Weather Data Source: havadurumuuzun.com

Şəhid Əliyev Şəhriyar Bəxtiyar oğlu – Vətən uğrunda canından keçən qəhrəman

Şəhid Əliyev Şəhriyar Bəxtiyar oğlu – Vətən uğrunda canından keçən qəhrəman

Azərbaycan torpaqları uğrunda canından keçən qəhrəmanlarımız xalqımızın tarixində əbədi iz buraxırlar. Onlardan biri də 5 avqust 1997-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda dünyaya göz açmış Əliyev Şəhriyar Bəxtiyar oğludur.

Uşaqlıq illərindən nizam-intizamlı və çalışqan olan Şəhriyar, ailəsinin və müəllimlərinin fəxri idi. Orta təhsilini Bakı şəhəri 307 nömrəli tam orta məktəbdə alan gənc, daim öyrənməyə həvəsli və məqsədyönlü şəxsiyyət kimi tanınırdı. Məktəbi başa vurduqdan sonra özünü daha da inkişaf etdirmək məqsədilə Azərbaycan Texniki Universitetinə daxil olmuş və ali təhsilini uğurla başa çatdırmışdır.

Gənc yaşlarından vətəninə bağlı olan Şəhriyar Əliyev üçün Azərbaycan bayrağı, torpağı hər şeydən üstün idi. Ali təhsilini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayaraq, Vətənə olan sevgisini əməli fəaliyyəti ilə sübut etmişdir. Xidmət etdiyi müddətdə vətənpərvərliyi, cəsarəti və nizam-intizamı ilə həm komandirlərinin, həm də silahdaşlarının dərin hörmətini qazanmışdır.

Qəhrəmanlıqla ucaldığı zirvə

2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkə ərazilərində yerləşən qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi məqsədilə 20 sentyabr tarixində lokal antiterror tədbirləri həyata keçirildi. Ağdərə istiqamətində baş verən şiddətli döyüşlərdə Şəhriyar Əliyev ön sıralarda vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərdi. O, son nəfəsinə qədər Vətənin keşiyində dayandı və şəhidlik zirvəsinə ucaldı.

Şəhriyar Əliyev gənc yaşında həyatının ən qiymətli sərvəti – canını Azərbaycan torpaqlarının bütövlüyü uğrunda fəda etdi. O, bir ömürlük qəhrəmanlıq dastanı yazaraq xalqımızın yaddaşına əbədi həkk olundu.

Əbədiyaşar xatirə

Şəhidimizin itkisi ailəsi, yaxınları və bütün Azərbaycan xalqı üçün ağırdır. Amma biz bilirik ki, qəhrəmanlarımızın qanı ilə suvarılan bu torpaqlar heç vaxt əldən getməyəcək. Şəhriyar Əliyev öz igidliyi ilə gələcək nəsillərə örnək oldu.

Onun xatirəsi daim ehtiramla yad ediləcək, adı Azərbaycan tarixində qızıl hərflərlə yazılacaq.

Allah rəhmət eləsin! Ruhun şad, məkanı cənnət olsun, igidimiz!

İmza:Pərvanə Salmanqızı

Top