Aliyə Cavanşir – HƏYATI SEVDİRƏN İNSAN

HƏYATI SEVDİRƏN İNSAN
Elə bir dövrə gəlib çatmışıq, maddi-mənəvi yükümüz o qədər artıb, başımız gündəlik qayğılarımıza elə qarışıb ki, azacıq asudə vaxt tapanda gözümüz bir gülərüz sima, qulağımız bir xoş söz axtarır. Yaxşı ki, ətrafımızda belələri az da olsa var.
“Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli deyəndə ki, Yaqut Bahadurqızının yubileyinə jurnal hazırlamalıyıq, çox sevindim.
Yaqut xanımın adı gələndə ixtiyarsız üzüm gülür, xəyalımda xoş xatirələr canlanır…
İlk dəfə “Elm və həyat” jurnalında işləyəndə tanış olmuşuq. Bir neçə kitabının dizayn-tərtibat işini görmüşəm. Çox səmimi, mehriban, gülərüz, qayğıkeş, istiqanlı, bir az da saflığından irəli gələn, ona xüsusilə yaraşan şıltaq bir xanımdı. İlk görüşdəncə elə tez qaynayıb-qarışırsan, bütün problemlərini unudursan. Ayrılanda da uzun zaman o görüşün təsiri altında olursan… Başqa bir aləmdi Yaqut xanım…
İllərdir ki, görüşmürük. Son görüşümüz isə sanki dünən olub…
2016-cı il may ayının 9-u…
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Universiteti bitirməklərinin 30 illiyini qeyd edirdilər. Zakirə xanım, Sevda xanım, Yaqut xanım, Rəhilə xanım, İradə xanım, Bibixanım, Təranə xanım, Zəminə xanım, Nargilə xanım, Ofelya xanım, Fərman Nəbiyev və yoldaşı Yeganə xanım, Mədəd Əyyuboğlu… Hər biri ayrılıqda bir “universitet”di artıq. İctimai xadimdirlər, ailə başçısıdırlar, nənədirlər, babadırlar…
Məclisdə çox gözəl ab-hava vardı. Müasir gəncliyə örnək olacaq bir yoldaşlıq, dostluq mühiti… 30 ildən sonra insan kimisə arzulayırsa, dostluq telləri qırılmayıbsa, deməli, yaşamağa dəyər! Deməli, bütün dəyərləri itirməmişik, çox şükür ki…
Bu təşkilatçılıq yükünün Yaqut xanımın çiynində olmasını sezmək çox da çətin deyildi. Hamıya eyni dərəcədə diqqət, qayğı göstərməsi, zarafatları, baməzə söhbətləri ilə məclisdə şuxluq, şən əhval yaratması da öz yerində…
Zakirə xanımla, Sevda xanımla, Yaqut xanımla yaradıcılıqla bağlı əlaqələrim əvvəldən vardı…
O biri yoldaşlarla da ilk görüşdəncə səmimi münasibət yarandı.
O zaman Facebook səhifəmdə təəssüratlarımı yazıb şəkillərlə paylaşmışdım. Yaqut xanım rəy də bildirmişdi.
İllər sonra Yaqut xanımın yubileyinə hazırlıq işlərinə qatılmaq mənə çox xoş oldu.
Yaqut xanımın özünəməxsus dünyasında yenə də üzümüz güldü, könlümüz açıldı… Yubiley yaşına jurnal həsr etməyimiz təbii ki, onu sevindirdi. Sevda xanımla evində olduq, yedirib-içirib deyə-deyə, gülə-gülə küçəyədək yola saldı. İnsana nə lazımdır? Xoş söz, gülər üz… Çətin deyil vallah. Yaqut xanımdan bunu öyrənməyə dəyər…
Mən Yaqut xanımın insani keyfiyyətlərindən yazdım.
O həm də gözəl alimdir, ictimai xadimdir, sədaqətli ömür-gün yoldaşıdır, qayğıkeş anadır, nənədir.
İctimai-siyasi fəaliyyətinə nəzər salıram. Bu qədər xidmətləri müqabilində Yaqut xanım hələ də layiqincə qiymətləndirilməyib.
Düzdür, dövlətçilik sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub. Lakin yaradıcılıq sahəsindəki əməyi nədənsə diqqətdən kənarda qalıb. Ümid edirəm ki, yubiley ilində aidiyyatı təşkilatlar Yaqut xanımın ədəbi və elmi fəaliyyətini də yüksək qiymətləndirəcək, dövlət mükafatı ilə təltif edəcəklər.
İyulun 1-də Azərbaycan Mətbuat Şurasında Yaqut xanımın 65 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə və jurnalımızın ona həsr olunan sayında söylənilənlərdən də aydın görünür ki, o, ölkəmizdə, xüsusilə, Şirvan zonasında böyük nüfuz sahibi, Şəhid analarının sevimlisi, əzizidir. Elə ən böyük qazancı da el-oba sevgisidir.
Yaqut xanıma uzun, sağlam ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
Aliyə Cavanşir,
tədqiqatçı


