Weather Data Source: havadurumuuzun.com

Zəhra Həşimova yazır

İnsan Zehninin Dərinlikləri: Yuxular, Vicdan və Hüquq Arasındakı Bağ

İnsan zehni bir dənizdir—sakit görünsə də, dərinliklərində qasırğalar qopur. Dostoyevskinin “Cinayət və Cəza” əsərində irəli sürdüyü fikir də məhz bu fırtınaların səsinə bənzəyir:

“İnsan zehni nə ilə məşğuldursa, yuxusunda da onu görür.”

İnsan beynindəki məlumatları, duyğuları və təəssüratları daim işləyir və bu proses gecələr də davam edir. Gündüz beynimizdə formalaşan fikirlər yuxularımızda öz əksini tapır. Platonun “anamnezis” (xatırlama) nəzəriyyəsinə görə, insan ruhu bütün bilikləri əvvəlcədən bilir və yuxular bəzən bu biliklərin bir növ xatırlanması kimi ortaya çıxır. Bu yanaşma, Dostoyevskinin fikri ilə uzlaşır, çünki əgər insanın zehni müəyyən mövzularda düşünürsə, yuxularında da həmin düşüncələr yenidən canlanır və şüuraltı tərəfindən işlənilir. Digər tərəfdən, Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə görə, insanın yuxuları onun şüuraltında basdırılmış duyğularının, arzularının və qorxularının bir ifadəsidir. İnsan bəzən öz hiss və düşüncələrinin fərqində olmur, lakin yuxular bu gizli məqamları açaraq onları dərk etməyə kömək edir. Bu, insanın özünü tanıması və daxili dünyasına daha dərindən nüfuz etməsi üçün bir fürsətdir.
Böyük mütəfəkkirlər bu fikirləri yalnız nəzəri baxımdan deyil, bədii əsərlərində də ustalıqla canlandırıblar. Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində İsgəndərin yuxularında ilahi işarələr alması, onun taleyini yönləndirir. Sanki kainatın dərinliklərindən gələn bir səs ona nə etməli olduğunu pıçıldayır. “Xosrov və Şirin”də isə Xosrovun gördüyü yuxular onun qəlbindəki ehtiras və vicdanın çarpışmasının əks-sədasıdır. O, öz ehtirası və vicdanı arasında qaldıqda, yuxularında da bu mübarizəni yaşayır. Dostoyevskinin Raskolnikovunda olduğu kimi, Xosrov da öz qəlbində bir dava açır—biri onu sevgiyə, digəri isə vicdanın sərt hökmünə aparır. Füzulinin Məcnunu da eyni məhkəmədədi—amma onun yuxuları yalnız bir ad çəkir: Leyli. O, real dünyada tapa bilmədiyi sevgini yuxularında yaşamağa çalışır, şüuraltısı isə ona amansız gerçəyi xatırladır. Bu, Dostoyevskinin Raskolnikovun iç mübarizəsi ilə bağlı fikirləri ilə səsləşir: insanın gündüz düşündükləri, vicdanının narahatlığı gecə yuxularında da təzahür edir.
Hüquq fəlsəfəsində insanın psixoloji vəziyyəti və düşüncələri onun hüquqi məsuliyyətinə təsir edən vacib faktorlardandır. Xüsusilə, cinayət hüququnda subyektiv niyyət (mens rea) anlayışı mövcuddur ki, bu da bir şəxsin törətdiyi cinayətin arxasında dayanan psixoloji vəziyyətin araşdırılmasını nəzərdə tutur. Hüquq sistemlərində bir insanın düşüncələrinin, niyyətlərinin və psixoloji vəziyyətinin onun əməllərinə təsiri araşdırılır.
Dostoyevskinin fikrindən yola çıxaraq, əgər bir insan daim cinayətkar fikirlərlə məşğuldursa, bu düşüncələr onun psixikasında dərin iz buraxaraq yuxu formasında təzahür edə bilər. Hüquq elmi baxımından bu, insanın daxili aləmi ilə real həyatda törətdiyi əməllər arasındakı əlaqəni başa düşmək üçün mühüm bir məqamdır. Eyni zamanda, bəzi hüquq sistemlərində insanın şüuraltı vəziyyəti və psixi sağlamlıq məsələləri hüquqi məsuliyyətin müəyyənləşdirilməsində nəzərə alınır. Məsələn, əgər bir insan psixi pozğunluğa malikdirsə və bu onun düşüncələrinə və nəticə etibarilə əməllərinə təsir edirsə, hüquq bunu araşdıraraq müvafiq qərar verir. Bu, o deməkdir ki, insanın daxili dünyası və zehni fəaliyyəti hüquq sistemləri üçün də əhəmiyyətlidir. Hüquq yalnız niyyəti deyil, eyni zamanda həmin niyyətin həyata keçirilib-keçirilmədiyini də nəzərə alır. Bir şəxsin yalnız qanunsuz əməllər haqqında düşünməsi və yuxularında bu mövzularla məşğul olması cinayət məsuliyyəti yaratmasa da, əgər bu düşüncələr real əməllərə çevrilərsə, hüquq sistemləri həmin şəxsi məsuliyyətə cəlb edir. Məsələn, bir cinayətkarın törətməyi planlaşdırdığı cinayəti öncədən düşünməsi və bunun yuxularında əks olunması, onun gələcəkdə hüquqi məsuliyyətə cəlb olunma ehtimalını artırır. Hüquqla bağlı əsas suallardan biri budur:

“Bir insan yalnız pis əməllər barədə düşünürsə, lakin onları icra etmirsə, bu, hüquqi baxımdan cinayət sayılmalıdırmı?”

Pozitiv hüquq (yazılı qanunlar) baxımından, insan yalnız düşüncələrinə görə cəzalandırıla bilməz. Bir şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün onun konkret bir əməl törətməsi lazımdır. Təbii hüquq baxımından isə, insanın düşüncələri və vicdanı onun hüquqi və əxlaqi məsuliyyətini müəyyən edən əsas faktorlardan biridir. Bu yanaşmaya görə, insan yalnız əməllərinə görə deyil, həm də daxili dünyasına görə mühakimə oluna bilər.
Dostoyevskinin bu fikrini vicdan anlayışı ilə də əlaqələndirmək olar. İnsan daim vicdanının səsi ilə qarşılaşır. Gün ərzində etdiyi əməllər, verdiyi qərarlar və düşüncələri gecə yuxularında vicdan mühakiməsinə çevrilə bilər. Bir insanın yuxularında günah hissi, peşmançılıq və ya qorxu kimi elementlərin olması, onun vicdanının müəyyən məsələləri necə dəyərləndirdiyini göstərə bilər.Bu baxımdan, yuxular təkcə şüuraltının təzahürü deyil, həm də insanın mənəvi və psixoloji vəziyyətinin bir göstəricisidir. Dostoyevskinin irəli sürdüyü fikir, insanın öz daxili dünyası ilə üzləşməsinin və onu anlamağa çalışmasının nə qədər vacib olduğunu vurğulayır.Axundzadənin maarifçilik ideyaları insanın rasional düşüncəyə əsaslanaraq öz vicdanı ilə üzləşməsi ideyasını irəli sürür. Onun dram əsərlərində insanlar cəmiyyətin sosial qaydalarına və hüquqi çərçivələrə uyğun hərəkət etməyə çalışsalar da, onların daxili düşüncələri və psixologiyası yuxularında müxtəlif formalarda üzə çıxır. Məsələn, “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” əsərində mistik və rasional dünya görüşü qarşılaşdırılır. Dostoyevskinin psixoloji təsviri ilə paralel olaraq, Axundzadə də insanın öz daxilində apardığı mübarizəni göstərir. Mirzə Cəlil də insanların cəhalət içində necə “ölü” olduğunu və onların reallıqla əlaqəsinin kəsildiyini təsvir edir. Bu mənada, Dostoyevskinin realizmi ilə Mirzə Cəlilin sosial tənqidi yanaşması üst-üstə düşür. İnsanların gerçək həyatda dərk edə bilmədiyi problemlər onların yuxularında və ya şüuraltısında canlanır.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top