VƏTƏNƏ VƏ BAYRAĞA DƏRİN SEVGİ

VƏTƏNƏ VƏ BAYRAĞA DƏRİN SEVGİ
Vətən – insanın ilk nəfəsini aldığı, ayaq basdığı torpaqdır. Vətən – bir ananın laylası, bir atanın duası, bir nənənin təpəgöz nağılı, bir babanın əsgər xatirəsidir. Mənim üçün isə Vətən – ruhumun nəfəs aldığı müqəddəs bir ünvan, damarlarımda axan hər damla qanın vətənə sədaqət andıdır.
Bayraq – bir millətin kimliyidir. Bayraq – göz yaşları ilə toxunmuş bir tarix, şəhid qanı ilə rənglənmiş bir hekayədir. Mənim üçün bayraq yalnız bir parça deyil – o, göylərə ucaldıqca sinəmi qürurla dolduran ruhumun simvoludur. Hər əsən yelində şəhid analarının fəryadı, hər qıvrımında igid oğullarımızın müqəddəs andı var.
Vətənim Azərbaycan – sənsiz heç bir sözüm kamil deyil, sənsiz heç bir yazım tamam deyil. Mən sənin hər dağında bir qürur, hər çayında bir ümid, hər kəndində, hər şəhərində bir ömür yaşayaram. Hər dəfə üçrəngli bayrağımızın dalğalandığını görəndə qəlbimdə vətənə sonsuz sədaqətimin alovu yanır.
Bayraq – sənin mavi rəngin azad səmanı, yaşılın doğma torpağımı, qırmızın isə qəhrəmanlarımızın canı ilə yazdığı tarixi göstərir. Ayınla, ulduzunla, parlaq izlərinlə mənə yol göstərirsən, ey bayrağım! Sən əsdikcə mənim ruhum dirçəlir, sən yüksəldikcə mən özümü ucalarda hiss edirəm.
Mən Pərvanə Salmanqızı – bu torpağın övladı, bu bayrağın sevdalısı olaraq hər sözümə VƏTƏN deyirəm, hər yazıma BAYRAQ toxuyuram. Bu sevgini qəlbimdə daşımaq şərəf, dilimdə ifadə etmək müqəddəs borcdur. Vətənim var olsun, bayrağım daim ucalarda dalğalansın!
İmza:Pərvanə Salmanqızı


