Weather Data Source: havadurumuuzun.com

Təranə Dəmir şeirini mənə yaşatdıqları

ŞEİRİN RUHUNDAK RİTM QƏLBİN POETİK FƏHMİDİR
Təranə Dəmir şeirini mənə yaşatdıqları

Ölkənin tanınmış, ondan yuxarı akademikinin, onlarla xalq şairi və yazıçısının, eləcədə dövlətin müxtəlif mükafatlarına layiq görülmüş hörmətli jurnalist və mədəniyyət işçilərinin dəyərləndirdiyi, haqqında yüksək fikirlər söylədiyi, gözəl şairimiz, hüquq elmi üzrə elmlər namizədi Raqif Nazimoğlunun, bu yaxınlarda, dostyana mənim haqqımda yazdığı təhlil yazısında belə bir cümlə vardı.

  • “Poeziya da axıcı musiqi kimi olmalıdır – əslində, isə belədir. Biz şeir deyərkən və ya dinləyərkən bunu hiss edirik…
    Şeirin ruhundakı ritm qəlbin poetik fəhmidir; fikri oxucuya gərək elə çatdırasan ki, onun duyğu qatarında həm sakitlik hökm sürsün, həm də təlatüm…”
    Bu gün səhər fb səhifəsinə baxanda, dəyərli şairimiz Təranə Dəmirin “TANIMADI GÜZGÜ MƏNİ” şeiri qarşıma çıxdı. Şeiri oxuduqca Raqif Nazimoğlunun söylədiyi, istinad etdiyim yuxarıdakı fikir düşüncəmə hakim kəsildi. Başa düşdüm ki, Raqif müəllim çox doğru deyirmiş ;- “şeirdəki ritim, şair qəlbinin poetik fəhmidir”. Şeir, məni öz ovsununa elə saldı ki, ani düşündüm ki, yəqin Raqif müəllim bu fikirləri gözəl şairimiz Təranə Dəmir yaradıcılığında məhz bu şeir üçün söyləyib. Şair duyğusunun qatında sakitliklə təlatümü gördüm. Bəndi yenidən təkrar bir də oxudum. Nə qədər gözəl, gözəl olduğu qədər də, təlatümlü poetik bir duyğu hissi.
    Şair Təranə Dəmir, hər bir insanın güzgü qarşısında öz hiss duyğusunun əsrinə necə çevrildiyini obrazlı şəkildə oxucusuna ritmik, özüdə poetik dillə möhtəşəm çatdırıb.

Baxıb saçımın ağına
Məni qoymadı yaxına,
Keçdim soluna ,sağına,
Tanımadı güzgü məni.

Bir insan hissin poetik çalarlarını bu qədər gözəl və orjinal çatdırılması, həmin insan duyğusundan süzülüb gələn sözlər güzgü qarşısında necədə gözəl cilallanırmış İlahi…

Güldü üstümə , başıma ,
Gəlmədim deyən xoşuna ,
Tutdu tənə yağışına ,
Tanımadı güzgü məni.

Doğurdanda dəyişən görkəm, cansız güzgünün tənə ilə “dodaq büzüb” hər gün onu seyr edəni tanımaması, şair duyğusunun güzgü qarşısında fikir qənaətidir, amma süprüz qənaətdir.

Düşmədi üzüm yadına ,
Söhbətim, sözüm yadına ,
Oxşatdı hansı qadına ?
Tanımadı güzgü məni.

Güzgü qarşısında dayanan insanın özünü necə süzməsini, xəyalında canlandırdığı keçmiş və gələcəyi xatirəsinə qapılıb qaldı.

Məni sual -sual süzdü ,
Məni xəyal -xəyal süzdü ,
Mən danışdım , güzgü susdu ,
Tanımadı güzgü məni .

Şeirin hər sözündə, sətrində görünən məna yükü çox düşündürücüdür. Sanki insan xəyalının göz önünə gətirdiyi xatirələrdın süzülüb gələn poetik fikirləri şair öz rənglərinə uyğun düzür. Öz fikirini şair poetik çalarlara belə çevirir.

Yatmışdı, gəldim oyatdım ,
Ağladım, güldüm, oyatdım ,
Yaz getdim, payız qayıtdım ,
Tanımadı güzgü məni.

Güzgü, insan fizalojiyasında yaranan bir ehtiyacdır. O ehtiyacı hər bir məqam, səhər, axşam, gecə, gündüz evdən çıxanda, evə gələndə bu ehtiyacından asılılığın insan özündən aslı olmayaraq büruzə verir. Amma, gözəl şairimiz bu hissi, duyğunu elə gözəl obrazlı şəkildə çatdırır ki, doğrusu bunu bir şeir parçası kimi oxuyub yanından keçə bilmədim. Nə dərəcə hissimi, duyğumu bu şeir üzərindəki hiss və duyğuya kökləyə bilmişəm, bilmirəm, sadəcə, şeir məni öz ovqatında bu cür düşündürdü…
Bu həyatın xəyali aksiomudur. – “Tanımadı güzgü məni…”
P. S. Gözəl şairimiz Təranə Dəmir yaradıcılığı bir oxucu kimi hər dəfə məni düşündürür. Bir-birindən gözəl şeirlər müəllifi olan şairimizə, kiçicik bu yazım ilə, sağlam can sağlığı, uzun ömür, sevincli günlər və yaradıcılıq uğurları arzulayıram. Allah qorusun sizi gözəl şairimiz…

Müəllif: Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü

Top