“HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ ƏDƏBİ TƏNQİD MÜSTƏVİSİNDƏ”

“HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ ƏDƏBİ TƏNQİD MÜSTƏVİSİNDƏ”
(Ayətxan Ziyad – İsgəndərovun eyni adlı kitabı haqqında)
Şoxəsrlik tarixi yolun sıralanmasında Azərbaycan üçün özünə həmişəyaşarlıq qazanmış bir yaddaş var: 1923-cü ilin 10 may tarixi. Qürurvericidir ki, bu tarix ilk xatırlandığında hər haldan öncə ümummilli lider Heydər Əliyevin adı və doğum günü yada düşür. Həmən zaman çərçivəsindən bu gün bizi bir əsrdən artıq zaman uzaqlığı ayırır. Bu elə bir yaddaşdır ki, zaman ötdükcə daha da möhkəmlənir. Ulu öndər həmişə bizimlə olub və olacaq!
Hər hansı problemin həllində yolgöstərənimiz, ilhamverənimizdir bu gün də. Xalq şairi Zəlimxan Yaqubun yaradıcılıq gecəsindəki çıxışında (1998-ci il dekabrın 19-u) söylədiyi kimi, harada olmasından və hansı vəzifədə çalışmasından asılı olmayaraq, əli həmişə Azərbaycanın, Azərbaycan xalqının üstündə olub. Vətən hər dara düşəndə, tale biçimli problemlə üzləşəndə sinəsini irəli verib, doğma yurdunun qoruyucu mələyinə çevrilib.
Həyat sənin iradəndən asılı olmayan döyüş meydanıdır. Heydər Əliyev həm də ona görə xoşbəxt taleli insandır ki, həyatın istənilən “eniş-yoxuşunda” özünəgüvənlik, müzəffər olacağına əminlik qoşa qanad kimi həmişə O`nunla çiyin-çiyinə yol yoldaşlığı edib: Doğma Azərbaycanını aqrar respublikadan 15 ittifaq respublikası (keçmiş SSRİ) sıralanmasında aqrar-sənaye, elm, mədəniyyət, təhsil respublikasına çevirəndə də (Azərbaycana I hakimiyyət dövrü nəzərdə tutulur), dünyaya meydan oxuyan “SSRİ” adlandırılan nəhəng bir dövlətin nəqliyyat, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s.problemlərinin həllini çiyinlərinə götürəndə də (SSRİ Baş nazirinin I müavini işlədiyi illər nəzərdə tutulur), vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə göz-gözə duran Azərbaycanını gözlənilən bəlalardan hifz edəndə də, artıq dövlətçilik ənənələrini formalaşdırmağa başladığı respublikamızı etibarlı əllərə əmanət edib haqq dünyasına qovuşanda da (1993-2003-cü illər nəzərdə tutulur).
Ömrümüzün Heydər Əliyevsiz zaman uzaqlığında hər hansı Azərbaycan övladının Ulu öndəri ruhən xatırlamadığı, düşüncələrini paylaşmadığı gün olubmu? Qəribə səslənsə də, faktdır ki, dövlət səviyyəli hər hansı İŞ`in icrasında düşüncələri həmişə bizimlə olub. Bu ovqat o fikrə haqq qazandırır ki, “Özünü düşünənlər Tanrının ona bəxş etdiyi ömür qədər yaşayırlar, xalqını düşünənlərin ömürü xalqının ömürü qədərdir” (Qədim yunan fəlsəfəsindən).
Heydər Əliyevin siyasi hakimiyyət dövrü Azərbaycan dünyasında 4 nəslin tale yolundan keçib. I nəsil, Ulu öndərin Azərbaycana I hakimiyyəti dövründə kamillik yaşında olanlar. Sonrakı nəsil həmin dövrdə (XX əsrin 70-ci illərində) gənclik yaşında olanlardır. O kəslər ki, Heydər Əliyev iş üslubundan, ideyalarından dərs götürüb “silahlanıblar”. III nəsil 1970-ci illərin məktəbyaşlılarıdır, Heydər Əliyev ideyaları bütünlüklə ruhuna hopan və indi artıq kamil yaş həddində olan bir nəsil. Hansı ki, Ümummilli lider ideyalarından əxz etdiklərini bu gün dövlətçiliyimizin inkişafı, Azərbaycanımızın tərəqqisi üçün həyata keçirir. IV nəsil – XX əsrin 90-cı illərində yetişmiş, azərbaycançılıq ideologiyasına sahiblənmiş gənclər.
Bu məzmunda Heydər Əliyevsiz ötən zaman məsafəsindən bugünümüzə baxanda həyatımızın bütün mərhələlərində Heydər Əliyev ideya-siyasi istiqamətinin, yaradıcı fəaliyyətinin izlərini görürük.
Faktlara müraciət edək: Azərbaycana rəhbərliyinin I hakimiyyəti dövründə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında sürətli sıçrayışa nail oldu. 13 il 6 aylıq bir zaman və aqrar ölkədən sənaye, kənd təsərrüfatı, mədəniyyət (və s.) respublikasına çevrilmiş bir respublika!
Azərbaycan bir sıra sahələrdə keçmiş İttifaq respublikaları arasında öncüllüyü ələ almış, 15 respublikanın ali hakimiyyət orqanına rəhbərlik edən dövlət başçısı (Sov.İKP MK-nın baş katibi L.İ.Brejnev) iki dəfə Azərbaycana səfərdə olmuşdu. Bunların hamısı Heydər Əliyevin siyasi uzaqgörənliyinin, gərgin iş qabiliyyətinin nəticəsi idi.
Bu faktı da qeyd etməyə bilmərik ki, Azərbaycanın da zörən ittifaq “təşkil” etdiyi dünyaya meydan oxuyan SSRİ adında dövlət qurumunda idarəetmə və siyasi səviyyəsinə ehtiyac duyulub ali hakimiyyət postuna dəvət almış iki azərbaycanlıdan biri Heydər Əliyev olub.
Sonralar bu dövrlərin müqayisəsini edən Ümummulli lider deyirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970-1985-ci illərdə təməli qoyulmuş xalq potensialına əsaslanır” [Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 31-ci kitab., B., Azərnəşr, 2010, 512 səh. s.145].
Heydər Əiyev II dəfə Azərbaycana ali hakimiyyət orqanına rəhbərliyə dəvət alanda artıq 46 yaşında yox, 70 yaşlarında ağsaqqal, dövləti idarəetmə işində bitkin təcrübəyə malik müdrik ictimai-siyasi xadim, fenomenal rəhbər idi. O`nun prezident seçkilərində xalqa verdiyi vədi xatırlayaq:
“Mən öz üzərimə,dediyim kimi, böyük məsulıiyyət götürmüşəm”, – deyirdi Heydər Əliyev, – “Məsuliyyət də ondan ibarətdir ki, Azərbaycan dövlətini möhkəmləndirim, onun müstəqil dövlət kimi yaşamasını təmin edim və Azərbaycan xalqını birləşdirim. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında, bu şüar altında, bu sözlər altında, bu amal altında birləşməlidir. Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcək. Azərbaycan öz müstəqilliyini qoruyub, qoruyacaq da. Bu mənim bir prezident kimi siyasətimin əsas ana xəttidir. Və bunun üçün də hamı bir yolnan getməlidir. Burda başqa yol yoxdur” [Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 7-ci kitab, B., Azərnəşr, 1998-ci il, 519 səh. s.141].
Ulu öndər “… müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilimizin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsinin ənənə halı alması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur” (Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il sərəncamından).
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident sərəncamında deyilir: “Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.
***
Heydər Əliyevin daha bir tarixi xidməti qurub gələcəyini müəyyənləşdirdiyi Azərbaycan dövlətini əmin əllərə ötürməsidir. Ulu öndərin siyasi varisi İlham Əliyev haqqında söylədiklərini xatırlayaq: “Mən İlham Əliyevə özüm qədər inanıram”.
Bu özünəgüvən Heydər Əliyevsiz yaşadığımız həyatın bütün sahələrində özünü təsdiq etmişdir: Azərbaycan dünyanın qəbul edib hesablaşdığı bir ölkəyə çevrilmiş, xalqımız üçün tale acısı olan Qarabağı erməni işğalından azad etmişdir. Bu gün Azərbaycan dünyanın region dövlətləri ilə bir masa arxasında “qərar tiutmaq” səlahiyyətindədir.
***
2023-cü ilin “HEYDƏR ƏLİYEV İLİ” elan edilməsi, yubiley ilinin prezident sərəncamı səviyyəsində qarşılanması Heydər Əliyev irsini öyrənənlər üçün yeni tədqiqat istiqamətlərinin aşkarlanması işini şaxələndirmiş, yeni mövzulara işıq salmışdır.
Heydər Əliyev ideyaları tədqiqatçı olaraq Ayətxan Ziyad İsgəndərovun yaradıcılığında ana xətdir. Oxucuya təqdim olunan məqalələr bu qənaətin göstəricisidir.
Topluya ümumilikdə 8 məqalə daxil edilib: “Müstəqilliyə uzanan cihadın sonucu – dayanıqlı suveren Azərbaycan”, “XX əsrin 60-80-ci illər xofu – dissidentlik (problemə Heydər Əliyev baxışı)”, “Azərbaycanın dövlətçilik konsepsiyasını yazan siyasi lider”, “Tarix yaradan siyasi xadim, dövlət qurucusu”, “Azərbaycan ədliyyəsinin hamisi”, “Tarixi ədalətin təntənəsi və beynəlxalq hüququn bərpası”, “Dövlət quruculuğunda prioritet sahə (Azərbaycanın təhsil siyasətinə Heydər Əliyev baxışı)”, “Heydər Əliyev: Milli kimliyimizin qürur ünvanı” bu sıradandır.
Heydər Əliyev şəxsiyyəti müəllif üçün kimdir?
“Ümummilli lider”, “Ulu öndər”, “Azərbaycanın memarı və qurucusu”, “Azərbaycanın dövlətçilik konsepsiyasının yaradıcısı”, “böyük dövlət xadimi”, “Tarix yaradan siyasətçi”, “Fenomen”, “Fövqəldərk”, “Fövqəlfitri qabiliyyət”, “Fövqəlanlam”, “Fövqəlünsiyyət”, “Fövqəlzəka sahibi”, “Heydər – xalq, xalq – Heydər”, “böyük siyasi lider”… Bu və bu kimi bir çox anlayışların, həmçinin bunların fövqündə bütün digər fövqəlinsani məziyyətlərin bir tam halında Heydər Əliyev şəxsiyyətində cəmləşməsinin “sirri” (bu və bunabənzər məntiqli sualların cavabı) kitaba daxil edilən məqalələrdə müxtəlif rakurslardan məqam-məqam açıqlanır.
Sual oluna bilər: Ümummillil lider haqqında cild-cild əsərlər yazılıb, “Heydər Əliyev şəxsiyyəti ədəbi tənqid müstəvisində” dərs vəsaiti qeyrilərindən hansı məziyyətlərii ilə fərqlənir?
Münasibət AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, mərhum Vəli Əliyevin zamanında əsərə yazdığı rəydə: “Ulu öndər haqqında cild-cild kitablar yazılıb, bundan sonra da yazılacaqdır. Ancaq A.Ziyad Ulu öndər haqqında hətta hamıya bəlli faktları, hadisələri tədqiqatçı olaraq özünəməxsus tərzdə və publisistik dillə, poetik axarda çox gözəl nizamlayıb. Qələmə aldığı hər kəlmədə qoyulan problemə A.Ziyadın özünəməxsus baxış tərzi, Ümummilli lıiderin ideyalarına ürəkdən və bənzərsiz bağlılığı görünür. Dərs vəsaitini qeyri əsərlərdən fərqləndirən məhz bu məziyyətidir”.
***
“Heydər Əliyev və dissident ədəbiyyatı” mövzusu Heydər Əliyev ideya-siyasi irsinin istiqamətlərindən yalnız biridir və Azərbaycan ədəbiyyatında və jurnalistikasında ilk dəfə 2008-ci ildə Ayətxan Ziyad tərəfindən tədqiqat obyekti olmuş, “Azərbaycan” jurnalında, “Azərbaycan Universitetinin Xəbərləri”ndə və “Paritet” qəzetində dərc edilmiş, sonrakı illərdə ADPU Tədris Metodika Şurasının 27 oktyabr 2017-ci il tarixli iclasının qərarına əsasən (protokol №1) təsdiq olunan dərs vəsaitinə, 2023-cü ildə isə ADPU Elmi Şurasının 18.07.2023-cü il tarixli 8 saylı qərarı ilə çap olunan “Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişafının bəzi məsələləri” monoqrafiyasına daxil edilmişdir.
“XX əsrin 60-80-ci illər xofu – dissidentlik” adlandırılan bu məqalədə“Ədəbiyyat və şəxsiyyət münasibətləri” probleminə toxunulur vəÜmummilli liderin simasında bir-birini tamamlayan üç cəhət diqqətə çatdırılır: 1) şəxsiyyətin ədəbiyyata diqqət və qayğısı, 2) ədəbiyyatın öz borcunu şəxsiyyətə qaytarması, başqa sözlə, şəxsiyyətin sənətkar qələmi ilə əbədiləşdirilməsi, 3) şəxsiyyətin ucalığının zamana görk olması problemi.
“Heydər Əliyev şəxsiyyəti ədəbi tənqid müstəvisində”adlı əsərini ərsəyə gətirməklə müəllif Heydər Əliyev şəxsiyyətinə öz vətəndaşlıq borcunu qaytarmaq, gücü müqabilində şəxsiyyəti (Heydər Əliyevi) əbədilik ucalığında qərarlaşdırmaq niyyətini ortaya qoymuşdur. Bu məzmunda əsəri Heydərşünaslığın tədqiqinə və HEYDƏR ƏLİYEV irsinə Ayətxan Ziyadın vətəndaş borcu qismində dəyərləndirmək də olar.
Zaur Ustac, “Yazarlar” jurnalının baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü