Haaqda Xocalı soyqırımının 33-cü anım tədbiri keçirilib

Haaqda Xocalı soyqırımının 33-cü anım tədbiri keçirilib
Fevralın 23-də Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı, Türkiyə Azərbaycan Dərnəkləri Federasyonu və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Niderlandın paytaxtı Haaqa şəhərində Xocalı soyqırımının 33-cü il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Haaqa şəhərində ucaldılan Xocalı abidəsi önündə başlayan anım tədbirdə Azərbaycanın və Türkiyənin Niderlanddakı səfirliklərinin rəsmi nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin deputatı, habelə Niderlandda yaşayan Azərbaycan, türk və Niderland icmalarının üzvləri iştirak ediblər.
Anım mərasimi Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra məscidin imamı faciə qurbanlarının ruhuna dualar oxuyub. Ardınca hər iki ölkənin səfirlik nümayəndələri Xocalı abidəsinin önünə əklillər qoyublar.
Tədbir çərçivəsində uşaqlar Xocalı faciəsində həlak olmuş azyaşlıların adları yazılmış plakatın önünə güllər düzərək onların xatirəsini yad ediblər. Daha sonra mərasim iştirakçıları bir-bir abidənin önünə qərənfillər düzüb, Xocalı faciəsi qurbanlarına hörmət və ehtiramlarını bildiriblər. Rəsmi hissənin davamı üçün iştirakçılar zala təşrif buyurublar və zalın girişində Xarıbülbül məktəbinin uşaqlarının Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar. Uşaqların çəkdikləri rəsmlər Xocalı şahidlərinin yaşadığı dəhşətləri və faciənin acı reallığını əks etdirib, tədbir iştirakçılarında dərin təsir yaradıb. Daha sonra tədbirin rəsmi hissəsi başlayıb.
Rəsmi hissə Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin gənclər bölməsinin rəhbəri Tuğrahan Aşkının açılış nitqi ilə başlayıb. O, tədbir iştirakçılarını salamlayaraq tədbirin proqramı haqqında məlumat verib. Daha sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Bundan sonra dərnəyin sədri İlhan Aşkının səhhətindəki problemlər səbəbindən tədbirə qatıla bilmədiyi bildirilib və onun öncədən hazırladığı nitq səsləndirilib. İlhan Aşkın çıxışında Xocalının azad olunmasının sevincini qeyd etsə də, faciəyə görə ədalətin tam təmin olunmadığını vurğulayıb və bu istiqamətdə mübarizənin davam etdirilməsinin vacibliyini qeyd edib.
Daha sonra Azərbaycanın Niderlanddakı səfirliyinin müşaviri Nurlan Əliyev çıxış edərək Xocalı soyqırımının bəşəri cinayət olduğunu vurğulayıb. O, faciənin dünyaya tanıdılması və ədalətin bərqərar olması üçün görülən işlərdən danışıb. Nurlan Əliyev Xocalıya qayıdış prosesinin başlanmasını qeyd edərək, Xocalı şahidi Səriyyə Cəfərovanın faciəni dünya ictimaiyyətinə çatdırmaq uğrunda mübarizəsini xüsusi vurğulayıb.
Ardınca çıxış üçün söz Türkiyənin Niderlanddakı səfirliyinin nazir-baş müşaviri Pınar Gülün Kayseriyə verilib və o, öz çıxışında 25-26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş verən və əksəriyyətini qadın, uşaq və yaşlıların təşkil etdiyi 613 nəfərin həyatını itirməsinə səbəb olan dəhşətin yalnız Azərbaycan tarixində deyil, bütün dünya ictimaiyyətinin yaddaşına və vicdanına həkk olunmasını vurğulayıb. Türkiyə olaraq, Xocalıdakı bu faciənin acısını həmişə ürəklərində hiss etdiyini və belə anma tədbirlərində Azərbaycanlı qardaşları ilə birgə olmağa davam edəcəklərini bildirib. Xocalı soyqırımının insanlığın bu gün və gələcəkdə dərs götürməsi və bu cinayətə hüquqi qiymət verilməsinin vacibliyini qeyd edərək, dünyada bu faciənin daha çox tanıdılmasının önəmini vurğulayıb və Azərbaycanla həmrəyliyin davam edəcəyini bildirib.
Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun sədri Əkrəm Abdullayev çıxış edərək Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması üçün görülən işlərdən danışıb. O, Xocalıya qayıdış prosesinin tarixi ədalətin bərpası istiqamətində atılmış mühüm addım olduğunu qeyd edərək, şəhidlərin xatirəsinin daim yaşadılacağını vurğulayıb.
Ardınca tədbir iştirakçılarına “Xocalı Nişanəsi” adlı bədii-sənədli qısametrajlı film nümayiş etdirilib. Filmdə Xocalıda qətlə yetirilən 5 yaşlı naməlum qızın hekayəsindən söhbət açılır və bu film anım iştirakçılarında dərin təsir yaradıb.
Filmdən sonra Türkiyə Azərbaycan Dərnəkləri Federasyonunun prezidenti Pərviz Məmmədzadə çıxış edərək Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. O, bu faciənin beynəlxalq səviyyədə daha geniş tanıdılmasının vacibliyini vurğulayaraq, gələcək nəsillərin bu həqiqətləri unutmaması üçün təbliğat işlərinin davam etdirilməsinin önəmindən danışıb.
Daha sonra Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin müşaviri Hüseyin Altınalan çıxış edərək Xocalı soyqırımının yalnız Azərbaycanın deyil, bütün insanlığın qan yaddaşı olduğunu qeyd edib. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq, bu faciənin beynəlxalq aləmdə daha geniş tanıdılması üçün birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini bildirib.
Daha sonra Niderland icmasının nümayəndələri Ron Gazelle və Paul Donkers çıxış ediblər. Ron Gazelle Türkiyədə başqa bir xeyriyyə tədbirində iştirak etdiyinə görə mərasimə qatıla bilməyib və çıxışını video vasitəsilə təqdim edib. O, dərnəklə əməkdaşlığından və Azərbaycanda qazilərə dəstək məqsədilə 80 elektrik skuterinin göndərildiyi xeyriyyə layihəsinin həyata keçirilməsindən danışıb. Paul Donkers isə Xocalı faciəsinin insanlıq üçün dərs olması gərəkdiyini vurğulayaraq, cəmiyyətlər arasında dostluq və qarşılıqlı anlaşmanın əhəmiyyətini qeyd edib. O, Auschwi tz memorialında “HEÇ VAXT TƏKRARLANMASIN” ifadəsinin yazıldığını gördüyünü, lakin nifnmirasınrət və intiqam hisslərinin bəzən bu arzunun reallaşmasına mane ola biləcəyini bildirib.Ardınca “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova çıxış edərək yazdığı “Onlar heç vaxt böyüməyəcəklər” kitabı haqqında danışıb. O, kitabın müxtəlif dillərə, o cümlədən Holland dilinə tərcümə edilərək nəşr olunduğunu vurğulayıb və anım iştirakçılarının diqqətinə çatdırıb. Səriyyə Cəfərova həmçinin kitabın tərcüməçiləri Henri van Rens və Gülnarə Əliyevaya təşəkkür edib və onlara minnətdarlıq əlaməti olaraq hədiyyələr təqdim edib.
Son olaraq Türkiyə Böyük Millət Məclisinin deputatı İlyas Topsakal çıxış edərək Xocalı soyqırımının insanlıq tarixinə qara ləkə kimi həkk olunduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyətin bu faciəyə laqeyd qalmamasının vacibliyini qeyd edərək, ədalətin bərqərar olması üçün mübarizənin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda rəsm sərgisində iştirak edən uşaqlar səhnəyə dəvət olunaraq təşəkkür hədiyyələri ilə təltif olunublar. Bağlanış nitqində Tuğrahan Aşkın, Xocalı faciəsinin təkcə anılması deyil, eyni zamanda gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb və məhz bu məqsədlə rəsm sərgisinin təşkil edildiyini qeyd edib. Fotolar: