Weather Data Source: havadurumuuzun.com

Pərvanə Salmanqızı yazıır

Unudulmaz Alimə Dair Ürək Sözləri
Professor Mədəd Namaz oğlu Çobanovun əziz xatirəsinə…
Hər xalqın tarixi yaddaşında, hər millətin mədəni sərvətində iz qoyan, adı hörmətlə çəkilən şəxsiyyətlər olur. Mədəd Namaz oğlu Çobanov da məhz o nadir insanlardan idi — elmin, dilin, kimliyimizin fədaisi. O, təkcə bir alim deyildi, o, bir millət sevdalısı, bir türk ruhunun daşıyıcısı idi.

Türkologiya və toponomistika sahəsindəki yorulmaz araşdırmaları ilə Mədəd müəllim min illərin səsinə çevrildi. O, unudulmuş sözlərə can verdi, qədim coğrafi adlarda xalqın yaddaşını yaşatdı. Dilimizin kökünə enməyi bacaran bu böyük elm adamı, sözün əsl mənasında, elmin cəfakeşi idi.

Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun dəyərli üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor — bu adlar onun elmi nüfuzunu göstərsə də, Mədəd müəllimin böyüklüyü, hər şeydən əvvəl, onun insani dəyərlərində, millətinə sevgisində idi.

O, sözün vətənini sevirdi. O, ana dilimizin dərinliklərində tarix axtarırdı. Və bizlərə onu tapıb miras qoydu…

Bu gün Mədəd müəllimin əziz xatirəsi qarşısında baş əyir, onun işıqlı izlərini sevgi və hörmətlə yad edirik. Bizi bu yurda, bu dilə, bu yaddaşa bağlayan bir ip varsa, o ipin ilməsində mütləq Mədəd müəllimin izləri var…

Nur içində yatın, dəyərli alim.
Sizin adınız, fikirləriniz, əsərləriniz və elmi irsiniz daim yaşayacaq…

Sayğı və ehtiramla — Pərvanə Salmanqızı

Top