Bir “Novruz” bizdən o yana
Uşaqlıqda il uzunu səbirsizliklə Novruz bayramını gözləyərdim. Bayramlar görüşdürürdü , qovuşdururdu hamını. Əmilər , dayılar, xalalar, bibilər , nənələr , babalar bayramıydı Novruz . Bayramda hamımızın bir öpüş , bir sığal payımız olardı. Bir illik tənbehdən ( dəcəlliyimiz başımıza bəlaydı) sonra bu pay dünyanın bütün nemətlərindən şirin olardı. Sevildiyimizi o gün anlayardıq sanki. Sən demə hamı bizi çox sevirmiş. Bizim xəbərimiz yoxmuş. Heç kim xətrimizə dəyməzdi. Dadını çıxarardıq bu bəxtəvərliyin. Bilirdik ki, bayramdan sonra yenə hər şey əvvəlki kimi davam edəcək. Yenə tənbeh olunacağıq, sözə baxmayanda yenə üzümüz danlanacaq. Amma içimizdəki sevinci dolu-dolu yaşamaq istəyərdik. Hamının üzündəki sevincdən bizə də pay düşərdi.. Ən azı bayramlarda hamı dərdini, yorğunluğunu , problemlərini, qayğılarını unudardı . Xoşbəxt olmağa çalışardı hamı. Hamı hamının qapısını ürəklə açardı. Yorğun düşərdik ev -ev gəzib insanlarla bayramlaşmaqdan. Amma bu yorğunluqdan da zövq alardıq. Bu yorğunluğun ləzzəti başqaydı axı. Birinci nənəmin yanına qaçardım. Səfurə nənəmin. Bayramlaşmağa. Görərdim ki, nənəm təzə paltarını geyinib oturub öz taxtında. Sultan kimi. Bilirdi ki, hamı onun yanına gələcək . Ona görə də səhərin gözü açılan kimi təzə paltarını geyinib qonaq gözləyərdi. Ağbirçək idi axı. Bizi görüncə üzü işıqlanardı. Üzümdən öpüb yanında oturdardı. Gələnlər əvvəlcə onu , sonra məni öpərdilər. Gətirilən sovqatlardan mütləq payımı verərdi. Qucağım dolardı sovqatla. Xoşbəxtlik deyəndə nədənsə o anları xatırlayıram. Gözümüzdəki gülüşlə , üzümüzdəki öpüşlə, saçımızdakı sığalla çox xoşbəxt idik. Elə böyük arzularımız da yox idi. Sevdiklərimizlə, bapbalaca arzularımızla yaşayırdıq xoşbəxtliyi . Qulaq falına çıxmazdım, qurşaqatdıya da getməzdim Novruzda. Tənbəl idim bu sarıdan. Ürəyimdə arzu da tutmazdım. Sevdiklərim yanımdaydı, bəs idi mənə.
Bütün evlərdən gülüş səsi gələrdi bayramlarda. Tutardıq bu gülüşün ətəyindən , gəzərdik ev-ev, qapı-qapı.Əynimiz bayramdan bayrama sevinərdi . Bu sevinci yaşamaq da bir xoşbəxtlik idi amma. Hamı bir -birinə ürəklə “Bayramınız mübarək” deyə bilirdi. Axı ürəklər də kindən, kidurətdən , nifrətdən uzaq idi o vaxtlar. Mənə görə dünyanın ən pak , təmiz vaxtlarıydı onda. Ətrafımız işıqla doluydu.
Göz açıb yumunca vaxt keçdi. Böyüdük . Bayram -bayram , sığal-sığal böyüdük. Bizimlə birgə arzularımız da böyüdü.
Bir də gördük ki, nə nənə var, nə sığal , nə öpüş , nə o evlər. Köhnə evləri söküb yerində daha böyük , daha təmtəraqlı evlər tikildi. İşığı əvvəlkindən daha az , sevgisi bir dadımlıq , qapısı , pəncərəsi kilidli. Anladıq ki, sən demə dünya biz düşündüyümüz kimi elə də işıqlı deyilmiş. Biz işıqla baxmışıq sadəcə hər şeyə. Evlər böyüdükcə adamlar azaldı . Adamlar seyrəldikcə bayramlar da kiçildi. . Qopduq bir -birimizdən. İçimizdən qopduq . Baxışlardakı gileydə , tənhalıqda itib batdı bütün bəşəri duyğular. Kirləndi ürəklər. Sonra bayramlardan da utandıq , çata bilmədiyimiz arzularımızdan da. Elə saçımızdakı sığaldan da, yanağımızdakı öpüşdən də .