KƏNDİMİZİN GƏLƏCƏYİ – RUHUMUZUN ÜNVANI

KƏNDİMİZ VEJNƏLİ – bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir
Mən 1995-ci ildə Bakıda doğulmuşam. Uşaqlığım şəhər mühitində keçsə də, yaddaşımda hər zaman bir kəndin adı çəkilib – Vejnəli. Bu ad mənim üçün yalnız coğrafi bir məkan deyil, həm də yaddaşda yaşayan bir xatirə, bir hekayə, bir nisgildir. Valideynlərim, nənə-babam həmişə Vejnəlidən danışıb. Uşaq vaxtı anlamadığım, amma dərin bir duyğuyla qulaq asdığım o söhbətlərdə torpaq sevgisi, itki ağrısı, eyni zamanda qürur var idi.
COĞRAFİ MÖVQE VƏ TƏBİƏTİN GÖZƏLLİYİ
Vejnəli kəndi Zəngilan rayonunun cənub-qərbində yerləşir və Ermənistanla sərhəd xəttinə yaxın mövqedədir. Kənd ərazisi əsasən dağətəyi zonada yerləşir, bu isə ona həm strateji, həm də təbii gözəllik baxımından xüsusi üstünlük verir. Ətraf dağlar kəndi əhatə edir, yaz aylarında yaşıl don geyinir, payızda isə narıncı-qırmızı rənglərə bürünür. Dağların qoynunda yerləşən bu kənd həm təbiətin gözəlliklərini, həm də insanın mənəvi rahatlığını özündə birləşdirən nadir məkanlardan biridir. Vejnəlinin təbiəti təkcə gözəl deyil, həm də bərəkətlidir. Torpaqları münbit, suyu şəfalı, havası təmizdir. Valideynlərimin danışdıqlarından bilirəm ki, bu kənddə insanlar əkin-biçinlə məşğul olur, bağ-bağça salır, təbiətlə harmoniyada yaşayırdılar. Hər evin həyətində meyvə ağacları, bostan sahələri, cığırları sulayan arxlar var imiş.
VEJNƏLİ QIZIL YATAĞI – TƏBİİ SƏRVƏT VƏ İQTİSADİ ƏHƏMİYYƏT
Vejnəli kəndini Azərbaycanın digər kəndlərindən fərqləndirən əsas cəhətlərdən biri də burada yerləşən qızıl yatağıdır. Bu yataq ölkəmizdə sənaye səviyyəsində istismara yararlı yeganə qızıl yataqlarından biridir. Müstəqillikdən sonra Azərbaycanın iqtisadi resursları sırasında xüsusi yer tutan bu yataq həm ölkə iqtisadiyyatı, həm də Zəngilan rayonunun gələcək inkişafı üçün mühüm potensiala malikdir. Qızıl yatağı bu torpağın təkcə səthinin deyil, alt qatının da qiymətli olduğunu göstərir. Amma bizim üçün bu torpaq təkcə qızılı ilə yox, həm də keçmişi, insanı və ruhu ilə dəyərlidir.
İŞĞAL İLLƏRİ – HƏSRƏT VƏ SƏBR DÖVRÜ
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilan rayonu ilə birlikdə Vejnəli kəndi də işğal olundu. O gündən sonra kəndin sakinləri, o cümlədən mənim doğmalarımda də, öz doğma yurd-yuvasından didərgin düşdü. Vejnəli tərk edilmiş bir kəndə çevrildi, oradakı həyatlar yarımçıq qaldı. Torpağın yeri dəyişmədi, amma üstündəki izlər, insanların ayaq səsləri susdu. O illərdə kənd haqqında danışmaq ailəmiz üçün həm müqəddəs, həm də kədərli bir mövzu idi. Hər dəfə kəndin adı çəkiləndə baxışlar uzaqlara yönəlirdi. O baxışların içində həm Vejnəlinin gözəlliyi, həm də o gözəlliyin itirilməsi əks olunurdu.
ZƏFƏR VƏ AZADLIQ – KƏNDƏ QAYIDIŞ
Bu arzular 2020-ci ildə gerçəyə çevrildi. İkinci Qarabağ – Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun şücaəti nəticəsində Vejnəli kəndi 2020-ci il noyabrın 7-də işğaldan azad edildi. Bu tarix təkcə hərbi zəfər deyildi, həm də bir xalqın ruhunun, ləyaqətinin bərpası idi. Biz Vejnəliyə qayıtdıq. Və bu qayıdış xalq olaraq bizim üçün bir intibahın başlanğıcı oldu.
BƏRPA DÖVRÜ – YENİDƏN DOĞULAN KƏND
Azadlıqdan sonra Vejnəli kəndində bərpa işlərinə start verildi. Dövlət tərəfindən yollar çəkilir, infrastruktur yenilənir, yeni yaşayış massivlərinin inşasına hazırlıq görülür. Vejnəli yenidən həyat tapır – bu dəfə daha güclü, daha möhkəm təməl üzərində. Qızıl yatağının yenidən istismara verilməsi ilə kəndin və rayonun iqtisadi əhəmiyyəti artır. Bu, yalnız iqtisadi baxımdan deyil, həm də kəndin sosial və mədəni dirçəlişi üçün yeni imkanlar yaradır. Yeni məktəblər, mədəniyyət evləri, səhiyyə müəssisələri inşa ediləcək. Vejnəli müasir kənd modeli kimi yenidən qurulacaq.
KƏNDİMİZİN GƏLƏCƏYİ – RUHUMUZUN ÜNVANI
Mən Vejnəlidənəm. Orada doğulmamışam, amma oranın ruhu içimdədir. Mən bu kəndi babamın susqunluğundan, atamın baxışlarından, nənəmin qürurla çəkdiyi “bizim kəndimiz” sözündən tanımışam. Mənim üçün Vejnəli sadəcə kənd deyil – mənsubiyyətimdir. Arzum budur ki, Vejnəli yenidən uşaqların gülüşü ilə dolsun, həyətlərində çinarlar boy atsın, arxlardan su axsın. İnsanlar yenidən o torpağın üstündə gəzsin, əkin-biçinlə məşğul olsun, bayramlarını doğma yurdda keçirsin. Çünki kəndimiz buna layiqdir.
Fəzail RZAQULİYEV,
Müstəqil psixoloq


