Səadət Məftun – Bənövşəm

Bənövşəm
Oxşayım üzünü, öpüm gözündən,
Gəl köksüm üstündən asıl bənövşəm…
Qar altda gizlənmə, sevgi çiçəyim,
Günəş üzə gülür, açıl bənövşəm…
Nə qədər gizləsən, nə qədər büksən,
Bilirəm dərdini, tənhasan, təksən,
Yox könül həmdəmin boynubüküksən,
Qəlbim çox üzülür, açıl bənövşəm…
Mən səni bilmirəm, vəsf edim necə,
Ürək oxşayırsan, sən incə-incə.
Bahar xonçasına de səndən öncə,
Hansı gül düzülür, açıl bənövşəm…
Şirin nəfəsinin həzinliyindən,
O xoş rayihəndən, o xoş iyindən,
Sevdalı qəlbinin dərinliyindən,
Məhəbbət süzülür, açıl bənövşəm!
Müəllif: Səadət Məftun
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru