Weather Data Source: havadurumuuzun.com

TƏMİZLİK GÖZLƏNİLMƏLİ, ETİK NORMALARA RİAYƏT OLUNMALIDIR

TƏMİZLİK GÖZLƏNİLMƏLİ, ETİK NORMALARA RİAYƏT OLUNMALIDIR
Şəhərimizə, əsasən Bakının qəsəbələrinə çıxanda bir tərəfdən adamın ürəyi açılır, digər tərəfdən isə bəzi çatışmazlıqlara görə əhval-ruhiyyəsi korlanır. Ətrafa baxdıqda gözəl binalar, müasir geyimli insanlar, dəbdəbəli avtomobillər, parklar, fəvvarələr insanın könlünü oxşayır. Lakin elə nüanslar var ki, bu, şəhərin, yaxud qəsəbənin səviyyəsinə uyğun gəlmir. Elə o son dəbdə geyinmiş qadın və kişilərdən də çox səviyyəsiz hərəkətlər gördükdə bu təzad adamı kədərləndirir. Belə ki, yüksək dəblə geyinmiş qadının günəbaxan tumunu çırtlayıb qabığını yerə atması, yaxud solfet kağızı işlədib yerə tullaması, gənclərin, eləcə də kişilərin siqaret çəkdikdən sonra onun kötüyünü yerə atması və sairə kimi bu hallar insanda ikrah hissi doğurur. Axı nə səbəbə insanların əksəriyyəti son dəbə tez uyğunlaşır, lakin mədəni səviyyəsini artırmaq istəmir? Biz necə evimizi təmiz saxlamaq istəyiriksə, eləcə də yaşadığımız binanın, həyətin, qəsəbənin, küçənin, şəhərin təmizliyinə riayət etməliyik.
Mən (bu yazının müəllifi – F.Ə.) Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayıram. Onu da qeyd edim ki, Mərdəkan Xəzər rayonunun mərkəz qəsəbələrindən biridir. Hər gün yerə zibil atan kişi və qadına rast gəlirəm. Məsələ burasındadır ki, Mərdəkan qəsəbəsinin mərkəzi küçəsində dayanan, eləcə də hərəkət edən kişi və qadınlar (əsasən kişilər) lap yaxınlıqda zibil qutusu olsa da, zibili qutuya deyil, yerə atırlar. Bir neçə dəfə zibili yerə atan kişiyə zibilin yerə atmamasını başa salmışam. Amma onlardan : “hamı zibili yerə atır da…” – sözünü eşitmişəm.
Bu məsələnin çözülməsində təbliğatdan, ictimai qınaqdan, eləcə də cərimə üsulundan istifadə etmək olar. Magistral yollarda, hətta bəzi daxili küçələrdə yol hərəkəti qaydalarını pozan avtomobil sürücülərini qeydiyyata alıb cərimələməkdən ötrü “radarlar” qoyulur. Bu, müsbət haldır. Belə olduqda, nəticədə yol hərəkəti qaydalarını pozan sürücülərin sayı azalır. Yaxşı olardı ki, küçələrə siqaret kötüyü, kağız, butulka və yaxud hər hansı bir zibili atan şəxsləri cəzalandırmaqdan ötrü bu üsuldan istifadə olunsun. Əgər küçəyə zibil atan şəxs cərimələnsə və yaxud cərimələnəcəyini bilsə, onu lazım olan yerə atar.
Gördüyüm bir əhvalatı oxucuların da diqqətinə çatdırmaq istərdim. Belə ki, 04 aprel 2025-ci ildə səhər saat 10 radələrində piyada yol gedirdim. Mərdəkan qəsəbəsində yerləşən UNİbankın giriş qapısında təxminən 45-50 yaşlı bir kişi çəkdiyi siqaretin kötüyünü yerə atdı və banka daxil oldu. Halbuki zibil qutusu bir metr aralıda idi və həmin kişi siqaret kötüyünü zibil qutusuna ata bilərdi. Dözmədim. Kişinin dalınca UNİbanka daxil oldum və kişiyə siqareti niyə yerə atmasını soruşdum. Kişi sakitcə dedi : “əcəb etmişəm”. Yenidən ona dedim ki, axı, bu, yaxşı iş deyil, niyə siqaret kötüyünü yerə atdınız? Yenə də : “əcəb etmişəm” – dedi. Kişinin geyiminin arxa tərəfində böyük hərflərlə MKTB yazılmışdı. Yəqin ki, kişi Mənzil Kommunal Təsərrüfatı Birliyində çalışır. Ona dedim :
-Bu haqda idarə rəisinə desəm, ona da, “əcəb etmişəm” , – deyərsənmi?
Kişi duruxdu və dedi:
-Mən şəhərdə işləyirəm.
Onun ağ yalan danışması artıq mənə məlum oldu. Əvvəla MKTB tərəfindən ona verilən pencək əynində idi. İkinci məsələ də budur ki, Bakı şəhərindən Mərdəkan qəsəbəsinə banka müraciət etməyə lüzum yoxdur. Çünki Bakıda xeyli sayda müxtəlif banklar mövcuddur.
Kişinin adını özündən soruşmaq istədim. Təcrübəmin çox olmasına görə düşündüm ki, ünsiyyət qaydasına riayət etməyən şəxs, adını düzgün deməz.
Məlumat üçün qeyd edim ki, hər bir rayonda MKTB idarəsi fəaliyyət göstərir. İdarənin funksiyası küçələri, prospektləri süpürmək və küçələrdə, rayon ərazisində fəaliyyət göstərən müəssisələrin zibillərini maşınlarla daşıyıb atmaqdan ibarətdir. Onu da qeyd edim ki, rayondakı Mənzil İstismar Sahələri də MKTB-nin tabeliyindədir.
Elə həmin gün səhər saat 11 radələrində Xəzər rayon MKTB-nə zəng etdim. İdarənin müdiri və yaxud baş mühəndislə danışmaq istədim. Katibə onların işdə olmadığını, iclasa getdiklərini söylədi. Gördüyüm hadisəni katibəyə danışdım və ondan xahiş etdim ki, bu məsələni müdirə məruzə etsin. Bir neçə gündən sonra düşündüm ki, yəqin idarə tərəfindən həmin adam tapılıb və tənbeh edilib. Məsələni öyrənməkdən ötrü 07 aprel səhər saat 11 radələrində yenidən idarəyə zəng etdim. Katibə xanım müdirin yerində olmadığını dedi və söhbət əsnasında qeyd etdi ki, “bizim işçi heç vaxt siqaret kötüyünü yerə atmaz, yəqin həmin şəxs həqiqətən Bakıdan gəlib”. Maraqlıdır, elə deyilmi?
Kişinin “əcəb etmişəm”, – dediyi söz mənə çox pis təsir etmişdi. Həm də kişi bir dəqiqə ərzində nizam-intizamı dörd dəfə pozmuşdu:
1.İş vaxtı onun banka müraciət etməsi, onu deməyə əsas verir ki, o, işdən yayınıb. Amma bəlkə də rəhbərlikdən icazə alıb. Demək çətindir.
2.Siqaret kötüyünü yerə atmışdı. Bu, yolverilməzdir. İstər evdə, istər işdə, istərsə də küçədə təmizlik gözlənilməli, sanitariya qaydalarına riayət olunmalıdır.
3.Üzr istəməkdənsə, “əcəb etmişəm”, – dedi. Deməli, etik normalara riayət etmir, eləcə də ünsiyyət qaylarından bixəbərdir.
4.Mən şəhərdə işləyirəm. Deməli, kişi yalan danışdı. Əgər kişi yalan danışırsa, yəqin ki, vəziyyətdən çıxmaq üçün, o, dəfələrlə yalan danışıb.
Həmin kişinin kimliyini öyrənməkdən və ona müəyyən etik qaydaları başa salmaqdan ötrü, 08 aprel tarixində UNİbankda oldum. Əvvəla bankda əməliyyatlar aparılır. Həm də bankda bir neçə yerdə video kamera var. Bankın maddi məsul şəxsi Hacıqulu Quluzadə ilə görüşüb gəlişimin səbəbini dedim. Ondan xahiş etdim ki, araşdırıb həmin adamın kimliyini mənə desin. Hacıqulu müəllim məni yüksək səviyyədə qarşılasa da, araşdırma aparmağı lazım bilmədi və dedi ki, “biz yalnız məhkəmənin qərarı olsa, araşdırma apara bilərik”.
Bax belə. Nə qədər intizamsız, təmizliyi gözləməyən insanları görüb susacağıqsa, bu, belə də davam edəcək. Belələri isə çoxdur. Lap çox. Küçələrdə, prospektlərdə müşahidə etsəniz, şahidi olarsınız. Azərbaycan respublikasının hər bir vətəndaşı isə, hər bir yerdə təmizliyi gözləməli, etik normalara riayət etməlidir…
Fərhad Əsgərov (Ramizoğlu)

FƏRHAD RAMİZOĞLU YAZIR

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top