Ruh və Cismi Birləşdirən Enerji Sevgi Adlanır

Ruh və Cismi Birləşdirən Enerji Sevgi Adlanır
İnsan yalnız maddədən ibarət deyil. Hər bədənə həyat verən, hər gözə nur qatan, hər sözdə titrəyən bir ruh vardır. Ruhun varlığı isə təkcə nəfəs almaqla deyil, hiss etməklə özünü göstərir. Hisslərin ən güclüsü, ən safı və ən şəfalısı isə sevgidir.
Bəziləri sevgini bir duyğu, bəziləri bir ehtiyac, bəziləri isə bir zəiflik kimi görür. Ancaq sevgi nə zəiflikdir, nə də sadəcə bir hiss. Sevgi – ruhla cismin qovuşduğu, kainatın ən dərin enerjisidir.
İnsan doğulduğu andan bəri sevgiyə möhtacdır. Ana qucağı, ata baxışı, dost təbəssümü, sevdiyinin varlığı – bunlar hamısı bizi yaşadan enerji mənbələridir. Bizi bir-birimizə bağlayan görünməyən iplərdir sevgi. Maddənin sükunətini canlandıran, ruha istiqamət verən bir gücdür.
Elm deyir:
Sevgi beyində müəyyən hormonların ifrazını artırır.
Neyrotransmitterlər ruhi sabitliyə, xoşbəxtliyə səbəb olur.
Fəlsəfə deyir:
Sevgi varlıqdan ucalan, özündən başqasına yönələn ən ali duyğudur.
Mistiklər isə belə deyir:
Sevgi – Yaradanın insana üfürdüyü ruhun əks-sədasıdır.
Ruhun və cismin harmoniyası yalnız sevgi ilə tamlıq qazanır. Sevgi olmayan yerdə qaranlıq, susqunluq və boşluq var. Amma sevgi olan yerdə – nur var, həyat var, möcüzə var.
Unutmayaq:
Sevgi – nə sadəcə bir kəlmədir, nə də bir anlıq hiss. O, ruhun dərinliklərindən gələn, cismin hər hüceyrəsinə yayılan yaşadan bir enerjidir.
Və bu enerjinin adı – SEVGİdir…
PƏRVANƏ SALMANQIZI ABDULLAYEVA


