DÜNYA ƏLƏNİR – HAQQ VƏ ƏDALƏT BƏRQƏRAR OLUR

DÜNYA ƏLƏNİR – HAQQ VƏ ƏDALƏT BƏRQƏRAR OLUR
Zamanın elə bir dönəminə çatmışıq ki, dünya sanki görünməz bir ələkdən keçirilir. Qaranlıqla işıq, yalanla həqiqət, zəiflə güclü, zalımla məzlum bu ələkdə ayrılır. Artıq illərlə yığılan sükut, gizlədilən haqsızlıq, üstü örtülən vicdansızlıq bu ələkdə un kimi sovrulur və yalnız bir həqiqət qalır: Haqq və ədalət!
Bəli, dünya ələnir…
Əyri yollarda olanlar bir-bir ifşa olunur, haqqı əzənlərin səltənəti çökür. Susan dillər açılır, sındırılan vicdanlar yenidən dirçəlir. Artıq zaman qaranlığı deyil, işığı seçmək zamanıdır. Zaman – haqqın yerini tapdığı, ədalətin qapıları taybatay açıldığı zamandır.
Haqq heç vaxt itib batmaz, sadəcə səbir tələb edər. Bəzən zamanın özündə gizlənər, bəzən insanın özündə. Lakin axırda o, mütləq üzə çıxar. Çünki haqqın təbiətində nur var, ədalətin mahiyyətində isə tarazlıq. Hər bir zalımın hökmü fani, amma bir məzlumun ahı əbədi iz buraxar.
İnsan ruhu da bu ələkdən keçir. Kimisi içindəki qaranlığı gizlədə bilmir, kimisi nurunu göz yaşıyla yuyaraq daha da parlaşdırır. Allahın nizamı incədir, amma mütləqdir. Və bu nizamda hər şeyin cavabı var – bir göz yaşının da, bir susqunluğun da…
Dünya ələnir, dostum…
Və bu ələnmənin sonunda nə qədər maska varsa düşəcək, nə qədər yalan varsa susacaq. Yalnız haqqla yaşayanlar, ədalətlə nəfəs alanlar bu ələkdən sap kimi çıxacaq. Yalanın kölgəsində qurulan heç bir taxt qalmayacaq, çünki zaman – Allahın tərəzisidir.
Bu gün kim hansı tərəfdə dayanırsa, sabah nəticəsini də görəcək. Haqq gec gələr, amma qəti gələr. Və nə xoş o insanlara ki, bu çətin zamanda haqqın yanında, ədalətin səsindədir.
Ələklənən dünyada – təmiz qalanlar qalacaq. Onlar ki, nə bir könül qırdılar, nə bir qəlbi incitdilər… Onlar ki, gecənin qaranlığında da vicdan çırağını söndürmədilər. Məhz onlar – sabahın işığını yandıracaq olanlardır.
İmza:Pərvanə Salmanqızı


