Xüsusi Təyinatlı Qüvvələrimizin Qardaşlıq Zirvəsində Addımları – İslamabadda Qalibiyyətin və Müstəqilliyin Zəfər Nəfəsi

Xüsusi Təyinatlı Qüvvələrimizin Qardaşlıq Zirvəsində Addımları – İslamabadda Qalibiyyətin və Müstəqilliyin Zəfər Nəfəsi
Azərbaycanın rəşadətli Xüsusi Təyinatlı Qüvvələri, tariximizin şərəfli səhifələrini yeni bir qürurla bəzədi. Qardaş Pakistanın paytaxtı İslamabadda ilk dəfə keçirilən və iki böyük məfkurəni – Müstəqillik Günü və Haqqın Qələbəsini birləşdirən möhtəşəm hərbi paradda, Azərbaycan əsgərinin mərd addımı, zəfər dolu baxışları dünya ictimaiyyətinə bir daha nümayiş etdirildi.
Bu, sadəcə bir hərbi nümayiş deyildi – bu, dostluğun, qardaşlığın və ortaq taleyin rəmzi idi. Azərbaycanın igid övladları Pakistan xalqına, bütün müsəlman aləminə və azadlıq sevərlərə bir mesaj verdi: “Haqqın səsi heç vaxt susmayacaq, azadlıq eşqi heç vaxt sönməyəcək!”
Qardaş Pakistanla tariximiz uzun illərin sınağından keçib. Qarabağ uğrunda mübarizəmizdə yanımızda olan, haqq işimizi müdafiə edən Pakistan, bu dəfə də səhnəsini və tribunasını bizimlə bölüşdü. İslamabadın göylərində dalğalanan Azərbaycan bayrağı, yalnız bir ölkənin deyil, bütöv bir ideyanın – haqqın, ədalətin, müstəqilliyin bayrağı idi.
Bu parad, 44 günlük Vətən Müharibəsinin Zəfər ruhunu İslamabad küçələrinə daşıdı. Azərbaycan əsgərinin ayaq səsləri, bir zamanlar Şuşada, Cəbrayılda, Füzulidə eşidilən qələbə addımlarının davamı idi. Bu dəfə o addımlar, qardaş ölkənin torpaqlarında, dost əllərin alqışı və sevinc nidaları altında səsləndi.
Bizim üçün bu hadisə həm də beynəlxalq arenada ordu diplomatiyasının güclü nümayişi oldu. Xüsusi Təyinatlı Qüvvələrimizin döyüş nizamı, iradəsi və peşəkarlığı bir daha sübut etdi ki, Azərbaycan Ordusu yalnız öz sərhədlərinin deyil, həm də haqqın və ədalətin keşikçisidir.

İslamabaddakı bu tarixi an, gələcək nəsillərə bir dərs olacaq:
Qardaşlıq – yalnız sözlə deyil, əməl ilə sübut olunur.
Müstəqillik – yalnız bir dövlətin deyil, bütün azad xalqların ortaq qürurudur.
Qələbə – yalnız silahla deyil, həm də birliklə qazanılır.
Bu paradla Azərbaycan və Pakistan bir daha dünyaya göstərdi ki, “Birlikdə güclüyük, birlikdə yenilməz!”
Pərvanə Salmanqızı
İctimai xadim, jurnalist, şairə-publisist.


