Weather Data Source: havadurumuuzun.com

Qəhrəmanımızı tanıyaq və tanıdaq

Qəhrəmanımızı tanıyaq və tanıdaq

12 mart Milli Qəhrəmanımız Natiq Qasımovun anım günüdür.

Natiq Səlim oğlu Qasımov 2 yanvar 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi ilə birlikdə Mingəçevir şəhərinə köçüb. Orta təhsilini başa vurduqdan sonra peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət keçib.
1991-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hücumları zamanı könüllü olaraq Ağdamda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna qoşulub və Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonunun Pirlər (Xramort) kəndi yaxınlığında yerləşən Alban kilsəsi uğrunda gedən döyüşdə erməni hərbçiləri tərəfindən əsir götürülüb. Beş gün ac-susuz mühasirədə qalsa da, təslim olmayıb və Azərbaycan bayrağını əlindən düşürməyib.
Natiq Qasımovun əsir götürülməsi faktı rusiyalı jurnalist Konstantin Smirnov və italiyalı fotojurnalist Enriko Sarzinin şahidliyi ilə sənədləşdirilib. Onun əsir götürülməsi “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
2024-cü il iyunun 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Hər il 2 yanvar tarixində Natiq Qasımovun doğum günü münasibətilə anım mərasimləri keçirilir. 2025-ci ilin yanvar ayında Mingəçevir şəhərində onun xatirəsinə ucaldılmış abidənin açılış mərasimi təşkil edilib.
Bu gün, 12 mart 2025-ci il, Natiq Qasımovun əsir götürülməsinin və itkin düşməsinin 33-cü ildönümüdür. Onun xatirəsi Azərbaycan xalqı tərəfindən daim ehtiramla yad edilir.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top