Lozan Barışı – Yeni Türk Dövlətinin Beynəlxalq Doğuluş Sənədi

Lozan Barışı – Yeni Türk Dövlətinin Beynəlxalq Doğuluş Sənədi
1923-cü il 24 iyulda imzalanan Lozan Barış Müqaviləsi, yalnız bir sənəd deyil, əsrin dönüş nöqtəsi, imperialist güclərə qarşı mübarizə apararaq qalib gələn bir xalqın hüquqi və siyasi zəfəri idi. Bu müqavilə ilə Türkiyə Cümhuriyyətinin beynəlxalq aləmdə suverenliyi rəsmi olaraq tanındı və Osmanlı İmperiyasının son qalığı olan Sevr müqaviləsi rədd edildi.
Lozan Müqaviləsinə aparan yol
Birinci Dünya Müharibəsinin ardından Osmanlı İmperiyası parçalanmış, 1920-ci il Sevr müqaviləsi ilə Türk torpaqları bölüşdürülmüşdü. Lakin Anadolu xalqı bu zülmə və ədalətsizliyə boyun əymədi. Mustafa Kamal Paşanın rəhbərliyində başlayan Milli Mücadilə (Qurtuluş Savaşı), yalnız hərbi deyil, siyasi meydanlarda da aparılan böyük bir mübarizə idi.
Türk ordusunun Qurtuluş Savaşında qazandığı zəfərlərdən sonra 1922-ci ildə İstanbuldan sultanlıq ləğv olundu və yeni bir dövr başlandı. Lozan konfransı bu yeni dövrün rəsmi açılışı idi.
Lozan Konfransı və Müqavilənin əsas bəndləri
İsveçrənin Lozan şəhərində baş tutan bu beynəlxalq konfransda Türkiyəni İsmət İnönü təmsil edirdi. İngiltərə, Fransa, İtaliya, Yunanıstan, Yaponiya və digər dövlətlər də tərəf olaraq iştirak edirdi. Danışıqlar 1922-ci ilin sonunda başlayıb, 1923-cü ilin iyulunda yekunlaşdı.
Müqavilənin əsas bəndləri bunlar idi:
Türkiyənin sərhədləri rəsmən tanındı. Şərqdə Sovetlərlə, qərbdə Yunanıstanla, cənubda Fransa ilə olan sərhədlər müəyyənləşdi.
Sevr müqaviləsi rəsmən ləğv edildi.
Kapitulyasiyalar tamamilə ləğv olundu – bu, Türkiyənin iqtisadi müstəqilliyi üçün vacib idi.
Boğazlar rejimi beynəlxalq komissiyanın nəzarətində olsa da, Türkiyənin suverenliyi tanındı (bu məsələ sonradan 1936-cı ildə Montrö Müqaviləsi ilə Türkiyənin xeyrinə dəyişdirildi).
Azlıqların hüquqları, xüsusən də Rum və erməni azlıqlarının statusu müəyyən olundu.
Kipr, Rodos və 12 ada Türkiyənin nəzarətindən çıxdı.
Osmanlı borcları bölüşdürüldü.
Lozan – Qələbəmi, yoxsa kompromis?
Lozan Müqaviləsi təkcə siyasi deyil, həm də ideoloji bir dönüş nöqtəsidir. Bəzi tarixçilər müqaviləni “qələbə ilə nəticələnmiş diplomatik razılaşma” kimi qəbul etsə də, müəyyən güzəştlərin edildiyini də inkar etmirlər. Lakin bu güzəştlər Türkiyənin müstəqilliyini və suverenliyini qorumaq naminə edilmiş balanslı addımlar idi.
Lozanın tarixi və ideoloji əhəmiyyəti
Lozan Müqaviləsi ilə Türkiyə, qərbin “xəstə adam” adlandırdığı Osmanlıdan qurtularaq, müstəqil və hüquqi bir dövlət olduğunu sübut etdi. Bu müqavilə, təkcə bir hüquqi sənəd deyil, həm də Mustafa Kamal Atatürkün liderliyində xalqın azadlıq və müstəqillik uğrunda apardığı müqəddəs savaşın beynəlxalq təsdiqidir.
Nəticə olaraq
Lozan Barış Müqaviləsi – keçmişin qaranlığından, gələcəyin aydınlığına açılan tarixi bir qapı oldu. Bu müqavilə ilə Türk milləti öz torpağında, öz taleyini özü təyin edən bir dövlət kimi tanındı.
Lozan – zəfərin diplomatik möhürü, bir millətin dirçəliş sənədidir.
İmza:Pərvanə Salmanqızı


