Weather Data Source: havadurumuuzun.com

Təranə Demirin yeni şeirləri

SIĞAL

Əllərin dərd görməsin,
Bu nə gözəl sığaldı.
Unutdum hər nə varsa,
Ağrılarım sağaldı.

Saçlarım əllərində
Ovundu sığal-sığal.
Ovuc-ovuc darandı,
Sevindi sığal -sığal.

Boğuldum göz yaşında,
Sığal-sığal boğuldum.
Payızın ortasında
Təzə vüsal doğuldu.

****

Tüstüsü başından çıxır buludun,
Hirsini dağlara , daşlara tökür.
Tökür ağaclara , tökür yollara,
Yuvalara tökür, quşlara tökür,
Mənim bu yağışa yazığım gəlir.

Kimin baharından keçir görəsən,
Kimin payızına , qışına yağır?
Kimin ocağına , kimin külünə,
Kimin ürəyinin başına yağır?
Mənim bu yağışa yazığım gəlir.

Bulud da sözünü yağışla deyir,
Harayı yağışdı, hayı yağışdı.
Göyündən Yerinə əliboş gəlmir,
Sovqatı yağışdı, payı yağışdı,
Mənim bu yağışa yazığım gəlir.

Pəncərə -pəncərə yağır səhərə ,
Pəncərə- pəncərə islanır şəhər.
Yuyunur , daranır yağışın altda,
Yağış paltarında nazlanır şəhər,
Mənim bu yağışa yazığım gəlir.

****

Zaman keçdikcə gözünün qabağında köhnəlir hər şey–
duyğular , arzular ,
Şəkillər , xəyallar .
Əvvəlcə köhnə şəhər üzünə durur təp-təzə donda ,
sonra küçələr, adamlar.
İtirsən öz içində addım -addım, ləpir -ləpir.
Tanımır səni təzə pöhrələnən ağaclar ,
İşığı gözünə düşür göydələnlərin ,
Maşınların siqnal səsinə diksinir ayaqların ,
Büdrəyirsən və səndən qabağa düşən təptəzə ayaq izinin üstündən ləngər vura-vura keçirsən ,
Sakit -sakit, qorxa-qorxa ,aram -aram keçirsən.
Külək qovur səni dalan-dalan, küçə -küçə,
Baxırsan ki, nə yolların , nə küləyin , nə şəhərin yadındasan,
Payıza bir sevgi etirafı edirsən gizlicə
bahar donlu, bənövşə ətirli, tərtəmiz,
Heç kim eşitmir səni ,
Səsin içində boğulur.
Və tək -tənha , qap-qaranlıq gecələrin birində, nimdaş paltarında təptəzə ayrılıq şeiri doğulur…
Zaman keçdikcə köhnəlir hər şey–
–duyğular , arzular ,
Şəkillər , xəyallar,
Şəhərlər , yollar,
Sevgilər , yalanlar…

****

Bu bahar özüylə sevgi gətirə,
Döyə qapımızı sevgi bu bahar.
Od qoya sopsoyuq ayrılıqlara,
Bir ümid doğula , gözündə vüsal,
Xəyallanasan.

Yadından çıxara ömrün qışını,
Baxtına gün doğa təzədən, Allah.
Tuta əllərindən bahar sevdası ,
Gözdə qəm sevinə , saçda dən , Allah,
Nağıllanasan.

Hardansa bir işıq düşə yoluna,
Gözünün içinə səadət baxa.
Sənə unutdura xəyanətləri,
Bütün ağrıların yadından çıxa,
Sığallanasan.

Buludlar sevgiylə yağa üstünə,
İslana saçların yaz yağışında.
Kimsə qulağına eşq pıçıldaya,
İtəsən , batasan naz yağışında,
Xumarlanasan.

Bu bahar bizimçün gələ bu dəfə,
Qova başımızdan həsrəti , nolar.
Çıxara sevgini gün işığına,
Üstündən götürə töhməti , nolar,
Vüsallanasan..

****

Dənizkənarı parkda hər gün skamyalar yol, göyərçinlər sevgi gözləyir.
Ağaclar yan -yana düzülüb şəkil çəkdirirlər
uşaqlarla , quşlarla , adamlarla , daşlarla.
Şəkli dənizə düşür bəxtəvərliyin.
Ləpələr küləklə yarışır,
Sahildə sevişir qum dənələri.
Ləpirlər quma batır addım -addım,
Böyük ləpirlər xırda ləpirlərə qarışır.
Qarğalar dən axtarır sahillə dənizin qovuşduğu yerdə,
Yağış yağır hərdən ,
Budaq -budaq yuyunur ağaclar ,
Dənizdə əks -səda verir addım səsləri, yarpaq xışıltısı , araba cırıltısı , körpə qığıltısı ,
Bir ayağı göydən asılan xoşbəxtliyin bir ovuc içi boyda sevincinə əl çalır sular .
Baxışlardakı yorğun sevincdə gizlənir min illik qayğılar .
Gecələr dənizə düşür ayın şəkli,
Külək ayın üzünə çırpır suları dalğa -dalğa ,
Yanaqları islanır Ay gözəlin.
Qaranlıqda uzaqdan adama bənzəyir ağacların qaraltısı ,
Saçlarında yağış, gözündə dəniz, sinəsində sahil , qollarında quş yuvası.
Gecənin qoynunda səhəri gözləyir burda hər nə var —
Dəniz, dalğalar, sahil,
yelləncəklər , hasarlar , ağaclar, quşlar…

****

Döşəməsi gil, divarı şirəli evlər vardı ,
Pəncərəsi səmaya baxardı..
Çəpərləri qamışdan ,
Doqqazları taxtadan quralıydı,
Qapıları qonaqlı , qaralıydı.
Dörd tərəfi çiçəkli, otluydu,
Qızları həyalı,
Oğlanlatı ağ atlıydı.
Çörək ətirliydi,
Sevgi çətirliydi.
Tox idi İti, pişiyi ,
tavanından asılardı uşaq beşiyi .
Xallı , xalçalıydı,
Mütəkkəli, nalçalıydı.
Gecələr hamı lampa başına yığışardı ,
Nənələr nağıl danışardı,
Nəvələr noğullaşardı.
Göz açıb yumunca dəyişdi hər şey,
Sökdülər döşəməsi gil ,
divarı şirəli evləri ,
Qonaqlı evləri, qaralı evləri.
Divar -divar sökdülər ,
Hasar -hasar sökdülər.
Yerində daş imarətlər ucaldı ,
Bacasından tüstü çıxmayan,
Pəncərəsindən günəş baxmayan.
Nənələr babalar köç etdi,
Atalar, analar qocaldı.
Sonra cığırları kol ,
Adamları qaramat basdı .
Sevgilər bölündü , azaldı, kiçildi,
Evlər rəngiylə, adamlar paltarıyla seçildi.
Kişiləri adıyla yox, cibiylə çağırdılar,
Hasarıyla, qapısıyla ,bacasıyla ,”Cip”iylə çağırdılar.
Sonra nifrət başladı ,
Sonra paxıllıq , bəddua, göz yaşı ,
Sonra hamı şeytanı daşladı. ..
Döşəməsi gil, divarı şirəli evlər vardı,
Pəncərəsi səmaya baxardı…

****

Qadın gəncliyini divardan asmışdı,
Özü isə otaq-otaq dolanırdı qocalığın başına.
Hər dolandıqca bir buğda dənəsi boyda ömründən sürüşüb düşürdü ayaqları altına.
Axsayırdı,
Amma yenə addım -addım yeriyirdi ağrılarının üstünə.
Arada başını qaldırıb divardakı qadına gülümsəyirdi ,
Öpüşürdü baharla qış.
Kölgəsi düşürdü otağın küncünə,
Çevrilib çıqqaçıqla vaxt üyüdən saatına gülümsəyirdi.
Sonra ehmallıca barmaqlarını üzünün qırışlarına,
İyirmi ildən qalma günəş ləkələrinə sürtürdü,
Dodağının çatına gülümsəyirdi.
Daha sonra boynunun ardına düyünlədiyi ağappaq saçlarını qapqara, ilməsi qaçmış yaylığı ilə örtürdü.
Nəfəsi kəsilirdi tənhalıqdan,
Boğurdu divarlar bu səssiz, səmirsiz, yarımçıq qadını,
Xəyallar gözünə batırdı.
Qapını açıb havaya çıxırdı və günə verirdi ayaqlarının yelini,
Pillələr arxasınca daş atırdı….

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top