“Axışı dəyişdirə bilmirsənsə, baxışı dəyiş!”

“Axışı dəyişdirə bilmirsənsə, baxışı dəyiş!”
Bəzən həyat elə axır ki, nə qədər çalışsaq da, nəyisə dəyişmək mümkün olmur. Qapılar bağlanar, yollar dolanar, insanlar dəyişər, vəziyyətlər bizdən asılı olmadan formalaşar. Elə anlar var ki, o axışı dəyişmək əlimizdə deyil. Ancaq unutma: baxışımızı dəyişmək hər zaman öz əlimizdədir!
Çünki baxış dəyişəndə, dünya dəyişir. Eyni hadisəyə fərqli gözlə baxanda, dərs görərsən, fürsət görərsən, hətta içində gizlənmiş gücü kəşf edərsən. Dəyişməyən axın içində boğulmaq əvəzinə, ona uyğun üzməyi öyrənmək, axına qarşı deyil, axınla birlikdə öz yolunu tapmaq həyatın incə sənətidir.
İçindən keçdiyin hər çətinlik bir məktəbdir. Baxışın, bu məktəbin sənin üçün yazdığı dərsi oxumağa kömək edər. Hər son bir başlanğıcdır, hər çətinlik bir çağırışdır, hər göz yaşının arxasında bir işıq var. O işığı görmək üçün sadəcə yönü dəyişmək kifayətdir.
Unutma dostum, bəzən öz həyatımızın axarını dəyişə bilmərik. Amma o axarı niyə, necə və nə üçün yaşadığımızı anlamamız, bizi güclü, ayıq və ilahi hikmətə açıq edər.
Axışı dəyişdirə bilmirsənsə, baxışı dəyiş…
Və gör necə dəyişir hər şey… içində, ətrafında və gələcəyində…
Sevgi ilə düşünən və yazan:
Pərvanə Salmanqızı