Mehdi Həsənov – Gənc Sənətkar, Vətənsevər Azərbaycanlı

Mehdi Həsənov – Gənc Sənətkar, Vətənsevər Azərbaycanlı
Həsənov Mehdi Mayis oğlu… 13 yanvar 2009-cu il tarixində Ucar rayonunun Bərgüşad kəndində doğulan bu istedadlı gənc, 8 yaşına qədər Rusiyada yaşamış, sonra isə Vətəninə dönərək öz həyatını Azərbaycan incəsənətinə həsr etmişdir.
Mehdi, musiqi və incəsənət sahəsindəki səyahətinə erkən yaşlarda başlamışdır. Respublikanın əməkdar artisti Babək Niftəliyevdən və daha sonra digər ustad sənətkarlarımızdan aldığı muğam dərsləri, onun musiqi dünyasına dərin bir hörmət və sevgi ilə bağlanmasına səbəb olmuşdur. Beş illik muğam ixtisası üzrə incəsənət məktəbini əla qiymətlərlə bitirməsi, onun səylə çalışmasının və yüksək istedadının bariz nümunəsidir.
Mehdi yalnız Azərbaycanda deyil, beynəlxalq səhnələrdə də öz adını tanıtmış bir sənətkardır. Avaz-1 muğam müsabiqəsi və Bədii qiraət müsabiqəsinin qalibi, bir neçə musiqi yarışmasının mükafatçısı və beynəlxalq müsabiqələrin laureatı kimi, o, gənc yaşına baxmayaraq böyük uğurlara imza atmışdır. Onun iştirak etdiyi beynəlxalq festivallar və televiziya proqramları, Mehdi balamızın Azərbaycan musiqisini dünyaya çatdırmaq istəyini göstərir.
Mehdi yalnız səs və texnika ilə deyil, həm də mədəniyyətimizi və ruhumuzu təmsil etmə bacarığı ilə seçilir. Bir sıra incəsənət xadimləri və ziyalılarla görüşləri, onun Azərbaycanın mədəni irsini yüksək səviyyədə təqdim etmək istədiyini nümayiş etdirir.
Hal-hazırda qardaş Özbəkistanda keçirilən beynəlxalq festivallarda və proqramlarda iştirak edən Mehdi, hər bir çıxışı ilə Azərbaycan gəncinin potensialını və milli irsimizin dəyərini nümayiş etdirir. Mehdi balamız bildirir ki, göstərdiyi dəstəyə görə Özbəkistanda Azərbaycan Milli Mədəniyyət Mərkəzinin direktoru Mobil Məmmədova təşəkkür edir.
Sentyabr ayının 15-dək keçiriləcək festivallar, dövlət tədbirləri və proqramlar onun sənət yolunun daha da parlaq mərhələsini təşkil edəcək. Vətənə dönəcək hər bir addımında, Mehdi yalnız bir gənc sənətkar deyil, həm də Azərbaycanın adı və qüruru ilə çıxış edən bir səfir olacaqdır.
Gənc yaşına baxmayaraq bu qədər böyük nailiyyətlər qazanan Mehdi balamıza Özbəkistanda vətənimizi layiqincə təmsil etdiyinə görə davamlı uğurlar arzulayıram. Onun yolu hər zaman işıqlı, səhnələri uğur və qürurla dolu olsun.

Pərvanə Salmanqızı.
İctimai xadim, jurnalist, şairə-publisist.


