SÖZÜMÜZÜN GÜCÜ
Milli Mətbuatımızın 150 illik yubileyinə
Hələ Vətən müharibəsinin ilk günlərində həyəcanımı Azərbaycanda fəaliyyət göstərən KİV-lərə xitabən statusumda cəbhəyə heç olmazsa jurnalist kimi yollanmaq istəyimlə ifadə etmişdim. Bildirmişdim ki, mühüm bir güc strukturunda xidmət keçmiş hərbi staja malik polkovnik rütbəli zabit, ciddi mətbuat orqanlarında çalışmış jurnalist kimi hərbi jurnalistikanın sirlərinə bələdəm və təmənnasız olaraq öz kameramla, öz qələmimlə, öz maşınımda ən qaynar döyüş bölgələrində çəkilişlər aparmağa, reportajlar hazırlamağa, milli ordumuzun müzəffər yürüşünü işıqlandırmağa hazıram.
Nə gizlədim, o statusu paylaşanda mənə elə gəlmişdi ki, hazırki mətbuatımızda bu işi ən yaxşı bacaracaq azsaylı jurnalistlərdən biriyəm və qazanılacaq qələbəni vəsf etmək şansını itirmək istəmirdim.
Çox keçmədi ki, bir az inanmadığım, hərbi təcrübələrinə şübhəm olan həmin televiziya kanallları məni mavi ekranların əsirinə çevirdi, yalnız şoumenləri təbliğ etməkdə suçlandırılan mətbu orqanlar cəbhədən yaydıqları isti-isti xoş soraqlarla gözümüzün sevinc yaşlarını axıtdı, qürurumuzu yüksəldən informasiyaları peşəkar jurnalist qələmində xalqa çatdırdılar. Beləcə, qısa bir zaman kəsiyində Azərbaycanın DÖYÜŞKƏN MƏTBUATı formalaşdı.
Əslinə qalanda o mətbuat əvvəllər də olub. Təkcə “Səhər” qəzetinin yaradıcı kollektivini, bu mətbuat orqanında çalışanların və yaxud heç bu qəzetə aidiyyatı olmayan jurnalist və qeyri-jurnalistlərin ən qaynar nöqtələrdən isti-isti xəbərləri oxuculara çatdırması o dövr üçün hadisə idi. Nədənsə, mətbuatımızın qızıl səhifəsi olan 1990-cı illər “Azərbaycan” (əvvəl Qarabağa Xalq Yardımı Komitəsinin, sonra Milli Məclisin orqanı olan hər iki qəzet) “Azadlıq”, “Aydınlıq”, “Meydan” və digər mətbu orqanların fədakar müxbirləri barədə hələki ciddi bir söz deyildiyini eşitməmişəm.
Başında “başı papaqlı” nazirin dayandığı “Xalq ordusu” qəzetinin taleyi nazirin aqibətindən və onun müavindən də vacib “X” xanımının şıltaq istəklərindən asılı idi. Ancaq bu amil, sırasında çağdaş Azərbaycan hərbi mətbuatının simaları olan, bəzən erməni gülləsinə, ondan da betər və sarsıdıcı baş redaktorun qoçu jestlərinə baxmayaraq vəzifə borclarını ləyaqətlə yerinə yetirən jurnalistlərin fəaliyyətini kölgə altına almamalıdır.
…Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azad Azərbaycan” qəzetində məsul katib idim. İşğal xəbərlərinin komitə sədri dağ boyda Bayram Bayramovu günü-gündən həm cismən, həm də mənən necə əritdiyini görürdüm. Həmişə otağına girəndə qələmi ilə kağızlar arasında çarpışan böyük yazıçının hər acı xəbərdən sonra başını ovcunun içində gizlədib dəqiqələrlə sükuta daldığının şahidi olmuşam. Qəzetin baş redaktoru, gözəl şeirlər müəllifi, Laçının laçın oğlu Malik Fərruxla yazıların mövzu və məzmun üzrə çox səmimi və yaradıcı müzakirələrimiz çinar qamətli şairimizin doğma yurd-yuva haqqında bəd xəbərləri alanadək davam etdi. Ondan sonra yazılar və səhifələrin maketi ilə bağlı nə deyirdimsə, hiss edirdim ki, Malik Fərruxa yalnız səsim çatır. Dediklərim ona Laçın dərd-sərindən vacib görünmürdü və o yalnız kədərli gözlərini gizlətməklə başını aşağı salıb sadəcə təsdiqləyirdi. Malik Fərruxu da Laçın dərdi o dünyaya qovuşdurdu. Torpaqlarımızın işğalı komitə sədrinin müavini, bu gün xalq artisti Nurəddin Mehdixanlının gülər üzünə ilk kədər cizgilərini çəkdi, saçlarına ilk dən də elə o vaxtdan qondu. O vaxt gənc jurnalist kimi ilk addımlarını atan Qulu Ağsəsin bu günki uğurlarına nə qədər sevinsəm də, Ağdam kəndlərinin işğal olunması və 6 min şəhid vermiş Ağdamın hərbçi, mülki adamları ilə ermənilərin xüsusi amansızlığından puçurlanan kədər notları hələ də gözümün qabağından getmir. Kimisə unuda bilərəm deyə, hərb tariximizə ən yaxşı töhfələrini vermiş jurnalistlərimizin, video operatorlarımızın, fotoqraflarımızın adlarını bir-bir çəkmək istəmirəm. Hər halda, o materiallar təbliğat vasitəsi kimi öz işini görüb, bundan sonra da istifadə olunacağı zamanın işidir. Televiziya və radio, qəzet və jurnallar cəbhədən gələn xəbərlərlə həm də millətimin göz dağına, bir yaradıcı insanın ürəyində düyün-düyün ağrılara çevrilirdi və….
Azərbaycan ikinci dəfə müstəqilliyini qazananda bizə doğma olan sərhəd qoşunları da formalaşmağa başladı. Yeni yaradılmış “Sərhəd” qəzetinin məsul katibi vəzifəsinə hamımızın “Hünər” verilişindən yaxşı tanıdığımız baş redaktor şair Ramiz Duyğun tərəfindən dəvət aldım. Tam məsuliyyətimlə deyə bilərəm ki, dövlət sərhədlərimizin yadellilərdən təhvil-təslim prosesində və möhkəmlənməsində, gənclərin sərhədçi peşəsinə yiyələnməsində və əsgəri fəaliyyətdə fərqlənmələrində, hərbi nizam-intizama uyğun olaraq xidmətin qurulmasında bu sahədə əsil fədakarlıq göstərən peşəkar milli zabitlərimizlə yanaşı “Sərhəd”çi müxbirlərimizin də əməyi az olmayıb. Jurnalistikadan hərbi həyata qatılan yazıçı, şair əməkdaşlar – Elşad İsayev (Qoca), İlqar Quliyev, Lətif Şüküroğlu, İbrahim, Rüstəmli, Qardaşxan Əzizxanlı, İbrahim Rüstəmli, xanım jurnalistlər Xatirə Tağıyeva, Zərif Cəfərova və digərləri sonradan da hərbi mətbuatımızda jurnalist, yazıçı, şair, hətta alim kimi iz qoya bildilər. Şair Ramiz Duyğunun redaktorluğu ilə ezamiyyətlərə yollanıb materiallar hazırlamaqla bərabər, həm də ilk sərhəd qurucularına çevrildilər.
Daxili Qoşunların “Əsgər” qəzeti (Təranə xanıma min rəhmət), Daxili İşlər Nazirliyinin “Polis”, “Mübariz keşikdə” qəzetləri milli hərbi jurnalistikamızın unudulmaz səhifələrini şəhərin axarlı-baxarlı küçələrində deyil, məhz cəbhə bölgələrində yaratdılar. Bu mətbu orqanlarda onlarla savadlı, həm də cəsarətli jurnalist kadr yetişdi, ixtisaslı peşə sahibləri kimi püxtələşdilər, dövlətə, vətənə, xalqa ləyaqətlə xidmət etdilər.
….İkinci Qarabağ savaşında yenə nəzərlər televiziya ekranlarına zilləndi, qulaqlar radio efirlərinə dikildi, gözlər saytlarda, qəzet və jurnallarda yeni olan nə varsa ilk şahid durmaq və tez-tələsik paylaşmaq həvəsində oldu. QƏLƏBƏ SEVİNCLİ xəbərlər bizi ağuşuna aldı.
Vətən müharibəsində ilk növbədə ölkənin siyasi rəhbərliyinin xalqımızın monolit birliyinə nail olması, ordu quruculuğuna sərf olunan maddiyyatın və zehniyyatın bir hədəfə tuşlanması, nəhayət sözsüz ki, igid oğullarımızın şücaət və fədakarlıqları müzəffər yürüşümüzün təməlində duran başlıca amillərdir. Elə ilk günlərdən hələ qələbə soraqları eşidilənədək də hamı cəbhəyə can atırdı. On minlərlə gənc və yaşlı nəslin nümayəndələri hərbi komissarlıqlar qarşısında izdiham yaratmışdılar. Birinci Qarabağ savaşının veteranları, qazilər… məktəblilər belə ordumuz üçün nə isə etməyə çalışırdılar. Və sözsüz ki, mətbuat işçiləri də! 27 sentyabradək müəyyən şəxslərin ixtiyarında olan bəziləri ən baxımsız kanallarda, internet şəbəkələrdə, qəzetlərdə lüzumsuz, qalmaqallı, etikadan kənar, nə bilim, jurnalistikaya yaraşmayan metodlarla sözümüzü və zövqümüzü korlayırdılarsa, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra hamı bir yumruq altında birləşməyi, bütövlükdə həm də söz həmləmizlə düşməni yerində oturtmağı bacardıq. Bu zəfərin xalqımıza, dövlətimizə, millətimizə nələr bəxş etdiyi hələ çox-çox sonralar, şəhidlərimizə tökülən acı göz yaşlarıı yanaqlarımızda quruduqca, qazilərimizin yaraları sağaldıqca daha aydın görünəcək. Bəli, sinəmizə çəkilən yaralar dərindir. Ancaq bu dərin yaraların məlhəmi doğma el-oba, böyüyüb boya-başa çatdığımız torpaqlar, ətrindən doymadığımız o laləzar çəmənlər, dağlar, düzlər, şırıltılı çaylar, qaynar bulaqlardır.
Döyüşkən mətbuatı vəsf edib söyüşkən mətbuatın bəzən peşəyə və peşəkarlığa, bəzən milli dəyərlərə, bəzən də hüquqa və qanuna zidd əməllərinə göz yummaq olmur. Əsasən xarici havadarlarından ruhlanan, qismən də səbatsızlıqdan və savadsızlıqdan yolunu azan bu cür üzdəniraqlar “Azərbaycan”, “Respublika”, “Xalq”, “525-ci qəzet”, “Şərq”, “İki sahil” kimi rəsmi və qeyri-rəsmi, “Bütöv Azərbaycan”, “İsmayıllı xəbərləri”, “Xudafərin”, “Zəngilanın səsi”, “Kredo” və digər aztirajlı rayon və sahə mətbu orqanlarından layiqli cavablarını aldılar. Ürəyindən keçənləri paylaşmaq istəyən oxucular həm də ən azı özləri qədər vicdanlı qələm adamlarının oxucusuna çevrildilər.
Bu savaş bizdə həm də qeyrətli bir mətbuat yetişdirdi. Cəbhə bölgəsində həyatını riskə ataraq ən qaynar nöqtələrdən, mənfur və gücsüz düşmənin mülki əhaliyə mərmi yağışları altında peşəkarcasına süjetlər hazırlayan hərbi müxbirlər, operatorlar o xəbərləri isti-isti birbaşa bizim evimizə ötürə bildilər. Fədakar, cəsarətli, şad xəbərlərdən mavi ekrandaca şaşırıb qalan, hətta sevincdən göz yaşlarını saxlaya bilməyən, çox təbii və səmimi surətdə seyrçini həyəcanlandıran aparıcılarımızdan günü bu gün də nə isə maraqlı jestlər, ürəyimizdən tikan çıxaracaq ifadələr, bütün səmimiyyəti ilə ruhumuzu coşduracaq məqamlar gözləyirik. Vətən müharibəsi və sonrakı dövrlərdə sevinc hisslərini bizə yaşadan KİV nümayəndələrinin fəallığı, hər birinin özünəməxsus yaradıcılıq tərzi ürəkləri riqqətə gətirdi.
Əlbəttə, o günlərdə böyük şücaətlər göstərərək qızğın döyüş bölgələrindən isti-isti xəbərlər çatdıran jurnalistlərimizə alqışlar sonsuzdur. Onları biz həmişə görürdük və xəbərlərini izləməklə bərabər, həm də dualarımızı əksik etmirdik. Bir daha, kimisə unuda biləcəyimdən ehtiyatlanaraq cəsur mətbuat nümayəndələrimizin adlarını bir-bir çəkmədən, televiziya kanallarımızda bizə ən xoş duyğuları yaşadan bir çox anları xatırlamadan hamısına bir seyrçi, dinlərici, oxucu, hərbi jurnalist kimi “var olun!” demək istəyi ürəyimdən keçir.
Hərbi jurnalistikamız, özünü bu sahəyə həsr etmiş mətbuat işçilərimiz öz sözünü deməyi bacardı. Özü də şərəflə və ləyaqətlə! Bizə qələbə yaraşır!




