İçimdəki ağrıları söyləməyə, dəniz… Yenə sənə gəldim…

İçimdəki ağrıları söyləməyə, dəniz…
Yenə sənə gəldim
Susqunluğumun sığala çevrildiyi, ləpələrinin dinclik pıçıldadığı anlarda, səssizcə içimi tökməyə gəldim sənə. Hər dalğanda bir nəfəs, hər səssizliyində bir sirr var. Mən o sirrə sığınıb, yox olmaq istədim… Ağrılarımı suya danışdım, dəniz… Onlar qayıtmasın deyə ləpələrin aparsın istədim.
Sənin sahilində unuduram səs-küyü, dünyanın hay-küyünü, içimin qopan fırtınalarını. Bu gün də gəldim…
İtib gedən suyun pıçıltısında oyanan eşqimə, yandıran xatirəmə, səssiz göz yaşlarıma gəldim…
Sən dinləyən tək varlıqsan, dəniz…
Nə qınadın, nə sorğuladın… sadəcə dinlədin…
Mən danışdıqca sanki sən göz yaşlarımı öz ləpələrinlə silirdin.
Sənə gəldim, çünki içimdə daşıdıqlarımı heç kim anlamadı.
Sənə gəldim, çünki susmaq artıq ağrıdır…
Sənə gəldim, çünki eşqimin səsi ancaq sənin sularında əks-səda verir…
Bəlkə də bu yazımı da sularına qatarsan…
Və bəlkə bir gün sən də unudarsan mənim kimi içində nə qədər göz yaşı daşıdığını…
İmza:Pərvanə Salmanqızı


