Weather Data Source: havadurumuuzun.com

DAĞLARIN O ÜZÜ BİZİM VƏTƏNDİR

Tanınmış yazar,

 filologoya üzrə fəlsəfə doktoru,

dosent  Tacir SƏMİMİ

Qərbi Azərbaycan həsrətli yeni kitabı ilı

oxucuların görüşünə gəlib.

Tacir Səmimi “Yurdum, yuvam Ağbabam” kitabının ərsəyə gəlməsində uzun bir yaradıcılıq yolu keçibdir. Bu yolun hər günü, hər ayı, hər ili ilə qürur duymaq olar. Bu yol çətin olsa da, məsuliyyətli yoldur.  Elmin, mədəniyyətin daim yüksələn xətti ilə inkişaf edən bu yol ən əsası Qərbi Azərbaycana gedən yoldur. Çünki elmi və bədii yaradıcılığının ilk dövrlərindən bu günə qədər tədqiqatçılıq obyektivliyi, bundan irəli gələn yüksək mədəniyyət və məsuliyyət onun yol yoldaşı olmuşdur. Zamanın tələbini yüksək vətəndaşlıq hissi ilə duyan, ona öz qiymətli əsərləri ilə cavab verən  Tacir Səmiminin digər kitabları kimi, inanırıq ki, “Yurdum, yuvam Ağbabam” kitabı Qərbi Azərbaycan tarix, mədəniyyət və folklorunun keşiyində dayanıb qeyd etdiyimiz kimi, o istiqamətə doğru gedən yola bir güzgü olacaqdır. Bu güzgüdə bütöv Azərbaycanı görmək olur.

Bilirik ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmimi folklorumuz haqqında bir çox qiymətli kitabların müəllifidir və onun yaradıclığının mərkəzində Qərbi Azərbaycan mövzusu dayanır. Bu kitabların mövzuları və yazılma tarixləri fərqli olsa da, alimin tədqiqat və yaradıcılığının istiqamətini təşkil edən məqsəd və ideya onları bir-birinə bağlayır. Müəllifin əsərlərinə diqqət yetirən oxucu Qərbi Azərbaycan ədəbiyyatının, etnoqrafiya və folklorunun bütün istiqamətlər üzrə inkişafını izləmiş, keçdiyi yola nəzər salmış olur. Məhz buna görə qeyd edək ki, Tacir Səmiminin elmi yaradıcılıq yolu dəyərli bir mənbədir ki, ondan elm də, ədəb də, insana, vətənə xidmət də öyrənmək olar.

Tacir Səmiminin həm zamanına, həm də xəritəsinə görə geniş əhatə dairəsinə malik çoxcəhətli yaradcılığında Qərbi Azərbaycan ədəbi prosesi xüsusi yer tutduğuna görə “Yurdum, yuvam Ağbabam” kitabının da Qərbi Azərbaycan ədəbiyyatının keşiyində dayanmaq, ədəbi prosesi düzgün qiymətləndirmək nümunəsidir desək yerinə düşər.  Kitab Qərbi Azərbaycan folklorunun öyrənilməsi, ədəbi-bədii təhlili baxımından Tacir Səmiminin çoxcəhətli yaradıcılığında xüsusi yer tutur. Kitabın “Sərhəd bayatıları”, “Cəfərzadələr və mən”,  “Söyləyici-toplayıcı münsibətləri” bölümlərində Qərbi Azərbaycan folklorunun şeir dilindən ətraflı söhbət açaraq təhlilini verir. Bu və digər məqamlar, nümunələr göstərir ki, Tacir Səmiminin elmi-nəzəri yaradıcılığında  şifahi xalq ədəiyyatının dili, eləcə də ədəbi-bədii dil məsələləri üsusi yer tutur.

Alimin qələminə xas olan bir sıra xüsusiyyətlər- elmə sədaqət, vətənə sevgi, mübarizlik bu kitabda da öz ifadəsini tapıb.  “Yurdum, yuvam Ağbabam” kitabını vərəqlədikcə alimin mövzu və tədqiqat xəritəsinin müsbətə doğru necə  dəyişdiyini görürük. Mövzuların genişliyi, tədqiqat sahəsinin planlı olmağı Tacir Səmiminin elmi və bədii yaradıcılığına yeni fikir və problemlər gətirir. Bu kitabda biz insan və təbiət, insan və zaman, şəxsiyyət və cəmiyyət kimi mühüm ictimai-fəlsəfi problemlərin inikasını görürük. “Hekayələr”, “Xatirələr”, “Yurdumun müəllimləri”, “Ağabanın sənət adamları”, “Unudulmaz insanlar haqqında xatirələrim”, “Müsahibələr”, “Tələbə dostlarım” və sair digər bölümlər bu cəhətlərdən səciyyəvidir. Tacir Səmiminin elmi və bədii yaradıcılığına xas olan xüsusiyyətlərdən biri də budur ki, o nədən yazırsa yazsın, ondan ictimai nəticə çıxarır, məsələnin ictimai əhəmiyyətini ön plana çəkir.

Tacir Səmiminin “Yurdum, yuvam Ağbabam” kitabını oxuduqca gözümüüz qarşısında bütün varlığı ilə yurduna-yuvasına, elinə-obasına, tarixinə, keçmişinə bağlı olan bir alim dayanır. Kitabın hər bölümü mənalı və hikmətlidir. Həyatiliyi və məqsəd aydınlığı ilə seçilən “Yurdum, yuvam Ağbabam” kitabı forma, məna və mündəricəsi ilə bitkin bir sənət nümunəsidir. Burada müəllifi qələmə aldığından da daha böyük məsələlər düşündürür, xatirələr yada düşür, hisslər üz-üzə gəlir, insanlığın, humanizmin aliliyi tərənnüm olunur. Burada vətən var, elə-obaya sevgi var, əbədiyyətə qovuşsalar da əbədi yaşayan şəxsiyyətlər var, xatırlanan dostlar  var. “Yurdum, yuvam Ağbabam” kitabı müəllifin xalq ruhuna, xalq ədəbiyyatı nümunələrinə münasibəti, bunun fonunda həyata baxışı, arzu və diləkləridir,- desək yanılmarıq.

“Ayı çınqılı” adlı povest və hekayələrlə başlayan kitabın mövzu dairəsi geniş, təsvir obyektləri rəngarəngdir. Bir mövzu- Vətən müəllifin yaradıcılığından qırmızı xətt kimi keçir. Vətən mövzusunun təməlində isə Qərbi Azərbaycan dayanır. Elə-obaya sevgi, vətənə bağlılıq və xatirələr kitabın bütün səhifələrində özünü biruzə verir. “Yurdumun müəlimləri”, “Ağbabanın sənət adamları” haqqında tədqiqat yazıları müəllifin uzun illəri əhatə edən zəhmətinin, ürək çırpıntılarının, həyacanlarının bədii ifadəsidir. “Unudulmaz insanlar haqqında xatirələrim”, “Müsahibələr”, “Tələbə dostlarım”, “Yeni yazılar”, “Söyləyici-toplayıcı münsibətləri” bölümlərini oxuduqca, elmi-bədii dəyəri yüksək olan hər birinin yaşından, həyata baxışından, həyat tərzindən, düşüncələrindən asılı olaraq hər bir oxucuya müxtəlif cür təsir bağışlayır. Kitabın bu bölümlərinin təlqin etdiyi saf insani hisslərə, münasibətlərə oxucu biganə qala bilməz. Çünki bu kitab məlum bir Vətən məhəbbəti fonunda, ümumi şəkildə Qərbi Azərbaycan haqqında unudulmaz  bir sevgisinin real nümunəsidir.   Nəticədə, mənbələrlə tanış olan oxucu düşünür, düşündüyünü təhlil edir, təsirlənir. Bununla belə, kitabın ictima dəyərini “Tələbə dostlarım”, “Yeni yazılarım”, “Qaçaq Nəbi haqqında rəvayətlərim” hissələrindəki bir-birindən maraqlı, orijinal yazılar daha da artırır. Maraqlıdır ki,  “Söyləyici-toplayıcı münasibətləri” adlı hissədə isə bayatı, layla, nağıl və dastanların poetik ifadəsinin mövzu dairəsi müxtəlifdir, maraqlıdır.

Xalq ədəbiyyatı nümunələrinə istinad edərərk müəllif vətənimizin, yurdumuzun, Ağbabanın, bir sözlə, Qərbi Azərbaycanın tarixi keçmişinə müraciət edərək “bayatılar sözlərin dəyərlisi, qiymətlisidir” yazır.

Kitabda xüsusi həssas məqamlarla dolu olan “Ötən günə gün çatmaz”, “Ağbabadan Qoca Qarsa salam var”, “İtgin oğullar qayıtdılar” başlıqlı yazıların müəllifi Tacir Səmimi tarixə milli vətəndaş gözü ilə baxaraq Azərbaycanın Türk dünyasının bir parçası olduğunu göstərir.

Kitabda bitkin həyat lövhələri əks olunur, insanları düşündürən ən vacib məsələlər haqqında ətraflı məlumat verilir. Hər bir bölüm bütövün fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu məsələlərin izahında kitabın öz materiallarına, cəmiyyətdə cərəyan edən hadisələrə, ədəbi-bədii faktlara, xüsusən xalq ədəbiyyatına müraciət xoş təsir bağışlayır.

“Köhnə kişilər”, El sənətkarları”, “Yurdun, elin müəllimləri”, “Gümü duyğuları”, “Doğmalarım”, “Duyğular, düşüncələr”, “Ötənlərin işığında”, “Mənə belə danışıblar”, “Arif Bayramovun xatirələri” və Qərbi Azərbaycanın digər görkəmli şəxsiyyətləri haqqında müxtəlif yazılar da öz əksini tapmış, onların həyatı hər tərəfli işıqlandırılmışdır. Bunlar onu göstərir ki, Tacir Səmimi Ağbaba mahalının üzdə olan şəxsiyyətləri haqqqında bir sıra məqalə və əsərlər də yazmışdır. Onların heç biri təsadüfi deyil, hər biri yazıçının yaradıcılığı üçün səciyyəvi olan ədəbiyyat nümunələridir. Kitabda onların hər biri öz əksini dolğunluğu ilə tapmış, bəzi mühüm məsələlər haqqında qeydlər verilmişdir.  Onu da qeyd edək ki, kitabın dili rəvan oxunan düşündürücü tərzdədir.

“Yurdum, yuvam Ağbabam” kitabı bir daha təsdiq edir ki, tədqiqatlarında  Qərbi Azərbaycan mövzusu xüsusi yer tutan folflorşünas alim Tacir Səmiminin tərtib etdiyi kitablar Qərbi Azərbaycan diyarı ilə bağlı aparılan araşdırmalar üçün dəyərli mənbə, tarixi yaddaşdır. “Yurdum, yuvam Ağbabam” kitabında yüksək toplayıcılıq peşəkarlığı ilə toplanmış rəvayət, bayatı və xatirələrin, müdrik fikirlərin, kəlamların dərin mənalı silqəti Qərbi Azərbaycan soydaşlarımızın dilinin, nitqinin xəlqiliyini şərtləndirən amillərdəndir.                                                                    Məlumdur ki, xalqların dillərində  tarix boyu ən qiymətli yaradıcılıq nümunələri zaman keçdikcə cilalanır, əbədiyyətə qovuşur, folklorlaşır.  Nə zaman və kim tərəfindən deyilməsindən asılı olmayaraq bu ifadələrə xalqımızın hər zaman ehtiyacı var. Buna görə “Yurdum, yuvam Ağbaba” və bu sırada dayanan folklor, tarix kitabları elmi-nəzəri əhəmiyyətini hər zaman saxlayır.

Azərbaycan folklorşünaslığında da Vətən sözünün mənası böyükdür. Vətən öz insanı ilə, daşı-torpağı ilə, tarixi keçmişi və indisi ilə Vətəndir. Kitabda özünə yer almış bu bayatılarda necə möhtəşəm hisslər, duyğular  var:

Torpağına qarışım,

Qurbandı sənə başım.

Ay mənim torpaq-daşım,

Gəldim burda ölməyə.

Vətən, gəldim, görüşək,

Sonu ölüm-itimdi.

Dərdi-qəmi bölüşək,

Könlüm sənsiz yetimdi.

Vətən məhəbətinin belə səmimi hisslərlə tərənnümü tədqiqatçı alimin, kitabın müəllifinin vətənpərvərlik hissinin xalq üçün bir mənəviyyat olduğunu deməsi, lazım gələrsə real qüvvəyə çevrilə bilməsini vurğulamasıdır.

Bir daha əmin oluruq ki, kitabı oxuduqca kitab bitir, amma ondan aldığımız mənəvi qida, təəssüratlar bitmir. Kitabda olan orijinal nəfəs, yeni bədii fikir, müəllifin özünəməxsus ifadə tərzi bizi inandırır ki, Qərbi Azəraycana həsr edilmiş ən dəyərli əsərlərdən biri olan “Yurdum, yuvam Ağbabam” kitabında həyata çağırış var, o diyara  çağırış var.

Qeyd edək ki, Qərbi Azərbaycan tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, ədəbi-bədii dilinin tədqiqi və nəşri ikinci Qarabağ müharibəsindən sonra da dövlət əhəmiyyətli bir məsəslə kimi gündəmə gəlmiş və bu sahədə xeyli işlər görülməkdədir. Söz və qələm sahiblərinin Qərbi Azərbaycan diyarına hər tərəfdən həssas münasibəti sayəsində, dövlətimizin milli mədəniyyatimizi, tariximizi tədqiq və inkişaf etdirmək sahəsindəki siyasəti və qayğısı nəticəsində ölkəmiz bütöv Azərbaycan xalqının öz zəngin irsinin sahibi olduğunu bir daha sübut etmişdir.

Sevinc Kərim qızı Əliyeva 

filologiya üzrə fəlsəfə doktoru, dosent

Top