışımda bir dua, hər nəfəsimdə bir zikr var. Könlüm cuşa gəlir, seyr edirəm səmanı… Haqqa salam verirəm… Çünki bilirəm ki, Haqqdan gəldim, Haqqa gedirəm.
Pərvanə Salmanqızı
İctimai xadim, jurnalist, şairə-publisist


