SALAM — Allahın Adı, İnsanlığın Ən Gözəl Körpüsü

SALAM — Allahın Adı, İnsanlığın Ən Gözəl Körpüsü
Bir gün yolum Hollandiyaya düşdü. İlk dəfə idi ki, bu gözəl ölkəni ziyarət edirdim. Mənim üçün dünyanın hər bir guşəsinin mədəniyyəti, adət-ənənələri, incəsənəti və yaşam tərzi qiymətli xəzinə kimidir. Ən böyük arzum isə dünyanı gəzərək bu dəyərləri araşdırmaq, öyrənmək və paylaşmaqdır.
Hollandiyaya ayaq basdığım ilk gün şəhər gəzintisinə çıxdım. Dilimi bilməyən, irsimi tanımayan, keçmişimdən xəbərsiz insanlar yoldan keçərkən üzümə baxıb səmimi bir gülümsəmə ilə “SALAM” dedilər.
O an qəlbimdən bir isti dalğa keçdi. Çünki “Salam” Allahın adıdır. Salam — sadəcə bir kəlmə deyil, bir ürək toxunuşudur. Salam vermək — insanın insana könül qapısını açmasıdır. Gülümsəmək — ruhun pəncərəsindən günəşin doğmasıdır.
Bəs biz niyə bir-birimizə bu qədər asan olan Allahın adını, bu gözəl duanı verməkdən çəkinirik? Niyə Salam deməkdə bu qədər xəsislik edirik? Halbuki Salam, könülləri birləşdirən, düşmənliyi əridən, sevginin yolunu açan ən möcüzəli kəlmədir.
Unutmayaq: Salam vermək sadə görünür, amma insanlıq tarixində ən böyük dostluqlar, ən dərin qardaşlıqlar bir “Salam” ilə başlayıb.
Gəlin, həyatımızda daha çox gülümsəyək, daha çox salamlaşaq. Çünki Salam — bərəkətin, sevginin və Allahın razılığının açarıdır.
İmza: Pərvanə Salmanqızı


