Cəmiyyətin aynası olaraq gördüyüm o əsər : “OVOD”

Cəmiyyətin aynası olaraq gördüyüm o əsər : “OVOD”
Etel Lilian Voyniçin “Ovod” romanı insanın vicdanı ilə dövlərin mənafeləri arasındakı daimi toqquşmanı göstərən ağrılı bir aynadır. Romanın qəhrəmanı Artur– şəxsiyyət axtarışı, ədalət uğrunda apardığı mübarizə yalnız XIX əsrin Avropasını deyil, bu günkü dünyamızın dəhşətli suallarını da yenidən gündəmə gətirir. Arturun keçdiyi yol müəllimlikdən inqilabçılığa, təqiblərdən ölümə doğru – hüququn sadəcə əmr və qadağalardan ibarət olmadığını, onun mənəvi-prinsipsel əsaslara söykəndiyini xatırladır. Dövlətin yaratdığı qanunlar, bəzən insanın təməl ehtiyaclarını, azadlıq və ləyaqət hislərini boğmaq üçün alətə çevrilir; “Ovod” isə göstərir ki, əsl hüquq insanın vicdanından gələn dəyərsizləşdirilə bilməyən haqqıdır. Əsər azadlığın ikili mahiyyətini açır: o, bir tərəfdən xarici basqıya, diktaturaya, senzura və təqiblərə qarşı müqavimət deməkdirsə, digər tərəfdən insanın öz daxilindəki qorxu ilə üz-üzə gəlməsi, özünə xəyanət etməmək cəhdidir. Arturun təkcə hakimiyyət orqanlarına yox, həm də sədaqətsizlik, qorxu və mənəvi inamsızlıqla mübarizəsi, bugünkü cəmiyyətdə özünü “normal” göstərmək üçün hətta ədalətsizliyə xidmət edənlərin də vicdanında soraq salır. Müasir dünyada kadr islahatları, qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi barədə danışarkən, əslində bu romanın vasitəsilə vurğulanan məsələni – hər bir fərdin özündə başlamalı olan vicdan və məsuliyyət hissini unutmamalıyıq.
Bu gün korporativ maraqların ön plana çəkildiyi və hüquqi demokratiyanın kağız üzərində qaldığı müasir reallıqlarda “Ovod”un səsi hələ də canlıdır. Saxta informasiya kampaniyalarının, sarsıdıcı sosial bərabərsizliklərin hökm sürdüyü bir dövrdə, Arturun fədakarlıq ideyası elə ilkin insani məqsəd – həqiqət və ədalət axtarışıdır. Bu, sadəcə tarixi inqilabın əks-sədası deyil, həm də bugünkü mənzərədə hələ də davam edən insan hüquqlarının pozulmasına qarşı kəskin etirazdır. Biz “Ovod”da ədalətin ən yüksək fəlsəfi zirvələrini görürük: qanunvericilik yalnız kağız parçası deyil, onun ruhunda insan ləyaqətinə hörmət dayanmalıdır.
Sonda demək olar ki, “Ovod” yalnız üsyan romanı deyil, həm də hüquqi və mənəvi seçimin metaforasıdır. Arturun taleyi bizə xatırladır: sükut və itaət seçimi hər zaman mümkündür, lakin ədalətsizliyə göz yummamaq, insan olmağın azadlıq təməlidir. Bu gün hər birimiz fərdi səviyyədə öz “daxili “Ovod”umuzla üz-üzə gəlməli, öz vicdanımızın sərhədlərini tanımalıyıq. Əsərin göstərdiyi ən vacib dərs budur: həqiqi dəyişiklik qanunların cərgəsində bitmir, o, hər birimizin içində başlaya bilər. Arturun yolu yalnız fiziki mübarizə deyil, həm də “öz-özünə qarşı dürüstlük” müsabiqəsidir, müasir cəmiyyətdə isə bu müsabiqənin qalibi olmaq üçün, əvvəlcə, özümüzü bütün sosial rol və etiketlərin arxasında gizlətməməliyik. Bu, həm hüquqi, həm də fəlsəfi məsələdir və Voyniçin romanı onu bütün bəşəriyyətə ünvanlayır.
Müəllif: Zəhra HƏŞİMOVA
“ARİSTOTEL POETİKASI” RUBRİKASI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru