Qəhrəman Hikmət Səttar oğlu Ağayev

Vətənə sədaqətin ömürlük nümunəsi – Hikmət Səttar oğlu Ağayev
Azərbaycanın müstəqillik yolunda qazandığı qürurlu zəfərlərin, azadlıq uğrunda aparılan mübarizənin arxasında əsl qəhrəmanlar dayanır. Onlar yalnız döyüş meydanında deyil, həm də həyatın hər addımında vətənə xidmət edən, xalqı üçün yaşamağı şərəf sayan igidlərdir. Bu adların sırasında ehtiyatda olan polkovnik Hikmət Səttar oğlu Ağayev xüsusi yer tutur.
1993–2016-cı illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti “A” Xüsusi Təyinatlı Dəstəsinin Komandiri kimi xidmət göstərən Hikmət Ağayev, birinci Qarabağ müharibəsinin ön cəbhəsində igidliyi ilə tanınmış, yüzlərlə əməliyyatda yüksək peşəkarlıq nümayiş etdirmişdir. Ömrünün ən məhsuldar illərini dövlətin təhlükəsizliyinə, vətənin müdafiəsinə həsr etmiş bu polkovnik hazırda da ictimai fəaliyyətini davam etdirir.
Hal-hazırda “Ehtiyatda olan Zabitlər Konfederasiyası”nın sədr müavini, “Qarabağ Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin idarə heyətinin üzvü, eləcə də “Zəfər Yolu” İctimai Birliyinin icraçı direktoru kimi çalışaraq, şəhid ailələrinin və müharibə veteranlarının yanında olmağı özünə borc bilir.
10 avqust 2025-ci il tarixində də Hikmət Ağayev, silahdaşları – ehtiyatda olan polkovniklər Çingiz, Rasim və Tərlanla birlikdə Lerik rayonunun Anbu kəndində şəhid kapitan Əbülfəzin ailəsini ziyarət etdi. Bu görüşdə şəhidin atası, vətənpərvər ziyalı Hüseyinverdi müəllimlə söhbətlər edildi, qəhrəmanın xatirəsi ehtiramla anıldı.
Kapitan Əbülfəz Azərbaycanın müstəqilliyi və torpaq bütövlüyü uğrunda canından keçərək ölümsüzlüyə ucalmış qəhrəmanlarımızdan biridir. Onun həyatı və döyüş yolu bugünkü gəncliyimiz üçün vətənə sədaqətin, qorxmazlığın, ləyaqətin canlı nümunəsidir.
Hikmət Ağayev və silahdaşlarının bu kimi görüşləri təkcə bir ailəyə baş çəkmək deyil, eyni zamanda xalqımızın yaddaşını diri saxlamaq, şəhidlərin xatirəsini nəsildən-nəsilə ötürmək missiyasını daşıyır. Çünki şəhidlərimizin ömür yolu tariximizin şərəf səhifələridir.
Bu səfərlər, bu görüşlər bir daha göstərir ki, vətən uğrunda canından keçənlərin ailələri heç vaxt tək deyil. Onların yanında hər zaman döyüş yoldaşları, silahdaşları, vətənpərvər insanlar olacaq. Hikmət Ağayevin həyatı isə sübut edir ki, əsl zabit forma çıxardıqdan sonra da öz vətəninə, xalqına xidmət etməyə davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Onların ruhu qarşısında baş əyirik!
Pərvanə Salmanqızı,
İctimai xadim, jurnalist, şairə-publisist


