Weather Data Source: havadurumuuzun.com

Təranə Dəmir – Unut!

****

Baş açmadım ürəyimdən,
Dərdə , ələmə uduzdum.
Boyun əydim taleyimə,
Əydim , şələmə uduzdum.

Dərə , təpə , dağ dolaşdım,
Qismət gəzdim , baxt dolaşdım,
Yazdım başıma iş açdım,
Susdum , qələmə uduzdum.

Ömrün başına dolandım,
Səbrin xoşuna dolandım,
Eşqin oduna qalandım,
Söndüm , külümə uduzdum.

Zaman baxmadı sözümə,
Durdu vaxt-bivaxt üzümə,
Bir quyu qazdım özümə,
Düşdüm tələmə , uduzdum.

Qədərdən qaça bilmədim,
Qərq oldum heçə, bilmədim ,
Yolumdan keçə bilmədim,
Gedib gələnə uduzdum.

Baş açmadım ürəyimdən,
Dərdə , ələmə uduzdum.
Boyun əydim taleyimə,
Əydim , şələmə uduzdum.

****

Dağından qopan qartalın
Qıyına yazığım gəlir.
Naləsinə , harayına,
Hayına yazığım gəlir.

Sevgiyə həsrət acların
Vüsal daramaz saçların.
Kökü çürük ağacların
Boyuna yazığım gəlir.

Söz ürəyi deşə gərək,
Söz yerinə düşə gərək,
Adam eşqdə bişə gərək,
Çiyinə yazığım gəlir.

Ruhudu payız xəzəlin,
Payız xəzəllə bəzənir.
Ürəksiz köçən gözəlin
Toyuna yazığım gəlir.

Gedirik düzlə , yoxuşla,
Yarı bəxt, yarı naxışla,
İlahi , məni bağışla,
Göyünə yazığım gəlir.

****

Küləklə birgə addımlayırdım sahildə,
Qollarımda tənhalıq,
gözlərimdə həsrət,
Saçlarımda payız,
Baxışlarımda töhmət.
Addımlayırdım dalğa -dalğa, ləpə -ləpə, dəniz -dəniz..
Ürəyimdə haray, dodağımda sükut.
Yanaqlarımı döyəcləyirdi qum dənələri külək -külək,
Səsi qulaqlarımda əks-səda verirdi dənizin-
“Unut! Unut! Unut!”

****

Sən məni dalğa-dalğa, ləpə-ləpə oxuyursan,
Mən səni misra-misra , vərəq -vərəq yazıram.
Sən məni ümman -ümman , nehir -nehir dinləyirsən,
Mən səni qaya-qaya , sahil-sahil susuram.
Qulağına şeir pıçıldayıram
Təptəzə, dupduru ,
tərtəmiz, ləkəsiz.
Çox bənzəyirik bir -birimizə ,
Bircə fərqimiz var,
Sən qayaya söykənirsən , mən sənə,
Anam dəniz , sonam dəniz !

****

Ayaq altında üşüyürdü yollar,
Sapsarı xəzəllər külək vurduqca qımıldanırdı yerlərində yorğun -yorğun.
Qollarını qucaqlayıb oturmuşdu yol qırağındakı üryan ağaclar ,
üst -başından tökülən ümidsizlikdən utana -utana dayanmışdılar ağac kimi.
Buludlar çətirini açmışdı torpağın üstə,
Sonuncu nəfəsini verirdi son bahar .

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top