“Murov Qartalı” – Raquf Orucovun Əbədi Ucalığına…

“Murov Qartalı” – Raquf Orucovun Əbədi Ucalığına…
12 iyul… Bu tarix bir əfsanənin doğumudur. Bu tarix, Vətən torpağına sədaqət andı içmiş, sinəsini dağlara sipər etmiş, ruhu ilə zirvələrə yüksəlmiş polkovnik-leytenant Raquf Orucovun – “Murov Qartalı”nın dünyaya göz açdığı gündür. O, sadəcə bir hərbçi deyildi. O, Vətən dediyimiz uca anlayışın simvoluna çevrilmiş, bir əsgərin, bir oğulun, bir komandanın timsalında bütöv bir xalqın qüruruna dönmüşdü.
Raquf Orucov Aprel döyüşlərinin sarsılmaz sütunu, ruhumuzu titrədən qələbə eşqinin qəhrəmanı idi. Onun adı təkcə ordunun deyil, xalqın da yaddaşına şərəf, igidlik və mərdliklə yazıldı. O, Murov dağlarında addımbaşı şəhid yoldaşlarının xatirəsini yaşadan, hər daşı Vətənə çevrilmiş torpaqları öz nəfəsi ilə qoruyan bir igid idi.
Aprel döyüşləri zamanı onun göstərdiyi şücaət sadəcə hərbi strategiya deyildi – bu, ruhun, inamın və məğrurluğun zirvəyə qalxması idi. Hər bir əsgərinə ata nəvazişi ilə yanaşan, bir komandan kimi deyil, bir Vətən övladı kimi yol göstərən Raquf Orucov şəhidliyi ilə əbədiyyətə qovuşdu.
Onun şəhidliyi bir son deyil, əksinə, bir başlanğıcdır – vətənsevər gənclərin ruhunda yanacaq olan bir məşəldir. O, bizə öyrətdi ki, “Vətən sevdası yaşamaqla deyil, yaşatmaqladır!”
Raquf Orucovun adı bu xalqın yaddaşında əbədi həkk olundu. Murov zirvələrinin hər çağırışı onun əzmini, onun ruhunu bizə xatırladır. O, bir ömrü Vətən yolunda fəda etdi, amma özündən sonra ucalıq qoydu, iz qoydu, igidlik qoydu…
Bu gün doğum günündə onu anmaq – sadəcə bir şəhidimizi xatırlamaq deyil, bir millətin qüruruna baş əyməkdir. Raquf Orucovun ruhu qarşısında ehtiramla…
Yaşasın Raquf Orucovun əziz xatirəsi!
Yaşasın “Murov Qartalı”nın qürur yolu!
Pərvanə Salmanqızı


