AĞRIDAN ZƏFƏRƏDƏK YAŞANANLAR

AĞRIDAN ZƏFƏRƏDƏK YAŞANANLAR
Bu günlərdə şair, publisist, esseist, tərcüməçi Rəfail Tağızadənin “QARABAĞ-HƏSRƏTDƏN ZƏFƏRƏ” kitabını oxudum. Kitab iki hissədən ibarətdir. Birinci hissə Qarabağın işğalından 2020-ci ilin 27 sentyabrına qədər olan dövrdə yazılan yurd həsrətli esselər və şeirlərdir. İkinci hissə isə 2020-ci ilin 27 sentyabrından başlayaraq Qələbə günlərini, Zəfəri tərənnüm edən publisistik yazılar, esselər, şeirlər daxildir.
Rəfail müəllim I Qarabağ müharibəsində zabit kimi Qarabağın ağrılı günlərinin canlı şahididi, qazidi. O, şahid və yaralıların itki və ağrılarını ən əzizinin, doğmasının ağrısı kimi içində daşıyaraq şeirlərə, yazılara köçürüb. Ona görə də Rəfail Tağızadənin yazdığı şeirləri, esseləri, publisistik yazıları oxucular tərəfindən sevilir. O, bu yazılardakı ağrıları, acıları oxuculara şişirtmədən, səmimiyyətlə çatdırır. Onun istənilən yazısını oxuyanda, oxucu orada özünü görür. Şair “Həsrət yolçusu” şeirində deyir:
…Qanad çalan quş varmı,
Torpaqda oyanış varmı?
Yarı sökük divarda,
Oxuyan bayquş varmı?…
Bunu oxuyan oxucunun gözləri önünə düşmənin viran qoyduğu yurdlar, divarı yarısökük evlər gəlir. İstər-istəməz bu ağrını, bu həsrəti yaşayırsan. Düşmənin bu barbarlığı səndə intiqam hissini alovlandırır. Yağıya nifrət etməyə bilmirsən.
***
Yurdundan didərgin düşmüş məcburi köçkünlərin nələr çəkdiyini ölkə vətəndaşları gördü. Amma onların içlərində çəkdikləri ağrıları heç kim görə bilmədi. Evindən heç nə götürə bilməyən köçkünlər yayın istisində yardım çadırlarında, yol kənarlarındakı uçuq binalarda, məktəblərdə, baxçalarda, inzibati binalarda, hətta sınıq-salxaq yük vaqonlarında yaşamaq uğrunda mübarizə aparırdılar. Gözəl, yaraşıqlı evlərdən çıxan köçkünlər yararsız yerlərdə yaşamağa məcbur olmuşdular.
R.Tağızadənin “Vaqonun altında asılan beşik” şeirindən:
Vaqonun altında asılan beşik,
İçində körpələr böyüyür indi.
Qaçqın həsrətindən, qaçqın qəmindən,
Bixəbər körpələr uyuyur indi…
Bu o dövrün köçkün reallığıdı. Yayın istisində yardım çadırlarında böyüyən uşaqlar içməli suya da həsrət qalmışdılar. Buna necə yaşamaq demək olardı?
***
Rəfail müəllim bu ağrıları “Qarabağ ağrısı” adlandırır. Səni öz yurdundan, yuvandan, dağından, dərəndən, meşəndən, kəndindən, şəhərindən didərgin salır. Bu ağrıya necə dözəsən?
Ona görə də o, esselərinin birində yazır: – Ayılıb o dağa, meşəyə, çaya, torpağa baxanda utanırsan. Xəcalət çəkirsən edilənlərdən, etdiyindən, edə bilmədiyindən.
Bu öz-özünü ittihamdı. Bundan ağır dərd olarmı?.. Bu Qarabağ ağrısıdı. Hər birimizin daxildə çəkdiyimiz iztirabdı. Vətən, yurd həsrətidir. Ona görə də kitabın birinci hissəsi Qarabağ həsrətli yazılardı.
Adi adamlardan fərqli olaraq şairlər, yazıçılar bu vətən, Qarabağ dərdini yaxına, uzağa, əlləri çatan yerlərə çatdırmağa çalışırlar. Rəfail müəllim də Qarabağ dərdini uzaqlara, dünyanın çox yerlərinə çatdırmağı bacaran uzaqvuran artilleriyamızdan biridi. Qarabağ həsrətli əsərləri müxtəlif dillərə tərcünə olunub. İşğal altında olan Qarabağın düşmən tapdağında qaldığı müddətdə sərvətinin talanmasından tutmuş şəhərlərin, kəndlərin dağıdılması onun əsərlərində əks olunub. Bununla bərabər şəhid ailələrinin, qazilərin, məcburi köçkünlərin ağrıları, vətən dərdi həmişə onun diqqət mərkəzindədi. Bunu kitabı oxuduqca görürük.
***
Hər birimiz Qarabağa, səngərlərə yaxın olan yerlərə gedəndə, işğalda olan dağlarımıza, yurdlarımıza həsrətlə baxırdıq. 27 il bu həsrətlə yaşadıq. Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər… həsrəti. Hər dəfə biz o kəndlərə gedən zaman xatirələrimiz bizi rahat buraxmırdı. Elə ona görə də Rəfail müəllim deyir:
– Qarabağa istiqamət götürəndən yanğının şiddəti artmağa başladı. Dərdin, həsrətin hərarəti poladın ərimə hərarətindən yüksəkdi. Bu ağrılara dözə bilməyən torpaq bizi görüb ağladı!
Bu şair hissiyatıdı. Həsrət çəkən insanlar kimi, həsrət çəkən torpağın da göz yaşlarını görür. Yurdundan didərgin insanlar kimi, işğal altında olan torpağın da dərdi var. Rəfail müəllim də belə duyğulu bir ziyalıdı. Onun qəlbi didərgin anaların da qəlblərini duyur. Öz anasının timsalında, bütün köçkün analarını nəzərdə tutur:
– Köçkün, sinələri dağlı anaların başlarına hər gün mərmi yağsa da, nə güllədən qorxdular, nə də mərmidən. Ərlərinin, oğullarının arxalarında dayandılar. Onlar da döyüşdülər. Arxa cəbhədə mərd-mərdanə dururdular. Cəbhədəki döyüşçülərə ürək-dirək verirdilər. Bu analar, cəbhədəki bütün əsgər oğullara analıq edirdilər.
***
Müharibənin Qarabağın payızını Rəfail müəllim belə təsvir edir:
- Daha oraların narı qızarmır. Qoz da qabığından gecələr düşür. Qorxur ki, səsi eşidilər, atəşə tutular.
Arxlarından hələ də qan axır. Burada qızaran ancaq qan rəngidi…
Onun essesində budur Qarabağın payızı. Bizim üçün Qarabağın payızı, qışı, yazı, yayı da kədərlidi. Bu kədərdən Qarabağın insanına da hopub. Nə qədər danışsalar da, gülsələr də hər birinin gözlərində kədər görünür. Hamısı payız, qış əhval-ruhiyyəsindədilər.
Rəfail Tağızadənin hər essesindən həsrət qoxusu, vətən iyi gəlir. Kitabdakı “Qazi toyu” şeirində qəlbləri dağlayan bir qazi toyu təsvir olunub. Toy əslində adından göründüyü kimi şənlikdi, sevincdi. Ancaq bu sevincin içində kədərli bir mənzərə var. Şair ürək ağrısı ilə yazır:
Bu gün toy qurulub, toy Qarabağda,
Qol-qçlar qışqırır, oy Qarabağda.
Bu qazi toyunda, bu ər toyunda
rəqs meydanına nidalar qoyan,
tək qıçı üstündə oynayan oğlan,
bu gecə tək qalan qıçın oynayır…
Bu toyda tək qollular, tək qılçalılar oynayırlar. Toya gələnlərin hər biri çəliklədi. Toyda çəliklər çəpik çalır. Dəhşətli mənzərədi.
Kitabın birinci hissəsindəki hər esse haqqında geniş yazmaq olar.
***
Kitabın ikinci hissəsindəki esselər, publisistik yazılar və poeziya nümunələri Qarabağın Qələbəsinə, Zəfərinə həsr edilib.
27 sentyabr 2020-ci il Qarabağ zəfərinin başlanğıc nöqtəsi oldu. Qarabağ kədəri sevinclə əvəz olunmağa başlayır. Ordumuz zəfər dalınca zəfər çalır. Azərbaycan bayrağı işğaldan azad olan zirvələrdə dalğalanır. İndi şəhidlərin ruhları sevinir. Dağlar, dərələr, çöllər… hər yan sevinc içindədi.
Bunu Rəfail müəllim Şəhidlərin ruhuna həsr olunan “27 SENTYABR 2020-Cİ İL” publisistik yazısında belə verir: “Vətən, dövlət yolunda hamı bir oldu. Birləşdi. Hamı ayaqda idi, əsgər idi. Hamı vətən deyirdi. Bu gücün, BİRLİYİN qarşısında heç kim, heç nə tab gətirə bilməzdi. Bu vəhdət Qələbəyə çağırış idi.”
Rəfail Tağızadə demişkən, hamı döyüşmək istəyirdi. Yaşından asılı olmayaraq keçmiş könüllü döyüşçülər, gənclər cəbhəyə can atırdı, intiqam hissi ilə yaşayırdı. Şəhidlərin intiqamın almaq lazım idi. Bu intiqamın alınması, torpaqların işğaldan azad edilməsi, Qarabağın tacı Şuşa şəhərinə bayrağımızın sancılması cəmi 44 gün çəkdi. Ordumuz bunu vətən sevgisi nəticəsində əldə etdi.
***
“Hamı Azərbaycanda eyni hüquqlu vətəndaşdı. Ləzgisi də, talışı da, avarı da, saxuru da, qrızı da, ingiloyu da, kürdü də, rusu da, yəhudisi də, ukrayını da, türkü də. Kim bu ölkənin vətəndaşıdırsa, o bizdən biridi. Birimizdi. Haqqımız da, hüququmuz da eynidir.
Azərbaycan fərqli dillərdə danışıb, eyni düşünənlərin mötəşəm birlik buketidi. Elə ona görə də bu gözəldi”.
Bu Rəfail müəllimin fikirləridi. Çox düz deyir, bu birliyin qələbəsidi.
“Mənim ordum” şeirində yazır:
Mənim ordum!
Güvənc yerim!
Ümid yerim!
Sən dövlətimin müdafiəçisi,
millətin, xalqın dayağısan!
Xilaskarsan!
Qurucusan!
Sən xalqa Qələbə sevinci gətirənsən!
Müəllif kitabda şəhidlərimizin, ordumuzun keçdiyi yoldan, Xocalı, Qaradağlı, Ağdaban, ümumilikdə, Qarabağ faciələrindən danışır. Düşmənlərin ölkəmizə vurduqları ziyanlıqdan söhbət açır. Qarabağın acı həqiqətlərin ortaya qoymaqla bərabər, həm də Qarabağda gedən quruculuq işlərindən xəbər verir.
Bu kitabda maraqlı məlumatlar çoxdu. Ən maraqlı məqamlardan biri Ağdam adının yaranma tarixidi.
Kitab gözəl sonluqla bitir.
“Şəhidlərimizin ruhları şaddır!
Qələbə sənə yaraşır, Azərbaycan!
Zəfər sənin haqqındı!
Zəfərin mübarək, Azərbaycan!”
Əziz dostum Rəfail Tağızadə, sizi sevən oxucular sizdən yeni əsərlər gözləyirlər. Uğurlarınız davamlı olsun!

Məmməd Mərzili,
AJB-nin üzvü, şair-publisist