Zaur Ustac – Zabitlər

ZABİTLƏR
Bu çox həssas hekayə;
Duymaz onu hər ürək.
Duymaq üçün bu qəlbi,
O yoldan keçmən gərək!
Bu sözün anlamını
Bilməz hər yoldan ötən.
Bu sözün sinonimi
Gərək yazılsın Vətən!
Zabit hava, zabit su,
Zabit yol, zabit torpaq.
Zabit tənha bir ağac,
Zabit zirvədə bayraq!
Hələ lap körpəlikdən
Uşaqlıqdan vaz keçər.
Yeniyetmə olanda
Sədaqət andı icər!
Yaşıdları yatanda,
İsti yorğan-döşəkdə.
Çovğun, boran olsa da,
O dayanar keşikdə…
Bəzən sərhəd dirəyi,
Bəzən də körpü olar.
Bir ömür səfərdədir,
Bələdçisidi yollar…
Xidmət edər vətənə,
Sorğulamaz heç kimi.
Oğrunu qoruyantək,
Həm də qorur hakimi.
Şaxtada şaxı sınar,
Gündə çıxar cızdağı.
Palçıqlı çəkmələri
Daşır Vətən torpağı…
Al qanının rəngidir,
Al qırmızı lalələr..
Hər bahar salamlayır,
Onları Xürrəmilər…
Qanıyla suvardığı
Torpaq bitib yurd olar.
Yalançı, düz aramaz,
Hamıçün şəhid olar…
Sorğulamaz heç kimi,
Xidmət edər vətənə…
Onları tay tutmayaq,
Gəlin yoldan ötənə…
Müəllif: Zaur USTAC
“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru