ELDAR NƏSİBLİ SİBİREL – QƏRİBSƏMİŞƏM

QƏRİBSƏMİŞƏM
Bu axşam nədənsə yaman kövrəyəm
Közərib od alır fikrim, xəyalım.
Bu axşam həsrətlə vuran ürəyəm.
Dağılıb, pərişan olubdur halım,
Sənsən, doğma yurdum, könlümə düşən,
Bu gün səndən ötrü qəribsəmişəm.
Hanı bir mahnının tilsimiylə mən,
Bir yaşıl çəməndə yatıb qaldığım?
Qaçan cüyürlərin çəhrimiylə mən,
Yorub yollarını əldən saldığım,
Ay damğacı düzüm, ay yanıq meşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.
Hanı dalğa-dalğa coşub-kükrəyən
Sevgi fərəhimin uçan gülüşü?
Zalım qardaşından qorxub titrəyən
Bir qız dodağının qaçan gülüşü?
Görüşə gecikən, gözü-bənövşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.
Görəsən, fikrindən keçirir nələr?
Gözü yolmu çəkir anamın indi?
Beşiyim başında uzun gecələr
Yuxuma da layla çalanım indi.
İstərəm bu dərdi sənlə bölüşəm,
Ana, səndən ötrü qəribsəmişəm.
1972
Müəllif: ELDAR NƏSİBLİ SİBİREL
ELDAR NƏSİBLİ SİBİRELİN YAZILARI
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru