Qürurumuz, Şanlı Zəfərimizin Siması – General-polkovnik Hikmət Mirzəyevə Dərin Minnətdarlıqla

Qürurumuz, Şanlı Zəfərimizin Siması – General-polkovnik Hikmət Mirzəyevə Dərin Minnətdarlıqla
26 İyun – Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü, təkcə hərbi tariximizin deyil, həm də milli qürurumuzun günüdür. Bu şanlı gündə Vətənə sədaqəti, hərbi şücaəti və əsl komandan əzmi ilə tarixə qızıl hərflərlə yazılan bir isimə – general-polkovnik Hikmət İzzət oğlu Mirzəyevə dərin ehtiram və minnətdarlığımızı ifadə etmək hər bir azərbaycanlının borcudur.
Siz, general Mirzəyev, sadəcə bir sərkərdə deyil, bütöv bir xalqın qələbə inamını oyadan simvol oldunuz. 44 günlük Vətən müharibəsində göstərdiyiniz igidlik, komandanlıq məharətiniz, əsgərlərinizə ruh, millətimizə güvən verdiniz. Xüsusi Təyinatlı Qüvvələrin önündə əzmlə irəliləyərək, tarixi Zəfərə imza atdınız. Şuşanın azad edilməsi xəbərini səsləndirdiyiniz an, hər bir azərbaycanlının qəlbi fəxrlə döyündü – çünki bu səs qalibiyyətin, qürurun, haqqın səsi idi!
Bu gün siz, Quru Qoşunların komandanı, Müdafiə nazirinin müavini kimi, müasir Azərbaycan ordusunun inkişafında yenidən ön cərgədəsiniz. Gənc nəslə örnək olan zabit obrazınız, xalqla əsgər arasında qurduğunuz vəhdət, dövlətçiliyimizə və Ali Baş Komandana olan sədaqətiniz hər birimiz üçün fədakarlıq nümunəsidir.
Ulu Torpaq sizi yetirdi, Vətən isə sizi general-polkovnik və Qəhrəman etdi. Sizin adınız tarixə sadəcə rütbə ilə deyil, Vətən Müharibəsi Qəhrəmanı kimi yazıldı.
Silahlı Qüvvələr Günü münasibətilə Sizi – Azərbaycanın igid oğlu, xalqın sərkərdəsi olaraq ürəkdən təbrik edirəm! Allah Sizi qorusun! Azərbaycanın bayrağı daim zirvədə dalğalansın!
Əbədi qürurla,
Pərvanə Salmanqızı


