Dostluq – insan həyatının ən qiymətli xəzinəsidir

Dostluq – insan həyatının ən qiymətli xəzinəsidir
30 iyul dünyanın hər yerində Dostluq Günü kimi qeyd olunur. Bu gün bizə xatırladır ki, dostluq yalnız bir söz deyil, həyatın ən dəyərli sərvətidir. İnsanın həyat yolunda qazandığı ən böyük zənginlik, maddiyyatdan üstün olan ən möhkəm dayaqlardan biri – sadiq dostdur.
> “Dost – bir ürəyin iki bədəndə yaşamasıdır.” – Aristotel
Həyat bəzən fırtınalı, bəzən çətinliklərlə dolu bir yol olur. Amma insanın yanında onu anlayan, çətin günündə əlindən tutan bir dost varsa, ən sərt tufanlar belə gücünü itirir. Dostluq – ürəklərin və düşüncələrin vəhdəti, qarşılıqlı hörmət və sevginin birgə yaratdığı ən möhtəşəm körpüdür.
> “Çətin gündə yanında olmayanı, xoş gündə yanında görmək təsadüfdür, dostluq deyil.”
Hər kəsin həyatında elə insanlar olur ki, onların varlığı belə insana güc verir. Sözə ehtiyac qalmadan səni anlayan, uğurlarına sevinən, acılarına şərik olan dost – əsl nemətdir. Amma bu nemətin dəyərini bilmək, ona sahib çıxmaq da bir məsuliyyətdir. Çünki dostluq sevgi, diqqət və etibar istər.
> “Dost çox ola bilər, amma sadiq dost az tapılar.” – Publilius Syrus
Dostluğu qorumaq üçün zaman ayırmaq, bir-birini dinləmək, güvəni sarsıtmamaq vacibdir. Çünki sadiq dost həyat yolunun işığı, dar gündə dayaq, sevinci bölüşdükcə böyüyən, dərdi paylaşdıqca azalan əsl xəzinədir.
> “Dost elə bir güzgüdür ki, sən öz qüsurlarını onda görürsən.” – Cəlaləddin Rumi
Bu gün bir anlıq dayanıb ətrafımıza baxaq: kimlər bizim gerçək dostlarımızdır? Kimlər varlığımızla sevinir, kimlər dar gündə yanımızda olur? Və biz kimlərin sadiq dostuyuq? Dostluq Günü bu sualların cavabını tapmaq, dostlarımızın dəyərini bir daha anlamaq üçün ən gözəl fürsətdir.
Bu gün ürəyinizdən keçən bütün xeyir-dualar dostlarınıza çatsın. Onları sevindirin, qəlblərində iz buraxın. Unutmayaq ki, dostluq yaşatdıqca möhkəmlənir, dəyərləndirdikcə böyüyür.
> “Əsl dostluq zamanla sınanır, sevgi ilə böyüyür, etibarla yaşayır.”
Dəyərli dostlarımız!
Allah hər birinizin ömrünə sağlamlıq, ailənizə ruzi-bərəkət, qəlbinizə aramlıq nəsib etsin. Sizlər dostluq adının ən gözəl təcəssümüsünüz. Gününüz sevinclə, ömrünüz gözəl dostlarla dolsun!
Dostluq Gününüz mübarək olsun!
İmza:Pərvanə Salmanqızı


