Azad Rəqs Ansamblı Trabzonda Azərbaycan bayrağını dalğalandırdı

Azad Rəqs Ansamblı Trabzonda Azərbaycan bayrağını dalğalandırdı
5 avqust 2025-ci il tarixində Azərbaycanın Azad Rəqs Ansamblı qardaş Türkiyənin Trabzon şəhərinə səfər edib. 6 avqustdan başlayan 14-cü Uluslararası Tulum və Kemençe Festivalı çərçivəsində ansambl bir neçə şəhər və rayonlarda çıxış edərək Azərbaycan milli mədəniyyətini yüksək səviyyədə təmsil edib.
6-7 avqustda Murgul, 8 avqustda Ardeşen, 9-10 avqustda Rizə, 11 avqustda isə Trabzon mərkəzində səhnə alan ansambl 15 dəqiqəlik proqramla tamaşaçılara unudulmaz anlar yaşadıb. Çıxışlar zamanı üçrəngli Azərbaycan bayrağı ucalarda dalğalanaraq, ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirib.
Festivalda Azərbaycanla yanaşı Türkiyənin müxtəlif bölgələri (Amasya, Rize, İstanbul), Şimali Kipr Türk Cümhuriyyəti, İran, Özbəkistan, Kabardin-Balkar, Gürcüstan, Osetiya, Kalmıkya, Dağıstan, Rusiya, Çeçenistan, Meksika, Cənubi Afrika, Yunanıstan və Çərkəziya olmaqla 18 ölkənin 20-dən çox rəqs qrupu çıxış edib.
Ansambl yalnız səhnədə deyil, müxtəlif yarışlarda da uğurlara imza atıb. Rafting yarışında 3-cü yer, taxta arabalar yarışında 1-ci yer, qaynar çay içmə yarışında isə 2-ci yer əldə olunub. Bu nəticələr Azərbaycan nümayəndə heyətinin festivalda fəal və uğurlu iştirakını bir daha təsdiqləyib.
Azad Rəqs Ansamblının rəhbəri, “Zəfər Yolu” İctimai Birliyinin Mədəniyyət işləri üzrə müdir müavini və Dünya Afşarlar Dərnəyinin Azərbaycan üzrə Mədəniyyət qolları başqanı Rəhim Babayev bildirib:
“Biz bu festivala təkcə Azərbaycanı təmsil etməyə deyil, həm də dostluq, qardaşlıq və mədəniyyət körpüsünü gücləndirməyə gəldik. Azərbaycan bayrağını ucalarda dalğalandırmaq bizim üçün böyük qürurdur. Hər səhnədə xalqımızın ruhunu, tarixini və zəngin irsini yaşatmaq ən böyük missiyamızdır.”
Festival çərçivəsində Azərbaycan bayrağının ucalarda dalğalanması bir daha göstərdi ki, milli mədəniyyətimiz dünyanın istənilən guşəsində hörmət və rəğbətlə qarşılanır.

Pərvanə Salmanqızı.
İctimai xadim, jurnalist, şairə-publisist.


