Sədaqət Kərimovanın doğum gününə

ƏDƏBİ TALEYİNDƏN BOYLANAN ADAM
Sədaqət Kərimovanın doğum gününə
30 mart zaman-zaman dəyişən, yeniləşən ədəbi mühitdə 50 ildən çox böyük bir yolda yorulmadan irəliləyən şair, yazıçı, jurnalist, tərcüməçi, kinossenarist, bəstəkar Sədaqət Kərimovanın doğum günüdür. Bu münasibətlə ədəbi potensialına güvənərək öhdəsinə aldığı çoxşaxəli yaradıcılığında böyük uğurlara nail olmuş istedadlı xanımı ürəkdən təbrik edirəm…
İlk olaraq xatırladım ki, ikimiz də zamanında yeganə Universitet – məbədgah olan Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışıq. Aydındır ki, 50-60 ildə jurnalist ixtisasına yiyələnmiş minlərlə məzun olub. Amma elə bu günə qədər də ədəbi-mətbu fəaliyyəti ilə yadda qalan, yeni nəslə nümunə ola biləcək simalar, imzalar çox azdır. Və mən bu azların içərisində Sözü, yaradıcılıq məhsulları ilə üzdə-gözdə olan, tanınan görkəmlilər sırasında böyük ehtiramla Sədaqət Kərimovanın adını çəkirəm. İllərdir, ədəbi mühitdə yaradıcılığının nizam-tərəzisində kəmiyyətlə keyfiyyətin bərabər olduğu Qələm Adamı kimi O, çox şəffaf və aydın görünür…
Sədaqət xanımın yaradıcılığında özəlliyi ilə seçilən xüsusiyyətlər diqqətçəkəndir. Yazıçı əsərlərini 3 dildə – Azərbaycan, rus, ləzgi dillərində yazır. Bitib-tükənməyən çoxşaxəli mövzuları yaz aylarında dağların, düzəngahın sinəsində boy göstərən allı-güllü, rayihəli gül-çiçək timsallı gülzarlıq kimidir…
Ədəbi yaradıcılığın bir neçə növ və janrında əsərlər ərsəyə gətirən Sədaqət Kərimova mətbuata hələ orta məktəb illərindən respublikanın bir sıra mətbu orqanlarında çıxış etdiyi hekayə, şeir və məqalələrlə gəlmişdir. Demək ki böyük ədəbiyyata, mətbuata, mədəniyyətə gəlişi təbiətindən doğmuş, doğallıq kəsb etmişdir.
Məni bu gün də yaxşı mənada heyrətləndirən Sədaqət xanımın ədəbi yaradıcılığında tez-tez keçidlər edərək, poeziya və nəsrdə, jurnalistikada, kinematoqrafiyada şair, yazıçı, publisist, ssenarist, bəstəçi olaraq dərin məzmunlu əsərlərə imza atmasıdır…
Əmək fəaliyyətinə gəlincə, qəhrəmanım Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetində 17 il fasiləsiz çalışmışdır. İllər içrə mətbuatda təcrübə qazanmış, zənginləşmişdir. Bundan sonra “Azərbaycan” qəzetində şöbə müdiri, “Günay” qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərmişdir. Sədaqət Kərimova 1997-ci ildən bu günə qədər öz vəsaiti ilə üç dildə çıxan “Samur” qəzetinin baş redaktorudur. 28 ildir ki, qəzet özünün çoxçeşidli mövzuları, ədəbi örnəkləri ilə oxucuların görüşünə gəlir…
Yazıçı Azərbaycan, rus, ləzgi və türk dillərində çap olunmuş minlərlə məqalənin, 40 adda poetik və nəsr əsərlərinin, Azərbaycan və ləzgi dillərində 700 səhifəlik “Qusar, qusarlılar” ensiklopedik toplunun müəllifidir. Xanım sənətkar yazıçı-jurnalist Müzəffər Məlikməmmədovla birlikdə “Ləzgicə-azərbaycanca lüğət” və “Azərbaycanca-ləzgicə lüğət” kitablarını tərtib edib çapdan çıxarmışdır.
Sədaqət xanımın yaradıcılığında mədəniyyət sahəsində yaratdığı incilər də heyrətamizdir. İndi bu yığcam yazıda əsərlərinin mövzusundan, adlarından bəhs etmədən onun ədəbi taleyinə qısaca ekskurs etməyi münasib sandım. Lakin sözün bu məqamında tarixilik baxımından yanlışlığa yol verməyim deyə, sənətkarın vikimənbə səhifəsində yer almış bəzi məlumatları da diqqətə çatdırmağı məqsədəuyğun sayıram…
Sədaqət Kərimovanın ssenari müəllifi, bəstəkarı və prodüseri olduğu, 2018-ci ildə çəkilib, 2021-ci ildə Youtube-də yerləşdirilmiş “Soyuq günəş” bədii filmi tamaşaçıların dərin rəğbətini qazanmışdır. Onu bu günə kimi ləzgi, azərbaycan və rus dillərində 15 milyon insan izləmişdir.
2013-cü ildə Azərbaycan Respublikasının Nobel İnformasiya Mərkəzi tərəfindən filologiya elmləri namizədi Bəybala Ələsgərovun müəllifliyi ilə “Sədaqət Kərimovanın həyat və yaradıcılığı” adlı biblioqrafik vəsait çap olunmuşdur.
2014-cü ildə Azərbaycan Milli Kitabxanası Sədaqət Kərimovanın həyat və yaradıcılığını əks etdirən geniş biblioqrafik kitab hazırlayıb çapdan çıxarmışdır. Sədaqət Kərimovanın sözləri və musiqisi özünə məxsus olan 100-dən çox mahnısının mətnləri və notları onun 2018-ci ildə çapdan çıxmış “Mənim mahnılarım” adlı kitabına daxil edilmişdir.
Sədaqət Kərimova 1997-ci ildə yaratdığı “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına 20 il rəhbərlik etmiş, 40-a yaxın ləzgi xalq melodiyasını yenidən işləmiş, bir neçə rəqs yaratmışdır. “Qarılar”, “Şən qızlar”, “Qu quşları”, “Dem”, “Kəpənəklər” və sair belə rəqslərdəndir.
Sədaqət Kərimovanın ssenari müəllifi və rejissoru olduğu “İtən gündəlik” və “Səssiz haray” filmləri də YouTube-də ən çox izlənən filmlər siyahısına düşmüşdür. Eləcə də ssenari müəllifi və rejissoru olduğu sənədli, musiqili, etnoqrafik, o cümlədən qısametrajlı bədii filmlər onun Youtube kanalında yerləşdirilmişdir.
Sədaqət Kərimova jurnalistika sahəsindəki uğurlarına görə hələ Sovet dövründə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” (1984) və Həsənbəy Zərdabi (1991) mükafatlarına layiq görülmüşdür. Lakin mənim düşüncəmə görə (inanıram ki, onun özünün də nəzərində belədir!) ədəbi yaradıcılığında qazandığı nailiyyətlər, böyük oxucu, tamaşaçı sevgisi sənətkarın malik olduğu ən böyük uğuru, mükafatıdır…
Qusarda doğulub yurdunun suyu, çörəyi havası ilə böyüyən qusarlı qızın Azərbaycanın görkəmli şəxsiyyətlərinə, göz açdığı obasına, yurdunun mədəni həyatına, tarixinə, folkloruna ədəbi ömür verməsi bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə bəxş etdiyi töhfəsidir. Mənim tanıdığım Sədaqət Kərimova bu gün də gənclik həvəsi, duyğusu, tükənməz sevgisi ilə yazıb-yaradır.
Həmkarım, qələmdaşım Sədaqət xanımı belə gördüm, belə tanıdım, beləcə də “Taleyimdən keçən seçmələr” sırasına aldım. Zəkan iti, yolun aydın olsun, taleyindən boylanan İşıqlı Adam…

P.S.Bu yazını dünən işləsəm də gün ərzində və bu gün ziyarət yerlərim, qonaqqarşılama və məişət qayğıları ilə məşğul olduğumdan paylaşıma indi macal tapdım…
31.03.25.
Hörmətlə: Şəfəq Nasir
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru