“Qəhrəmanlar ölməz, Vətən bölünməz!”

“Qəhrəmanlar ölməz, Vətən bölünməz!”
14 iyul… Azərbaycanın tarix yaddaşında qanla, qeyrətlə yazılmış bir gün… Bu gün, General-mayor Polad Həşimovun Vətən uğrunda canından keçdiyi gündür. O, sadəcə bir hərbçi deyildi. O, Vətən deyəndə gözləri işıqlanan, torpağı uğrunda ölümə gedəcək qədər cəsur bir oğul, milyonların qəlbində iz buraxan əsl xalq qəhrəmanı idi.
Şəhid Polad Həşimovun adını daşıyan bu tarix, Azərbaycan xalqının yaddaşında qürurun, kədərin və dirənişin simvoluna çevrilib. O, həyatını vətəninə həsr etdi, ölümündən sonra da minlərlə gəncin ruhunda Vətən sevgisi oyatdı. O, “qorxma, mən burdayam” deyə-deyə ön cəbhəyə gedən bir komandan, əsgəri ilə çiyin-çiyinə döyüşən əsl sərkərdə idi.
Polad Həşimov şəhadəti ilə bir millətin ruhunu oyatdı. Onun qəhrəmancasına həlak olması, illərlə susdurulmuş xalqın içindəki qürur vulkanını oyatdı. Həmin gündən etibarən Azərbaycan xalqı bir daha bildi: Bu Vətən övladlarını tanıyır, tanıdır və əbədi yaşadır.
Polad Həşimovun adı bu millətin şərəf kitabında qızıl hərflərlə yazılıb. O, şəhid oldu, amma ruhu bu torpağın hər qarışında yaşayır – Tovuzun dağlarında, Bakının küçələrində, xalqın dualarında…
Vətən səni unutmadı, General Polad Həşimov!
Sən getmədin, əksinə – bir millətin ürəyində əbədiyyət qazandın!
—
“Polad Komandir deyil, Polad Ata idi…”
Pərvanə Salmanqızı
Polad Həşimov sıravi bir general deyildi. Onun general rütbəsinin arxasında insanlıq, mərhəmət, əsl əsgər dostluğu, ata qayğısı dururdu. Əsgərlərinə quru əmrlər vermədi, onların halını soruşdu, dərdini dinlədi, xəstəsinə dərman, ehtiyacı olana dəstək oldu. O, hər əsgərin yanında komandir yox, bir ata, bir sirdaş idi.
Əsgərlər deyirdi:
“O, bizimlə çörəyini bölürdü, dərdimizi bölüşürdü. Təkcə döyüş meydanında yox, ürəyimizdə də bizimləydi…”
Polad Həşimov əsgərinin paltarına, ayaqqabısına, yeməyinə belə diqqət yetirirdi. Onun üçün əsgər yalnız əmr alan biri deyildi — Vətənin oğluydu, ananın əmanətiydi, millətin sabahıydı. O, bu əmanətə komandir gözü ilə deyil, ata nəvazişi ilə baxırdı.
Bəlkə də bu səbəbdən əsgərləri onu “Polad Komandir” yox, “Polad Ata” deyə yad edir.
Çünki o, Vətənə təkcə döyüşlə yox, sevgisi ilə də xidmət edirdi.
—
Polad Həşimovun şəhadəti, təkcə bir generalın itkisi deyildi — bu, bir millətin oyanışı, bir xalqın yaddaşına həkk olunmuş sarsıdıcı və eyni zamanda qürurverici bir çağırış idi. O, ölümünü bir ömürlük dərsə çevirdi — dərs kimi öyrətdi ki, Vətən yolunda qorxmadan yaşamaq da, ləyaqətlə ölmək də mümkündür.
Onun şəhidliyi ilə bir millət başını dik tutmağı, göz yaşları içində də qürur hissi yaşamağı öyrəndi. Çünki Polad Həşimov şəhid olaraq sübut etdi ki, igidlər ölmür — onlar vətənin damarlarında qan kimi axır, adları zamanın içində ucalır.
Elə buna görədir ki, bu gün hər bir Azərbaycan əsgəri “Polad kimi olmaq” deyimini şərəf rəmzi sayır. Onun adı döyüş ruhuna çevrilib. O, səngərdə əsgərin dilində, məktəbdə şagirdin inşasında, ananın duasında, şəhid məzarının başında bir and kimi səslənir.
Şəhid general əbədi olaraq bir simvoldur — dürüstlüyün, sadiqliyin, qorxmazlığın və ən başlıcası, Vətənə sevginin simvolu. Onun ömrü bizə öyrətdi ki, torpaq üstündə addımlamaqla deyil, uğrunda can verməklə Vətən olunur.
Ona görə də biz deyirik:
“Polad Həşimovlar bitməz bu xalqda,
Onların adı silinməz yaddaşda.
Bir general getdi – bir millət oyandı,
Şəhidlik zirvəsinə bir bayraq sancdı!”
Hörmət və böyük etiramla;
Pərvanə Salmanqızı


