Weather Data Source: havadurumuuzun.com

“ÜMİD , SƏBİR – ŞEİRİMİZİN MERACI” ZƏRİFƏ SUFİ MİKAYILOVANIN YARADICILIĞINDA BİR ŞEİRİN CAZİBƏSİ

“ÜMİD , SƏBİR – ŞEİRİMİZİN MERACI”
ZƏRİFƏ SUFİ MİKAYILOVANIN YARADICILIĞINDA BİR ŞEİRİN CAZİBƏSİ

” Dünya ” anlayışına nəzər saldıqda onun daha çox iki anlamda işləndiyini görürük: bir bütün bəşəriyyətin , kainatın sığındığı maddi aləm , bir də hər bir insanın öz daxili aləminə sığındığı mənəvi dünya.
Zamanın, əbədi həyatın mövcudluğunu əks etdirən aləm öz axarı ilə gedir ; hər kəs , hər canlı bu əbədi pəncərədən baxıb keçir və əlbəttə ki, bəzi insanlar bir iz buraxıb gedirlər.
Daxili dünyada , mənəvi aləmdə isə hisslər, duyğular gərgin , qapalı , çox vaxt böhranlı vəziyyətdə yaşayırlar.Mənəvi dünyası saf , vicdanı təmiz insanların daxili dünyası zəngin , özü isə xoşbəxt olur.
Gözəl şairə xanım ZƏRİFƏ SUFİ MİKAYILOVANIN baxışlarından yola çıxanda onun söz dünyası ilə həyat həqiqətlərinin uzlaşdığını görürük.
Dünya elə işindədir əzəldən,
Kim əl çəkər sənin kimi gözəldən?
Gəl zövq alaq biz şeirdən , qəzəldən,
Dünya eyni, zaman ayrı zamandır,
Heç düşünmə, dərd insana ziyandır.

Vəfa insanın mənəvi aləminin ən yüksək zirvəsidir.O zirvələri fəth etmək, o mənəvi aləmə çatmaq ucalıqdır, xoşbəxtlikdir.Vəfa həqiqi məhəbbətin meracıdır.Ülvi məhəbbətlə sevənlər vəfa anlayışına sahiblənir, həyatın gözəlliklərindən zövq alırlar.Vəfalı insanlar , həm də cəfakeş olurlar, min cür əziyyətdən keçirlər.
Zərifə Sufinin lirikasında məhz bu real həyatın incə duyğuları oxucuları düşündürməyə sövq edir.

İndi yoxdur çoxlarının vəfası,
Yaxşıların birə- mindir cəfası,
Yazmağın da heç olmayır faydası ,
Dünya eyni , zaman ayrı zamandır,
Çox düşünmə, dərd insana ziyandır.

Həyatda qayğıların çox olması bəzən şairin həyat eşqinə , ilham pərisinə mənfi təsir edir, sıxıntıları misralarda özünə yer tapır, dövrü , zamanı xarakterizə edir.Bu da təbiidir.Hər dövrün özünəməxsus xüsusiyyətləri hər bir sənətkarın əsərlərində inikas edir, onun iztirablarını səciyyələndirir.Lakin şairin bəzən romantik duyğuları , zəngin təxəyyülü onun mübarizliyini artırır.Zərifə Sufinin lirikasında mübarizlik ruhunun zənginliyi, inamı , ümidi öz əksini tapır.

Nə qədər küs, nə qədər de, bu acı ,
Azalmayır, edənmirik əlacı,
Ümid, səbir şeirimizin meracı,
Dünya eyni, zaman ayrı zamandır,
Çox düşünmə, dərd insana ziyandır.

Həyatda çətinliklərlə üzləşmək , insanı əzmkarlığa məcbur edir, inadkarlıq , dözümlülük , iradə, – bir sözlə , dərin insani keyfiyyətlər formalaşdırır .İnsan özünü daha güclü hiss edir, həyata baxışları insanı yüksəldir.
Zərifə Sufinin yaradıcılığında olan yeni dünya , “Turan dünyası ” fikirləri ön plana çəkilir.

Çətinlikdən az danışaq , yaşayaq,
Dərdimizi qəlbimizdə daşıyaq,
“Turan ” adlı dünyamızdan danışaq,
Dünya eyni, zaman ayrı zamandır,
Gəl düşünmə, dərd insana ziyandır.

Zamanın nisbiliyi, dünya gözəlliklərinin rəngarəngliyi, əsrarəngizliyi şeirin misralarında dolğun boyalarla əks etdirilib .Keşməkeşli dünyanın heç kim üçün əbədi olmadığı , ən böyük şəxsiyyətlərin dünya ilə vidalaşıb köçməsi, ölümün aniliyi , dünyanın faniliyi şairin qələmində oxuculara ustalıqla çatdırılmışdır.

Bu dünyadan kimlər gəlib keçdilər ?
Haqqa ” təzim edib ” , haqqı seçdilər,
Vidalaşıb
Dünya ilə eh, onlar da köçdülər…
Dünya eyni, zaman ayrı zamandır,
Gəl düşünmə, dərd insana ziyandır.

Hər bir şairin söz dünyası onun mənəvi dünyasının ruhi- psixoloji aləmini özündə ehtiva edir. Zərifə Sufinin yaradıcılığında insanı düşündürən məqamlar , insan idrakının fəlsəfəsini yaşadan poetik lirizim məharətlə əks olunur.
” Vətən ” mövzusu əzəli və əbədi bir mövzudur.Bu mövzu təbii ki, bir çox şairlərin yaradıcılığında yer alır. O cümlədən “Vətən ” mövzusu Zərifə SUFİ yaradıcılığının leytmotivini təşkil edir. Onun Vətən şeirlərində doğma yurda sonsuz sevgi duyulur.Şairin Vətənə olan yanıqlı həsrəti misralarda dil açır , unsanın əlindən tutub o torpaqlarda qarış- qarış gəzdirir.

Görüm , gəlim..

Allah mənə nəsib eylə ,
O dağları görüm, gəlim.
Ağırdır Vətən həsrəti
Güldən çələng hörüm, gəlim

Ürəyimdə çoxdur sözüm,
By həsrətə necə dözüm?!
Dikilib yollara gözüm,
Nərgizini dərim , gəlim.

Duman məni qucaqlasın,
Leysan yağsın , şimşək çaxsın,
Şehli çəmən süfrə açsın,
Dərdlərimi sərim , gəlim.

Vətən həsrəti şairin qəlbini alovlandırır, onusönməz atəşə çevirir , oxucusuna bütövlükdə özü ilə birlikdə o yerlərin havasını , uddurur , yağışının , gül- çiçəyinin ətrini hiss etdirir, Vətən torpağının nəfəsini , nemətlərini daddırır , sevdirir.

“Böyük təpə” , “Quru dərə” ,
Quzuqulaq , acıtərə,
Yerlik, xımı dərə- dərə ,
Qalmayıb təhərim , gəlim.

Kəkotusu , dələməsi,.
Quzuların mələməsi ,
Qatıq- südün körəməzi ,
Kərəsini görüm, gəlim.

Yazda təzə yarpızını ,
Dağda qarı, sal buzunu,
Həyətdəki çil xoruzu,
Fərəsini görüm, gəlim.

Zərifə xanım bütün varlığı ilə Vətənə, doğma yurda bağlı şairdir O Vətənlə üz-üzə qalanda sanki bütün dərdlərini unudur, böyük bir şövqlə Vətənini tərənnüm edir. O, Vətənini , həqiqətən, sevir, cəsarətlə bildirir ki, bu Vətəni mənim kimi sevən yoxdur.Onun istisi də, soyuğu da şairə əzizdir.

 


Zərifə SUFİ həm də dəyərli bir pedaqoq kimi uzun illərdir şagirdlərinə həyatı, Vətəni , şeiri, ədəbiyyatımızı tədris efir, sevdirir, xalqımıza layiq vətənpər şəxsiyyətlər yetişdirir.
P.S.
Hüseyn İsaoğlu, Yazıçl-publisist,
AYB-nin və AJB-nin üzvü.

Top