Novruz bayramı ərəfəsində çərşənbələrin sonuncusu axır çərşənbədir. Bu çərşənbə xalq arasında “ilaxır çərşənbə”, çərşənbə suri”, “yer çərşənbəsi” adları ilə də işlənir.Sonuncu çərşənbə torpağın oyanması ilə əlaqələndirilir.
Qədim bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdiyi bir gündə Sel, Yel və Atəş Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Xatunu oyadıb adamların qıtlıq çəkdiyini söyləyirlər.Torpaq Xatun: “Adamları fəlakətə salan fəlakətə düşər” – deyə, yerindən ayağa qalxır. Yel, Sel, Atəş və Torpaq əl-ələ verib: Atəş gəldi,zəmzəm gəldi, yel gəldi, Təzə ömür, təzə məhsul, il gəldi,- deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər üç qardaş, bir bacının işıqlı dünyaya çıxdiği həmin gün ilin əziz günü olan axır çərşənbə idi.
İlaxır çərşənbə şənlikləri və mərasimləri özünəməxsusluqla daha çox seçilir.Torpaq çərşənbəsində torpaq əzizlənər, adamlar torpağı təmizləyər, bostan və dirriklərdə müxtəlif ayinlər keçirilərdi.
Torpaq çərşənbəniz mübarək!