Aprelin 12-də şəhid analarının fədakarlığını və qəhrəmanlığını təqdir etmək məqsədilə “Qəhrəmanlar Anası” adlı anım tədbiri keçirilib

Aprelin 12-də şəhid analarının fədakarlığını və qəhrəmanlığını təqdir etmək məqsədilə “Qəhrəmanlar Anası” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin təşkilatçısı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxışında Aprel döyüşlərinin şəhid analarının yaddaşında silinməz izlər buraxdığını bildirib. O qeyd edib ki, Azərbaycan heç zaman müharibə istəməyib, lakin ölkənin ərazi bütövlüyünü təmin etmək üçün haqq savaşına başlamaq məcburiyyətində qalıb. Aprel döyüşləri bu mübarizənin önəmli başlanğıcı, xalqın birliyinin və ordumuzun gücünün simvolu olub.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, şəhidlərimizə, qazilərimizə və müharibə iştirakçılarına olan borcumuz qədər, onları böyüdüb yetişdirən analara da minnətdarlığımız sonsuzdur.
Deputat Aydın Hüseynov tədbirin mahiyyətindən danışıb: “Ana adı hər zaman müqəddəs tutulub və qəhrəmanlar yetişdirən anaların özləri də əsl qəhrəmandır. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olub. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib və bu Qələbə dünya hərb tarixinə unikal nümunə kimi daxil olub. Ordumuzun göstərdiyi şücaət bütün dünyaya xalqımızın əzmini və gücünü sübut edib”.
Çıxış edənlər şəhidlərin əziz xatirəsinin daim yaşadılacağını, onların ailələrinin cəmiyyət və dövlət tərəfindən hər zaman yüksək ehtiramla yad ediləcəyini vurğulayıblar. Bildiriblər ki, yeni nəsil bu qəhrəmanları tanımalı və onlara layiq şəkildə böyüməlidir.
Tədbirdə İkinci Qarabağ müharibəsi qaziləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.