Weather Data Source: havadurumuuzun.com

Norveç: «Yaşıl qış, yoxsa bahar?»

Norveç: «Yaşıl qış, yoxsa bahar?»
Bu gün on il əvvələ 09.03.2011 səyahət edərək gənc bir qızın Norveçdə ilk baharını təsvir edəcəyik. Bəli, gənc qız isti və daima qaynar bir həyatın dövr etdiyi bir ölkədən, ilin çox hissi qış olan və yorğan kimi torpağın üzərini örtən bəyaz qarın möcüzələr yaratdığı bir nağıllar ölkəsinə köç etmişdir. Mart ayında bu gənc qızı sirli-sehrli nağıllar ölkəsi Norveçdə ilk qarşılayanda elə məhəbbət və təmizlik rəmzi sayılan «ağ qar» olmuşdur. O qar ki, bahar ətirli, sevgi dolu və gözü ay kimi işıqlı o qızın həyatını bahardan qışa dəyişmişdir. Amma bu qış insanı üşüdən, qəlbini sıxan və evə çəkən bir qış deyildir. Bu yarı qar, yarı yağış və yarıdan çoxu yaşıllıqların xalça kimi ətrafa salındığı, şam,palıd ağaclarının sıx yerləşdiyi və maralın,ceyranın süzdüyü yaşıl meşələrin əsrarəngiz gözəlliyi ilə əhatə olunduğu « yaşıl qış» idi.
Norveçdə ilk baharda gördüyü hər yarpaqda, hər güldə Vətən qoxusu,duyğusu və oxşarlığı görən gənc qız bir neçə il belə yaşamışdır. Qərb ölkədə kimi gördüsə Azərbaycan baharından, güllərinin ətrindən,rəngindən, quşların oxumasından,
çeşmə bulaqlardan danışmış və onların xəyalı ilə özünü Norveçin«yaşıl qış» na öyrəşdirmişdir. O «yaşıl qış» ki, sanki canlı,təbii və ecazkar bir rəssam tablosudur. Bu tablo vasitəsi ilə o gənc qız həm öz sevgisini tapmış ,həm də Vətən həsrətini qisməndə olsa unuda bilmişdir. Ağacların əksinin üzərində yer aldığı, göyü üz kimi təmiz göllər, bu göllərdə üzən nadir, gözəl quş növləri gənc qızı Norveçi sevməyə sövq etmiş və nigarançılıq hissini azaltmışdır. Təbiətin ecazkarlığı gənc qızın qəlbini ovsunlayaraq onu öz ağuşuna almağa başlamışdır. İlk baharda onun ilk sirdaşı,qəlb yoldaşı və yaxın dostu da elə bu füsunkar təbiət olmuşdur. O,təbiətdən aldığı güc və qüvvədən irəliləyərək cəmiyyətdə hər hansı bir mövqey əldə etməyə çalışmış özünü Norveç cəmiyyətinin və təbiətinin bir hissəsi kimi qəbul etməyə başlamışdır.
Norveç baharının simvollarından biri də yasəmən gülüdür. O yasəmən ki, rəngi,gözəlliyi,ətri, nazı və zərifliyi ilə neçə-neçə qəlbləri fəth edən və ovsunlayan qadına çox bənzərliyi vardır. AĞ,tünd və açıq bənövşəyi rənglərdə Norveç təbiətinin simvolu olan yasəmən may ayında tanrının bəxşişi kimi hər tərəfi gözəllik çələnginə bürüyür. Yasəmən bu gənc qızıda ovsunlamış , qəlbində sevgi hissi yaratmış və qəribçilik hissini unutdurmuşdur. O,hara getsə, hara dönsə ancaq yasəmən görür ,dərib saçına taxır öz xəyal dünyasını qura-qura “yaşıl qış”ı sevməyə və əzizləməyə başlamışdır.
Norveçdə yazın əsas simvollarından biri də yağışdır. O yağış ki Norveç meşələrini su ilə təmin edən və ecazkar yaşıllığın yaranmasının ilk və tək səbəbi nur yağışı…
Ancaq gənc qız hər yağış yağanda sanki bir qaranlığa qərq olar və nigarançılıq hissi onu rahat buraxmazmış. Yaz yağışının nigarançılığı qızı çox üzərdi və o Vətəndən,ailəsindən, öz doğma güllərindən nigaran qalarmış. Gənc qız Norveçdə əsrarəngiz “yaşıl qış”da hər yağış yağanda öz kiçik yuvası və sevdikləri üçün nigarançılıq hissi keçirərmiş və “Təkcə səndən nigaranam” deyərmiş:
“Gəlib, hərdən düşər yada, hərdən düşər yada,
O günlər bir nağılsa da, şirin nağılsa da.
Bütün dünya dağılsa da, dünya dağılsa da,
Təkcə səndən nigaranam, səndən nigaranam..” (Baba Vəziroğlu)

Quşların oxuması, dələlərin bir ağacadan o biri ağaca sürətlə qaçması, maralların yol üstündə və ya meşədə adama boylanması da Norveç təbiətinin möcüzələrindəndir. İllər ötdükcə maralların sakit baxışı, dələlərin həyəcan və qorxu ilə qaçması və quşların xoş nəğmələri qənc qızın qəlbini ovsunlayır və “yaşıl qış”a olan sevgisini daha da artırırdır.
Belə ki, qarlı bir bahar günündə Norveçə gələn gənc qız zamanla bu ölkənin hər fəslini sevmiş, öz nağıl dünyasını yaratmış və qəhrəmanlarını isə həm Azərbaycan, həm də Norveçdən seçmişdir. O, qəlbində iki ölkəni birləşdirən bir nağıl yaratmış və onu belə adlandırmışdır:“ Yarı məndə, yarı səndə”
Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə, dolu səndə”.(Nüsrət Kəsəmənli)

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top