Açılmayan güllə
Monotamaşa
Hadisə 1992-ci ilin Xocalı faciəsindən sonra cərəyan edir. Belə ki, Xanlar könüllü batalyonu təxirəsalınmaz əməliyyat tapşırığı alır. Xocalıdan əsir götürülmüş qız-gəlinə gündüzlər Gülüstan rayonunun ərazisində yerləşən Ballı Qayada kartof becərtdirib, axşamlarsa onları Gülüstan kəndinə gətirirlər. Batalyon onları xilas etmək üçün əməliyyat planı hazırlayır.
“Açılmayan güllə” monotamaşası Elli adlı bir döyüşçünün “Döyüş Gündəliyi” əsasında yazılmışdır.
xxx
Səhnə qaranlıqdır, get-gedə işıqlanıb alatoran olur. Həyəcanlı musiqi eşidilir, puşlet geyimli əlində avtomat silah və üzərində patronlar olan bir əsgər görünür. O, sağı-solu, qabağı eyni zamanda dairəvi ətrafı nəzarətdə saxlayır.
Elli:
Əməliyyata alatoranda başladıq, əlbəttə, gecədən yüksək səviyyədə hazırlıq aparmışdıq.
Yoldaşlarımın yığışdığı yerə çatanda rahat nəfəs alaraq, hərəmiz üzümüzü bir səmtə tutduq. Biz dünən girov götürdüyümüz erməni
qadının dediyi istiqamətdə hərəkət edirdik.
Elli üzünü yana tutub girov qadınla danışır.
Oradadılar?! (Pauza, Elli qadının barmağını uzatdığı səmtə baxır). Qadın barmağını irəli uzadanda, “Harada?” deyə soruşdum.(Azca pauza). Orada? (Pauza). Yalnız bu? (Üzünü qarşıya tutur).
Yox, o bizim əsirlər haqda daha çox bilirdi. Dili demirdi, amma gözlərindəki sirr mənə diktə edirdi oranın adını dəqiq desin. O, əlini irəlidə görünən kənd yoluna sarı uzatdı.
Gülüstan?! (Elli boylanıb uzağa baxır). Hə, hə… Qadın təsdiqləyəndə dönüb üzünə mənalı-mənalı baxdım. Məni aldatmır ki? Azdırıb vaxt qazanmaq kimi fikri yoxdur ki? Bunun mənsub olduğu millətin fürsətçi olduğunu bilməmiş deyiləm. Mən axı uzun müddət Qərbi Azərbaycanın Haqqıxlı kəndində bunlarla iç-içə yaşamışam. Bizi azdırıb başqa səmtə göndərə bilərdi. Əsirlərin əsl yerini deməyə bilərdi… Ən əsası qazanılmış zamanda əsirlərin yerini dəyişərdilər.
Ürəyim göynədi… (Əlini ürəyinin üzərində gəzdirir). Gülüstanla bağlı yaddaşımda işıqlı heç nə yoxdur, təəssüf, heç nə…
Bu, o kənd idi – 1813-cü ilin oktyabrında Azərbaycan Rusiya və İran kimi iki hegomonun arasında şaqqalananda burada (Əli ilə ayağının altını göstərir), hə, burada parçalanma sazişinə qol çəkilmişdi. Sonra da məkanın adını dəyişmişdilər. Dəyişməsəydilər, yaddaşa hopmuş parçalanma kəlməsini silmək asan olmayacaqdı. Şaumyan! Stepan Şaumyanın adını beynimizə həkk etmək minvalı ilə qədim Gülüstanın adını daşnak adı ilə əvəzlənmişdi. 18-ci il Azərbaycan soyqırımının ssenari müəllifinin adını əzbərlədik. Bu həmin o şaqqalanmaya şahidlik edən məkan öz adını yenidən öz üzərinə almışdı. Lakin o parçalanmanın erməniləşdirmə siyasətində buraya yadellilər köçürülmüşdu. Qadın onlardan bir nümayəndə idi.
Mənə bax (Üzünü girov qadına sarı tutur), biz qadınlara toxunmuruq. (Pauza). Əmin ol, söz verirəm, səninlə işimiz olmayacaq… (Pauza, səsini incəldir). Elə isə səni niyə saxlayırıq? (Pauza). Buraxmaq? (Pauza). Hə, getmək istəyirsən?
Qadın ayağını irəli qoydu (Elli ayağını qabağa atır), qaçmaq istəyirdi. Mən onu inandırmışdım, sənə toxunmayacam, arxanca da güllə atmayacam. Biz yalnız yaraqlıları tərksilah edirik, qadın və uşaqlar bizlik deyil. O mənə inanırdı, qaçsaydı belə, kişiliyimə sığışdırmazdım arxasıyca güllə atım. (Əmr edir). Dur! (Silahını qabağa uzadır, pauza). Doğrudur, dedim, sənlə işim yoxdur. (Üzünü yana tutur). Yerində qurcalandı, gözümün içinə dik baxdı. (Üzünü əks tərəfə tutur). Amma sənin işin bitməyib. (Pauza). Hansı? Sən əsirlərin yerini göstərməlisən. (Pauza). Gülüstan kəndi böyükdür, sən… Tamam, tamam…
Pauza, Elli bir əlini havaya qaldırır.
Elli:
Gündüzlər Ballı Qayada kartof becərtdirirlər. Bildim, onu bayaq dedin. Sonra? O susdu, o danışmaq istəmirdi, o qorxurdu… (Pauza). Sonra? Başını yırğaladı, görünür, sirr vermək istəmirdi. Yarım addım ona qarşı getdim, gözləri doldu. Bu an özümə nifrət etdim, bir qadını qorxutmaq mənim lüğətimdə olmayan kəlmə idi. Əlimi havaya qaldırdım, özünəidarəni itirirdim. (Şillə vurmaq istəyir, lakin əli havada qalır, yavaş-yavaş əlini yanına salır). Guya vura bilərdim. Döyüşçü yoldaşım: “Lazım deyil, sakit ol!” – deyib məni sakitliyə dəvət etdi. Qadın ikiəlli başını tutdu. (Əlləri ilə başını ovuşdurur, başını gizlətmək istəyir). “Mən günahsızam, mən heç nə bilmirəm!” – hıçqırırdı. Əsirlikdən qurtulmuşların dediklərini xatırladım (Ellinin sifətində qəzəb hiss olunur): “Bizi döyürdülər, döyürdülər, sonra da bir ağız hürür (Bir ağız hürür), ham-ham edib qabağımıza bir tikə quru çörək atırdılar”. Gülüstanın sakini qorxusuz adam olduğumu, ona ziyan vurmaq niyyətim olmadığını anlayanda əllərini başından götürdü. (Əllərini başından çəkir). Axı məndən nə istəyirsiniz? (Pauza). O artıq bilirdi biz ondan nə istəyirik. Qadın asta bir səslə, güclə eşidiləcək pıçıltı ilə “orada meşəbəyi var…” dedi. O ətrafa boylandı, qorxurdu hansısa dəlmə-deşikdən onu güdən olar, verdiyi məlumata görə hülqumunu üzərlər. (Üzünü yana tutur). Danış-danış! (Pauza). Mən karandaşla məhəllə cızdım, o evləri saydıqca kiçik kvadratları sıra ilə kağızın üzərində yerləşdirirdim. Əməliyyat xəritəsini qadının ağzından çıxanlarla hazırlayırdım. Əgər onun dili yalan söyləmirdisə, demək, Xocalıdan olan qız-gəlinin izini tapmış olurduq. Onların Gülüstan kəndindəki meşəbəyinin yaşadığı məhəllənin erməni həyətlərində olduqlarını və oradakı tövlədə gecələdiklərini bizə detallı formada xəbər vermişdi. (Üzünü yana tutur). Saylarını bilirsən? (Pauza). Çox deyil… Təqribən neçə nəfər görmüsən? (Pauza). Qadın düşünürdü, ani üzümə baxıb yenə baxışlarını məndən gizlətdi. Əlli, bəlkə də, çox… Çox, yəni nə qədər? (Pauza). Altımış da olar… Saymamısan… Aha… Erməni qadının verdiyi məlumata əsasən əməliyyat xəritəsini hazırladım.
O, qabağa addım atıb səsinin tonunu dəyişir.
Elli:
Məqsədimiz meşəbəyinin evini mühasirəyə almaq idi. Həyət qapısından içəri girib, uşaqlarla sahənin axtarışından ötrü kimin hansı istiqamətdə iş aparacağını müəyyənləşdirdik. Sonra həmin nöqtələri gözaltına aldıq. Evin qarşısında hündür laves vardı, təqribən iki-üç ton təzə kartof açıq şəkildə burada dururdu. Mən qabaqda, sağımda-solumda iki döyüşçü yoldaşım dairəvi ətrafı nəzarətdə saxlayaraq kartof tayasına doğru irəllilədik. O qədər səssiz irəlliləyirik ki, milçək vızıldasaydı, o bizə üsyan səsi kimi gur görünərdi. Dur işarəsi verdim. (Tətikdə olan əlini azca havaya qaldırır). Addımlarımızı saxladıq, mən kartof tayasının arxasında zəif hərəkət edən və ya yırğalanan nə isə bir qaraltı gördüm. Zənnim məni aldatmırsa, orada kimsə vardı. Barmaqlarımın üzərində yuxarı qalxıb (Barmaqları üzərinə qalxıb qabağa boylanır) baxdım. İkiqat əyilmiş bir bel idi, biz səssizcə irəlilədik. Adam bizi görəndə çaşdı. Sol böyrümdəki döyüşçü yoldaşım avtomatın qundağı ilə böyrümü dümsüklədi. Qadının mızıltısını aydın eşitmək üçün qulaqlarımı dinşədim. (Pauza).
Şan yerekhaner – itin uşaqları mənasını verən ermənicə bədheybət bir söyüş idi.
Görünür, bir söyüşlə qadının ürəyi soyumamışdı, laqot şun – itin balası. (Pauza). Yenə söyəcək, əks halda ağzını yumardı. Səhv etməmişəm, mızıldanır. Xozu mini xoz (Sol dirsəyi ilə öz böyrünə vurur. Pauza). Bir dümsükdə yedim. Nədi? Hə, nə oldu, bizi söyür?(Gülümsəyir). Yox, qarnından çıxartdığını. Donuz oğlu donuz, deyirdi.
Bir dümsük də yedim. (Sol qolunun dirsəyi ilə öz böyrünə ilişdirir. Pauza). Dur! Döyüşçü yoldaşımı sakitliyə çağırdım.
Məlum oldu bu qoca qarı meşəbəyinin anasıdır, oğlunu söyüb yamanlayırdı.
Nə deyir? (Pauza). Of, səbr et! Nə deyir, nə deyir? Söyüş söyür…
Yenə qulaqlarımı səfərbər etdim.
“Türkləri apardı, anasını türklərin əlinə girov verdi…” Cəld tərcümə etdim.
Qərbi Azərbaycandan olduğumdan qarının ermənicə dediklərini yalnız mən anlayırdım. O üzdən dediklərini silahdaşlarım üçün çevirməli idim.
Səbirsizlik edən sol böyrümdəki avtomatı şaqqıldatmağa bənd idi. (Əlini avtomatın tətiyinə qoyur). Lakin əlimi azca yuxarı qaldırıb səbirli olmasına işarə verdim. (Azca pauza).
Mən bu adamı tanıyıram! (Düşünür). Axmaq olma, əgər sən bu kəndə birinci dəfədir gəlirsənsə, demək, qadını da birinci dəfədir görürsən. Yəqin, kiməsə bənzədirəm. Amma kimə?
Birinci dəfə gördüyün adamı haradan tanıya bilərsən? Beyin arxivimdə etdiyim səyahətin yolunu belə kəsdim.
Axmaq (Üzünü sillələyib ayağını yerə döyür) sən bu kəndə, bax (Ayağının altına nəzər salır) bu yerə birinci dəfədir gəlirsən. Hə,(Barmağını havada silkələyir) hə də, birinci dəfədir bura gəlirsənsə, onda bu qarını necə tanıya bilərsən? (Pauza). Girdə sifət, gözləri böyük, qonur rəngdə və… (Qısa pauza). Yox eee… bu kimdirsə, elə bil nə vaxtsa, bununla rastlaşmışam.
Qəfildən irəliyə yeriyib qadının əslən haradan olduğunu soruşmaq istədim. (Bir addım irəli addım atır). Qadın əlindəki kartofu qalaqlanmış kartofun üzərinə atarkən üzümə baxdı, gözlərini qıyıb məni süzdü. Bir an mənə elə gəldi ki, o məni tanıyır. Haradan? Necə? Və son qərarım: ola bilmz!
O mənə baxa-baxa oğlunu yamanlayırdı və söyə-söyə əlindəki kartofun saçaqlarını dartıb (Əli ilə nəsə qoparırmış kimi dartır) qoparanda dişlərimi qıcadım. Az qalmışdım bağırım: “Etmə!” Bir anlıq mənə elə gəldi ki, o bizim əsirlərin saçlarını yolur.
Onu sorğu-sual etmək mənim öhdəmə düşürdü.
Hara apardılar? (Uzağa baxır). Əlindəki kartof qarışıq uzağı göstərdi. (Pauza). Nə zaman apardılar? (Qısa pausa). Yerevani, Yerevani…
İrəvana? Sualımı başı ilə təsdiqlədi. (Pauza). Axşam?
Nəylə apardılar? Qadın çiyinlərini oynatdı. (Çiyinlərini çəkir). Vertalyotla? (Pauza). Vertalyotla! Məlumdur.
Kim var buralarda səndən başqa?
Başı ilə heç kim işarəsini verdi.
Əlbəttə, əgər ona inanmaq olardısa, həyət istifadəsi bitmiş bu qocanın öhdəsinə buraxılmışdı.
Elli ətrafı diqqətlə süzür və yenidən üzünü qabağa tutur.
Elli:
İnanaq ki, bu qoca həyət-bacada yalnızdır. Amma savaşda ehtimallar ehtiyatsızlığa bərabərdir. O üzdən qocanı nəzarətsiz buraxmaq olmaz.
Bölgü üzrə mənimlə birlikdə bu iki nəfərin öhdəsinə meşəbəyinin evində əməliyyat aparmaq düşdü. Ev iki mərtəbə daşdan hörülmüş əla bir tikili idi, hər mərtəbədə beş otaq, hamısı birlikdə dörd hamam var. Kişi elə bil suquşudur, bütün günü su altında olurmuş. Onun hamam sevgisinə bundan artıq fikir yürüdə bilmirəm və bir evdə bu qədər hamamı niyə tiktirdiyindən bir şey anlamıram. Bir qayda olaraq yenə otaqlara girərkən içəridə kiminsə ola biləcəyi ehtimalı ilə bütün otaqlardakı mebeli – gördüyüm nə ki var, hamısını divar boyu atəşə tuturam. Əlbəttə, müharibənin amansız tələbindən doğan qanuna görə mənim bu hərəkətim məqbul sayılır. “Öldürməsəm, öldürəcəklər!” – prinsipi bəşər tarixindəki ilk müharibədən bəri onun əlifbasında ilk səhifəni tutan daşlaşmış deyimdir. Mən o deyimi dəyişmək qüdrətində olmayan sıravi əsgər olduğumdan öhdəmə düşən vəzifəni yerinə yetirə-yetirə otaqdan-otağa keçirəm.
Hazır vəziyyətdə ikinci mərtəbəyə qalxıram. Bu dəqiqə ancaq bir arzu ilə yaşayıram. (Bir barmağını havaya qaldırır). Xocalılı qız-gəlini əsir edib Ermənistana aparmış bu adamın ailə üzvündən-filandan bir nəfəri bu evdən tutmaq istəyirəm. Əsirlərimizi ondan tələb etmək üçün girov götürüm.
Elli təpiyini yuxarı qaldırıb qarşısındakı qapıya vurub içəri girir.
Həyəcanlı musiqi çalınır.
Elli:
İkinci mərtəbədəki böyük zala girirəm və sösüz ki, bir qayda olaraq əlimi tətikdən çəkmirəm. (Əlindəki avtomata işarə ilə deyir). İçəridəki səliqə-sahmandan hiss olunur qonaq otağıdır. Əlbəttə, mən bura girənə qədər qonaq otağı sayıla bilərdi! Məndən sonra kimsə bura girmiş olarsa, otağa başqa ad vermək məcburiyyətində qalacaqdı… Divarın bir hissəsinə möhkəm qoz ağacından yonulmuş mebel bəzənib. (Bir əli ilə divar dibindəki mebelləri yoxlayır). Mebelin qeyri-adiliyi və təmtarağı məni çox cəzb edir. Amma mən bura gözümün estetikasını qidalandırmağa gəlməmişəm, durub ona doyunca tamaşa edəm. Mebelin alt qapıları bağlıdır, demək, içində hər şey ola bilər. Bu taxta nə qədər möhkəm olsa da, buna baxmayaraq, avtomatım qoz ağacını da aşsüzənə döndərməkdə aciz silah deyildi. Qapı ilə üzbəüz divarda bəzəkli çərçivəyə salınmış bir yığın şəkil var. Marağımı boğa bilmirəm, ötəri olsa da meşəbəyiyə nəzər salmaq istəyim məni rahat buraxmır. Bilmək istəyirəm, bizim əsirlərə Gülüstanda kartof becərtdirən, sonra da onları İrəvana aparan adamın görkəmi necədir.
(Gözünü divardakı şəkillərə zilləyib israrla baxır).
Bu an onun divardakı böyük portreti beynimə axmaq bir siqnal ötürdü. Sanki məndə qəribə bir qıcıq yaratdı, mən bu adamı tanıyıram. Necə? Haradan? (Azca da yaxına durub diqqətlə şəkilə baxır). Gözləri mənə çox tanış gəlir… (Kənara çəkilir, nə düşünürsə bir də qabağa yeriyib divara diqqətlə baxır). Üzünü qara şəvə saqqal bürüdüyündən nə rəng-rufunu ayırd etmək, nə də üz cizgilərini aydın görmək mümkündür. (Qəfildən ikiəlli başını tutub bağırır). Aman!.. Bu adam niyə məni bu qədər cəlb edir? Bilmirəm! Baxışımı azca aşağı endirib daha bir başqa şəklinə diqqət etdim. (Gözləri ilə şəkilləri birbəbir nəzərdən keçirir. Gah aşağıdakı, gah da yuxarıdakı şəkilləri süzür). İstər-istəməz qərar çıxartdım: tanıyıram!!! Amma, haradan?.. Ola bilməz adam adama bu qədər bənzəsin. Bəlkə…
Mənə elə gəlirdi, qarabasmam var, ya da yuxu ilə ayıqlıq arasındayam. Bu yerdə hansının daha üstün olduğunu müəyyənləşdirmək lazım olsaydı, deyərdim: yuxudaydım (Pauza), ayılmaq istəyirəm. Az qalırdım avtomatı yerə atıb özümü sillələyim ki, ayıla bilim.
Elli ikiəlli sifətini sillələyir, gözlərini geniş açıb divardakı şəkilə baxır. Bu zaman divardakı şəkilin üzərinə işıq salınıb, çəkilir.
Elli:
Bu zaman elə bil kimsə arxadan ikiəlli boğazımı sıxıb nəfəs almağıma imkan vermədi. (Əl atıb arxadan öz boğazını tutur, xırıldayır). Birdən-birə havam çatışmadı, özümü oksigeni azalmış suda üzən balıq kimi hiss etməyə başladım. Ağzım açıq qalmışdı, nəfəsim çatmırdı. Üstəlik, avtomatın atəşindən sonra otağın tavanına qalxmış tüstü (Bir əli ilə havadakı tüstünü özündən kənarlaşdırmaq istəyir, əlini havada yelləyir) yanmış ağac və mebel lakının kəskin qoxusu ciyərlərimə dolub boğazımı göynədirdi.
Budur, gözümün qabağına bir tay tısbağa ayağı gəlir. Getdikcə onu lap aydın görürəm. Hə, dəqiq bilirəm, yox, qarabasmam qeyb oldu. Bu həqiqətdir, gözümün qabağına gələn tısbağa ayağı idi. Onun ayağının alt qatındakı sarı rəngli balaca ziyillər mənə çox tanış gəlirdi. O, divardakı şəklin gözündən çıxıb havada hərəkətə gələndə silahın tətiyindəki əlim boşaldı. Havada azad rəqs edən bu balaca tikə necə oldusa, birdən-birə qoz ağacının budağından düzəldilmiş şişə çəkildi. Onun pəncəsindən yuxarıdakı bud dibi ətindən qıpqırmızı qan damcıllamağa başlayanda sanki yuxudan ayıldım.
Ağaca taxılmış bir tısbağa ayağı havada rəqs edir, Elli onun ətrafında dövrə vurur. Hərdən əlini qabağa uzadıb tısbağa ayağını tutmaq istəyir, lakin ayaq yerini cəld dəyişir. Yerə qan damcıllayır, Elli yerə əyilib o qan damcılarına diqqətlə baxır. Barmağını döşəmədəki qana batırıb sonra barmağını havaya qaldırır, gözünün qabağına tutub diqqətlə baxır.
Elli:
Meşəbəyinin evi başıma fırlandı, içimdəki təlatüm beynimi silkələyirdi: bu odur! Odur! Odur! Odur! Odur! Odur! Odur… bağırmaqdan özümü zorla saxladım, amma “odur” kəlməsi beynimdə əks-səda verdi. Bu, odur, iyirmi iki il qabaq yumruqlayıb əzişdirmək arzusunda olduğum Xaçatur. Tfu, üzünə tüpürməkdən, söyüb-yamanlamaqdan savayı indi ona edəcəyim, əlimdən gələsi nəsə bir iş yox idi. (Divardakı şəkilə tüpürür). Ağzımdan birbaşa gözünün içinə düşən tüpürcək foto çərçivəsinin şüşəsində qalmayıb, üzü aşağı onun dodaqlarına doğru axdı.
Xaçatur həyatda aldığım ilk zərbənin müəllifi idi. Həyatda hər bir şeyin adı var, təsəvvür et ki, mən də yarama Xaçatur adını vermişdim. İyirmi iki ildir içimdə düyünlənib, sağalmayan, istənilən vaxt qanayıb məni göynədən yaranın adı idi xaçatur! O yaranı(Yumruğunu düyünləyib sinəsinə vurur) bundan savayı necə adlandıracağımı düşünə bilmirdim.
Pauza. Elli yerini dəyişir, narın bir tütək səsi eşidilir. O divara söykənir.
Elli:
Biz Qərbi Azərbaycanın əslən qədim türk kəndi olan Haqqıxlıda qonşu idik. Orada tək-tük erməni ailəsi vardı. Xaçaturun babası otuzuncu illərdəki aclıq zamanı bir qarın çörəyə qapımızda işləməyə gələn ermənilərdən idi. İşlək adam olub, elə işləyə-işləyə də ailəmizin ehtiramını qazanmışdı. Babam həyətyanı sahəmizdən kəsib ona ev yeri vermişdi. Babamın kəsib beşdə birini verdiyi dədə-baba yurdumuzdan Naxşikyanlar ailəsi üç nəsil yaşayış məskəni kimi istifadə edib sonra oranı satdılar.
On yaşım olanda isti yay günlərinin birində bir dəstə oğlan uşağı ilə çaya çimməyə gedirdik. (Köynəyini çıxarıb çılpaq, şalvarının ətəklərini dizə qədər çırmayır). Qəfildən yaxınlıqda kürəyi üstə çevrilmiş bir tısbağa gördüm. (Cəld qabağa yüyürür). Görünür, zavallı heyvan çoxdan bu vəziyyətdə imiş, artıq çabalamaqdan haldan düşərək hərəkətsiz qalmışdı. (Aşağı əyilib əlini qısbağaya uzadır). Cəld irəli yeriyib onu üzü üstə çevirdim, lakin yenə yerimədiyini görüncə arxasından ehmalca itələdim. (Tısbağanı birəlli astaca itələyir, gülümsəyir. Gördüyü əməldən məmnundur).
Taqətsiz idi, amma, sağ olduğuna əminliyim onu çevirərkən tərpənməyi idi. (Tısbağaya baxa-baxa məyus olur). Ovcumu çayın suyu ilə doldurub üstünə tökdüm. (Ovcuna su alıb tısbağanın üzərinə tökür). Canı azca da olsa, sərinləyən tısbağa gözlərini açdı. Onu həyata qaytarmağıma sevinirdim, yerdən qaldırıb (Tısbağanı əlinə alıb, kürəyindəki çanağını yoxlayır. Sonra yuxarı qaldırıb altına baxır, ayaqlarını yoxlayır) əlimdən buraxmayaraq onu bir xeyli çayın qırağında suda saxladım. Zavallı heyvan yavaş-yavaş ağzını açıb suya vurmağa başladı. Uşaqlar hərəkətlərimi müşahidə edir, bəziləri də onu öz halına buraxmağımı məsləhət görürdülər. Onu aparıb yaxınlıqdakı bir ağacın kölgəsinə qoydum. (Tısbağanı oxşaya-oxşaya aparıb bir ağacın altına qoyur). İstəmirdim çanağı qurusun, gündən əziyyət çəksin.
Biz çimib çaydan çıxanda mən bir də onun yanına qaçdım. Uşaqlar da arxamca yüyürdülər.
Təkcə Xaçatur çimməyində davam edirdi. Adəti üzrə, o, həmişə sudan bizdən gec çıxardı. Hətta bir dəfə ona o qədər “gəl, çıx, bəsdi” dedik ki, yorulduq. O isə sudan çıxmaq bilmirdi. Hələ, üstəlik, bizim acığımıza başı üstə suyun altına cumub, qoşa ayaqlarını havada yellədirdi. Axırda onun bu hərəkətinə necə əsəbləşdimsə, (Yerdən yumurlanmış paltarları götürüb uzağa tullayır) onun şalvar-köynəyini yumurlayıb arxasıyca çaya tulladım. O, bağıra-bağıra məni söyürdü, mən isə ondan üz döndərib kəndə evimizə doğru üz tutub qaçdım. İndi də o öz adətini həvəslə təkrarlayırdı. Amma indi bizdən ötrü maraqlı olan o deyildi. Öz aramızda zirehli tank dediyimiz (Üzü üstə yerə uzanıb tısbağaya tamaşa edir), həmişə də adam görəndə tez sahildən sürüşüb suda özünü təbiətin dərk edən canlı ziyankarlarından gizlədən çanaqlı bağa idi.
Tısbağa ağacın kölgəsindəki nazik otlardan birini dartıb tənbəl-tənbəl qırdı. O, qabaq ayağının birindən aldığı zədədən yaxşı yeriyə bilmirdi deyə, ağır bədənini sürüyüb yeriməkdə çətinlik çəkirdi.
Elli qalxıb yerdə oturur, qarşısındakı tısbağaya baxa-baxa əlini sinəsinə vurur.
Elli:
Mən xilaskaram! Mən onu yaşatdım! (Gülümsəyir). Sevindiyimdən var gücümlə çığırdım.
Yadıma gələn, bu mənim on yaşıma qədər etdiyim ilk yaxşı əməlim idi. İnsanın həyatındakı ilkinliklər heç vaxt onun yadından çıxmaz.
Bu an Xaçatur tısbağanı çılpaq ayağının baş barmağı ilə vurub çevirdi. (Elli ayağa qalxıb tısbağanı çevirir). Sonra da onun havada oynayan yumşaq ayaqlarından birini barmağı ilə o yan-bu yana tərpətməyə başladı. (O, ayaq barmaqları ilə tısbağanı tərpədir). Onun bu xətakarlığı məni necə haldan çıxartdısa, üstünə atıldım.
Elli qabağa şığıyır, iki əli ilə kimi isə tutub silkələyir.
Elli:
Axmaq, nə etdiyindi? (Pauza, sonra əllərini havada oynadır).
Sinəsindən vurub onu geriyə itələyəndə o müvazinətini saxlaya bilməyib yerə yıxıldı. Uşaqlar gülüşdülər. O isə bundan pərt oldu.(Pauza).
“Bilmərəm, indi qurd-quşa atalıq edərsən!” – deyib, mənə qabardı. (Pauza, sir-sifətini turşudur).
Atalıq etmərəm, amma yıxılanı qaldıraram!
Əyilib üç ayağı ilə havada rəqs edən köməksiz heyvanı üzü üstə döndərir. Gur səslə danışır.
Elli:
“Hə, nə oldu? Ölmədi ki…” (Pauza, səsinin tonunu dəyişir). O, qara,
qalın qaşlarını düyünləyib, məni acıqlı-acıqlı süzdü.
Elli qaşlarını düyünləyib acıqlı görkəm alır.
Yadında saxla, tısbağanı ya öldür, ya kürəyi üstə çevir, ikisi eyni şeydir. Tısbağa kürəyi üstə qalsa, ölər. Onlar köməksiz çevrilə bilməzlər…
Mənim bu izahım da onda mənə qarşı yaranmış qəzəbi soyuda bilmədi. O, yumruğunu düyünləyərək şəstlə üstümə yeriyəndə uşaqlar yerbəyerdən:
Qar-qur səsi gəlir, çığır-bağır eşidilir.
Elli bir əlini uzadıb irəlidəkini göstərir.
Pauza
Elli:
Qurtarın deyirsiniz… Amma görmürsünüz davam edən odur. Mənim işim yoxdur… O məni təhrik edir, tısbağamı öldürür. (Elli əl-qol atır, sanki kimə isə hədə-qorxu gəlir).
Xaçatur istehza ilə: “Oh, oh, oh! Nə tez sənin oldu? Anan doğub, dədən… ” (Pauza). Əclaf, sənin dədən… (Əlinə ağac alıb üstünə yeriyir). Xaçatur dal-dala çəkilərək: “Çayın tısbağasını özünkü bilir… Ha, ha… Bəlkə qardaşındır? Hə? Xəbərimiz yoxdu? (Elli baş barmağını burnunun üstünə qoyub dörd barmağını yelləyərək qarşısındakına acıq verir).
Qurtarın day… Bu olmadı ki, biz dostuq! Uşaqlar çığır-bağır saldılar.
Gün əyiləndə biz nazik yay köynəklərimizi əynimizə geyməyib (Köynəyini yerdən götürüb), çiynimizə ataraq hərəmiz öz evimizə yollandıq. (Köynəyi çiyninə ataraq gedir).
İnsan yardımına ehtiyacı olan bu tısbağaya mərhəmət göstərə-göstərə ona necə isnişdimsə, ondan ayrı dura bilməyib hər gün ona baş çəkirdim. Həyətimizdən bağayarpağının yumşaq iç yarpaqlarından hər gün şalvarımın cibinə dolduraraq onun görüşünə gedərdim. Bir-bir yarpaqları ona yedizdirər, o isə yedikcə hərdən göz qapaqlarını astaca endirib gözlərini yumurdu. Bəzən də çeynədiyi yarpağın yaşıl suyu çənəsindən aşağı süzülüb (Elli əli ilə çənəsini göstərib gülümsəyir) torpağa tökülürdü. Bir göz qırpımında quruyurdu. Yerdə yalnız xırda dairələr yaranırdı. (Dizi üstə yerə əyilib bir neçə metr yerdə iməkləyir, tısbağanı müşahidə edir). Hərdən də axan yaşıl şirənin itməməsindən ötrü balaca qırmızı dilini bayıra uzadırdı. (Dilini bayıra çıxarıb dodaqlarında gəzdirir). Yox, məndə alınmır. (Pauza). O zaman gülümsəyib, ona vəd verirdim ki, sabah sənə daha çox yem gətirəcəm. Getdikcə hərəkətləri cəldləşirdi, hiss olunurdu, dirçəlir.
Ağır addımlarla gedib tısbağadan uzaqlaşır. Əllərini sinəsində çarpazlayıb aramla danışır.
Elli:
Xaçaturun məndən küsməsinə səbəb olmuş o hadisədən dərhal sonra kəndə xəbər yayıldı ki, onların ailəsi Gəncə yaxınlığındakı Şaumyan rayonuna köçürlər. Eşitdiyimə görə, atasına orada vəzifə vermişdilər. Beləcə bir gün onların köçmək zamanı çatdı. Adətən, kənd yerində kiminsə ailəlikcə yurd-yuvasını tərk edib köçməsi nadir hal olduğundan kənd əhli tamaşa etmək üçün onların həyətinə yığışmışdı. (Səs-küy səsi aləmi bürüyür). Başqa uşaqlar kimi mən də maraqla köç mərasiminə baxmaq üçün ora can atdım. Bu, həmin hadisədən sonra mənim onların həyətinə ilk gedişim idi. Amma, mən orada tamaşaçı kimi qala bilmədim, arada məni də buyurub köç daşımağa məcbur etdilər. Çox istəyirdim burada Xaçatura yaxınlaşıb aramızda olan xoşagəlməz hadisəyə görə ondan üzr istəyim. İstəyirdim barışaq, məndən küsülü getməsin. Mənim üçün çətin də olsa, kinimi içimdə boğmaq qərarımda qəti idim. Həm də himayədarlıq etdiyim o balaca varlıq artıq sağalmışdı. Hər halda bir həyətin uşaqları idik, xoşagəlməz hadisəni unutmaq lazım idi. Nədənsə, o, köç mərasimində gözə dəymirdi. Maşın ev əşyaları ilə yüklənib qurtaranda yorğunluqdan əldən düşüb şil-küt olmuşdum. Evə gedib necə yatdımsa, bir də səhər gün çıxanda oyanıb bağdakı bağayarpaqlarını yolub-yomalayıb ciblərimi doldurdum. Sanki tısbağa yox, yekə bir camışı doydurmağa gedirdim. Dolu ciblərlə (Elli şalvarının hər iki cibinə yerdəki otlardan doldurub dolu ciblərini nümayiş etdirir) çay qırağındakı dostuma baş çəkməyə qaçdım.
Elli iti addımlarla gedir, az keçmiş ağaca söykənir. İkiəlli üzünü tutur, vaysınır. Pauza. Səsinin tonu dəyişir, çox məyusdur.
Elli:
Tısbağanın çanağı boş idi. (Boş tısbağa çanağını əlinə alıb o üzünə-bu üzünə çevirir, qəzəblidir). İçinə girib-çıxan qarışqalar canlının çanaq divarlarına yapışmış qanını balaca ağızları ilə gəmirir, bəzən də oradan nəsə qoparıb üzü yuxarı qalxaraq çanaqdan yerə enirdilər. (Çanağı ehmalca yerə qoyur). Burada nə baş verdiyini ilk baxışdan anlamadım. Ətrafıma göz gəzdirdim, tısbağa tikə-tikə doğranıb ətrafa səpilmişdi. (Bağayarpağı otunu cibindən çıxarıb ətrafa səpir). Yaxınlıqdakı qoz ağacından qırılıb şiş halına salınmış budağa isə onun bir tikə əti ilə birgə şikəst ayağı keçirilmişdi.
Şişə keçirilmiş tısbağa ayağı havada fırlanır. Elli havada oynayan tısbağa qıçının ətrafında dövrə vurur. Əli ilə onu tutmaq istəyir, lakin tısbağa ayağı dala çəkilib yox olur, yenə də qabağa gəlir.
Elli:
Oradan götürülüb birnəfəsə düppədüz onların həyətinə qaçdım. Həyət boş idi, başımı çay daşından hörülmüş hasarlarına dayayıb hönkür-hönkür ağladım.
Elli qaçıb divara söykənir, astaca sürüşüb yerə oturub başını divara dayayır. İki ayağını yerə çırpa-çırpa ağlayır.
Səhnə qaralır, yer dəyişməsi, əsgər paltarındadır.
Elli:
Uşaqlığımın ilk ağır zərbəsi sanki bu yerdə əlimi hərəkətə gətirdi. Avtomatın maqazinini bir göz qırpımında divardakı şəkillərə boşaltdım. Şüşələr çilik-çilik olub döşəməyə töküldü, çərçivələrin bir neçəsi vurulduğu divardan bir mismardan asılı vəziyyətdə qaldı. Xaçaturu doğan ana belə gəlsəydi, onun bu qədər fotosunun arasından oğlunun gözlərini tanıya bilməzdi. Bu, ömrümdə ilk qisasım idi.
Tısbağalı günlərimə gedib qayıdandan sonra özümdə bir rahatlıq hiss etdim. Ah!.. (Pauza). Mən o qadını tanıyıram, tanıyıram, tanıyıram! Odur, bu odur, Satinik doda, Xaçaturun anası.
Acı-acı gülümsünüb heyifsilənir.
Bəxtimə bax, savaş məni yalnız qadınlarla sınağa çəkir. Hı… Qabağıma bir kişi çıxmır.
Sanki deməyə söz tapa bilmir. Dodaqlarını tərpədir, sifətinin cizgiləriylə, əllərinin anlaşılmaz hərəkətləriylə nəsə deməyə, ifadə etməyə çalışır. Alnından axan tərini puşletinin çiyninə silir.
Elli:
Həyətə enib başımla irəli getmək işarəsi verdim. (Başı ilə qarşını göstərir. Durur, pauza, əli ilə qarıya işarə verir). Aha… Çoxdur?(Uzağa baxır). Onda bir nəfər tövləyə… Və qarıya nəzarət üçün (Bir barmağını havaya qaldırır) bir nəfər yetər. (Başı ilə yenidən işarə edir və qabağa gedir. Əli avtomatın tətiyindədir.)
Bir dəstə əsgərlə qabağa irəlilədik, silahlılarımızdan bir neçəsi isə sağı, solu, arxanı nəzarətdə saxlayırdı. Nəhayət, qonşu həyətə girdik, (Avtomatı irəli uzadıb gedir, əli tətikdədir) burada tam sakitlik idi, bir inni-cinni görünmürdü. Lakin, bu sükut bizi inandıra bilməzdi kimsə buradan bizə atəş açmayacaq.
Meşəbəyinin qonşusunun evi ikimərtəbəli hələ də tikilməkdə olan daşı tam hörülmüş tikili idi. Qapı-pəncərə çərçivələri salınıb, şüşələri yerində otuzdurulmamış yarımçıq qalmışdı. Budur, artıq evin həyətindəyik. Əsgərlərdən buradan sürətlə ötüb keçmək istəyənlər oldu. Amma ehtiyatı əldən verməmək şərti ilə irəliləməyimiz bizim addım sürətimizi azaltdı. (Əli ilə yavaş yerimək işarəsi verir. Asta addımlarla pilləkənləri qalxır).
Pauza, tam səssizlik.
Elli:
Evə girib avtomatın tətiyini çəkdim. Müharibə qanununa əsasən birinci mərtəbədə divar boyu düzülmüş mebeli əvvəl ortadan, sonra aşağıdan gülləbaran etdim. Əgər kimsə orada gizlənmiş olsa belə, bundan sonra onun oradan çıxıb məni vurmaq ehtimalı artıq sıfıra enirdi.
Asta addımlarla qabağa gəlir, işıq çoxalır. Ehtiyatla pillələri enir, sağı-solu nəzarətdən buraxmır.
Evin qabağında üstüörtülü, yanları açıq artırmadakı qaz sobasının üstünə qazan, vedrə qoyulmuşdu. Yerdə böyük teştdə yeni yuyulmuş uşaq paltarları sıxılıb bir qalaq üst-üstə yığılmışdı. Qazın üstündəki ipdənsə uşaq paltarları asılmışdı. (İpdən asılmış paltarları avtomatın lüləsi ilə aralayıb irəli keçir).
Hiss olunurdu burada gənc ailə yaşayır. Görünür, bizim kəndə hücum etdiyimizi biləndə qorxudan evdən qaçıblar. Əlimlə qaz sobasının üstündəki qazanı yoxladım. (Əlini irəli uzadıb qazana vurur). İlıq idi. Təqribən otuz dərəcə istiliyi dəmirdə hiss etmək mümkün idi. Dəmirdəki hərarət canıma vəlvələ saldığından cəld arxaya çevrildim. (Anidən arxaya hərəkət edir). Bu dəqiqə kimsə başıma ağır bir zərbə vurub məni yerə sərəcək qorxusu büsbütün vücudumu sarmışdı. Arxaya dönəndə həyəti boş gördüm. Döyüşçü yoldaşlarım həyətin künc-bucağındakı böyük dəmir çəlləkləri, dam-daşı və sair tikililəri gözdən keçirdilər ki, bəlkə, Xocalı əsirlərindən hansısa birini buralardan tapmış olsunlar.
Canımı bürümüş izahedilməz qəribə bir hisslə artırmadan bayıra addım atdım. (İrəli yeriyir). Gözlərim yüz səksən dərəcəli bucaq altında ətrafı axtarırdı.
Evin yan tərəfində əkilmiş körpə yoncalığı görüncə birdən-birə beynim siqnal aldı; ayıq ol! (Durub təəccüblə nazik yola diqqətlə baxır, çaşqındır). Yağışdan islanmış yoncalıqdan nazik bir cığır açılmışdı. (Əli ilə nazik bir yol göstərir). Arxası üstə çevrilmiş yoncaların yarpaqları sanki beynimi iynələyirdi. Onların açıq yaşıl rəngli alt üzləri cığırın yeni olduğunu, kiminsə buradan təzəcə keçdiyini bəlli edirdi. Qəribədir, on-on beş metr uzanan bu yoncalıq cığırının sonunda hündür çəpər vardı. Bu düz çəpəri aşmaq hər oğulun işi deyildi. Onun dibində isə taxtadan balaca it yuvası görünürdü. (Diqqətlə irəli baxır). Otluqdan açılmış yol məhz o yuvada tamamlanırdı. Şübhəm məni izə saldı, bu izin sonunda nəsə tapacağıma güman edirdim. (Xırda addımlarla it yuvasına sarı gedir).
Əlim avtomatın tətiyində, hər iki yan cibimdə qoşa qumbaralar, zirehli geyimim xırda patronlarla dolu idi. Ümumilikdə, əynimdəki zirehli geyimin çəkisi (Əyinindəki puşleti bir əli ilə tutub yırğalayır) otuz kiloqrama çatırdı. İzə düşüb getdim, əgər it üstümə atılarsa, vuracaqdım! Əgər, həqiqətən də, orada it varsa, mənim ayaq səsimə mırıldamalıydı. Qulaq dinşədim. (Bir anlıq yerində durub it yuvasını uzaqdan müşahidə edir). Nəfəsimi içimə çəkmişdim ki, itin varlığını nişan verəcək ən asta həniri belə eşidə bilim. Bəlkə, özüm mırıldayım və ya hürüm ki, mənə səs versin, mən də yersiz təşvişdən qurtulum? Lakin it gözə dəymirdi, yəqin, o, qorxudan qaçıb gizlənmişdi. Ham-ham! (İt kimi hürür). Şübhəmi öldürmək üçün iti harayladım, səsimə səs verən olmadı. Yavaş addımlarla qabağa irəliləyir və elə bənd idim bir çıqqıltı eşidəm. Əgər bu olardısa düşünmədən belə tətiyi çəkəcəkdim. Bu zaman it yuvasından ani gözümə sataşan mavi parça vücuduma qəribə bir istilik gətirdi. Sonra ayaq gördüm… Yuvaya çatıb qarşısında əyildim.
Elli danışa-danışa aşağı əyilir, avtomatın qundağı ilə yuvanın qapısını dürtmələyir. Qadınla göz-gözə dayanır və silahın lüləsin onun üzərinə tuşlayır.
Elli:
Dil-dodağım qurudu, təqribən iyirmi bir-iyirmi iki yaşlarında cavan bir gəlin qucağına körpəsini sıxıb, yuvada meyit kimi lal-dinməz oturub körpəsinin ağzını əli ilə möhkəm qapamışdı. (Əli ilə ağzını möhkəm qapayır). Biz göz-gözə dirəndik, lakin heç birimiz danışmadıq. O, köksünə sıxdığı balasından bir metr aralıda olan silahımdan açılacaq atəşin vahiməsindən gözləri bərəlmiş mənə baxırdı. Həyəcandan ata da bilərdim, belə bir məqamda soyuq ağılla düşünmək qeyri-mümkündür. Müharibədə soyuq ağılla düşünmək hədsiz çətindir… (Susur, başını yırğalayır). Çətin yox, çox çətindir. Əlbəttə, əgər sən düşməninlə üzbəüz qalmısansa…
Əlim ani tətiyə toxunarsa, avtomatın mağazasındakı otuz beş güllənin hamısı bu ana-balanın vücuduna qarışqa kimi dolub onları dəlmə-deşik edəcəkdi. Bu zaman həyət-bacadan bizə lazım olanı tapmayan əsgərlərimiz mənə doğru gəlirdilər. Bədənimi soyuq tər basdı, dilim əsdi. Onların bu qadını görməsini istəmirdim. (Başını yırğalayır). İnanın, istəmirdim! Onu necə gizlədə bilərdim? (Pauza, uzağa baxır). Ah, bir az toxdadım. Onlar əməliyyatlarını bitirib həyətin ortasındakı böyük ağacın yanına yığışdılar.
Qarışıq, qar-qur səsləri eşidilir. Elli ani dönüb arxaya baxır. Ona diqqət yetirən olmadığını görüb yenidən it yuvasına sarı çevrilir.
Elli:
Dilxor əsgərlər siqaret yandırıb əməliyyatın gedişatını, səhvin harada olduğunu tapmağa cəhd edirdilər. Onlar haqlı olaraq düz ünvana gəldiyimiz qənaətində idilər. Lakin bizim əsirləri xilasetmə əməliyyatımızdan xəbər tutub onları sübh tezdən İrəvana aparmışdılar. Evin arxasındakı heyvan damında kütləvi saxlanan əsirlərin yatağı aşkarlanmışdı.
Pauza.
Elli:
İlahi, indi mən bu qadınla necə davranım? Necə rəftar edəcəyimə qərar verə bilmədiyimdən əlimdəki silahın tətiyini də boşaltmırdım. Məni saxlayan hansı hiss idi? Bilmirdim. Gözünü gözümdən çəkməyən, indicə qanına qəltan edəcəyimi gözləyən ana, özünü uşağın üstünə bir qədər də əydi. (Belini əyib öz vücudunu qucaqlayır). ”Ah… bir güllə ilə ikisini də birdən götürərdim…” – özlüyümdə düşünürəm.
Elli, nə oldu? (Pauza, yerində qurcalanır, arxaya çevrilib boynu üstə baxır və başını döndərir). Bu səs məni ayıltdı.
Digər səsin kiminki olduğunu bilmirəm, amma onun sualı məni ayıq olmağa çağırdı:
Gələkmi? (Susur, boynunu uzaqdakı ağaca sarı döndərir).
Tapdınmı? (Susub, düşünür). Bu da Murad , əgər, o, söykəndiyi ağacdan arxasını çəkərsə, bura gələcəyini zənn edərək, əsməyə başladım. (Təşviş içindədir, gah alnındakı təri silir, gah da qarşısındakı it yuvasına israrla baxır).
Xocalıda olanların heyfini almaq istəyirdim… (Pauza, dodaqlarını gəmirir). Erməni əlinə keçməsin deyə, öz uşağını boğmuş ananı xatırlayırdım. Süngüyə keçirilmiş uşaq… Doqquz aylıq hamilə qadının qarnını yarıb çıxarılaraq avtomat süngüsündə havaya qaldırılmış uşağın yerinə birdən-birə it yuvasındakı uşağı qoyuram. Xatırlayanda ki, erməni silahlıları ana bətnindəki hələ doğulmamış körpənin oğlan və ya qız olması ilə bağlı mərc edərək, ananın qarnını yarıb oradan uşağı çıxarmışdılar. Uşaq oğlan imiş, diri olub, lakin silahlılar süngüyə keçirib öldürüblər ki, “Bu da böyüyüb türk olacaq!” (Pauza, qəzəblidir). Amma, mənimlə ana qucağındakı uşağın arasında cəmi-cümlətanı bir metr məsafə olmağına baxmayaraq, cinsi məni maraqlandırmır. Bir kəlmə ilə – o, canlıdır! O, insandır! O, mənim növümdəndir! (Bir əli ilə ağzını qapayır). Qorxurdum ürəyimdə danışdıqlarımı dilimə gətirərəm, məni eşidərlər…
Gör, dünya nə hala qalıb? (Əlini başının ortasına basıb hərbi papağını əzişdirir). Nə hala qalıb dünya? Bəlkə, dünya doğrudan kiçikdir? (Susur, gözləri uzağa baxır). Kiçikdir, hə, hə, o çox kiçikdir. Bapbalacadır! Görmürsən, nə boydadır? Əgər, gerçəkdən, o böyük olsaydı, orada hamı rahat yaşardı. (Pauza). Bax, yaxşı bax, səninləyəm, aç gözünü, bura bax! (Əlini it yuvasına dirəyir). Onun boyda nəhəngin köksündə özünə yer tapmayan ana-bala… (Ellinin gözlərindən kədər oxunur). Bu balaca, cəmi sıfır tam yüzdə əlli kvadrat metrlik qapısı salxaq taxta it yuvasında sağ qala biləcəkləri ümidi ilə sığınıblar. Nizamı pozulmuş dünyaya bir daha nifrət etdim yalvarışlı gözlərlə məndən aman diləyən ananın gözündəki mənanı oxuyanda.
Elli:
“Xocalıdakı qətliamı bumu etmişdi?” – sualını özümdən soruşuram. Əlim yenidən tətikdə hərəkətə gəldi, onu çəkmək istəyirdim…(Avtomatı hərəkətə gətirir, qəzəblidir). Bu hərəkət onların hər ikisini məhv edəcəkdi, amma, son məqamda çaxmağı sıxmaqdan vaz keçirəm… “Bu da böyüsə, ikinci Xocalını törədəcək!” – dedim. Lakin yenə özümü saxladım: “Ermənini öldürməklə, daşnak xislətini öldürmək olmaz!” Qərarım belə oldu.“Bu uşağı öldürməklə Xocalının heyfi alınmaz.” (Susub, əlini yellədir). Bu isə son qərarım oldu.
Tər məni basdı. (Başını puşletin qoluna silir, yenidən boynunu döndərib ağacın altında əməliyyatı müzakirə edən döyüşçü yoldaşlarına nəzər salır). Başqalarından utanıb onu öldürmək istədim. (Əli ilə dizlərini ovxalayır). Dizim əsdi, yalnız onda dərk etdim ki, ağılla döyüş meydanında vuruşmaq çətin işdir. Döyüşdə qarşındakına insan kimi baxmırsan… (Azca susur). Baxmamalısan! Yox, qətiyyən, qarşındakını insan saymamalısan. Əslində, canlı saymamalısan. (Pauza, hecalayıb deyir). Dö…yüş meyda…nında qar…şında…kını canlı say…ma…yacaq…san! (Başını yırğalayır). Eşidirsən, savaşda insanlıq məfhumu olmur… Əgər düşməni insan saymayacaqsansa, absurd deyilmi, insandan danışmaq. İnsan özü bir dünyadır, amma o dünya dediyin it yuvasına sığınmağı cənnəti havayı qazanmış hesab edirsə və sən də insanla üz-üzəyəm deyirsənsə… Burada məntiq haradadır? (Pauza, bir əlini qaldırıb gözlərinin qabağına tutur). Mən ağlımı itirməmişəm ki?
Pauza
Elli:
Savaşda sənin üçün yalnız və yalnız düşmən var. Həm də adi düşmən yox, sənin sərhədini basıb keçən, torpağına mina, bomba toxumu səpən, anana, bacına təcavüz edən… (Qəzəblidir). Hə, hə, onda döyüşmək asan olur. Orada heç kim səndən aman istəmir. Sənə güllə tuşlanıb, məqsəd bəllidir, səni öldürmək. Sənsə öldürməlisən ki, ölməyəsən. Məqsədin diri qalıb, torpağındakı minanı bəhrəsiz qoymaqdır… Demək, döyüşmək ona görə asandır ki, qarşında insan durmur. Qarşında duran səni öldürəcək qatildir, canidir!!! Belə düşünmək döyüşçünü vicdanı qarşısında borclu qoymur.
Qorxa-qorxa yana baxır.
Elli:
Əsgərlərdən hansısa birinin mənə bu sualla qışqıracağı qorxusu canımı bürümüşdü (Səsinin tonunu dəyişir): ”O səninkini belə etdi…” – deyib, üç ay əvvəl Xocalıda olmuş müdhiş gecənin qorxulu nağılını xatırladacaqdı. (Yad və qəzəbli bir səslə özündən sual edir). Bəs sənin kişiliyin haradadır?
Kişilik dərəcəmin yüksək olduğunu yuvaya sığınanla sübut etmək nə çətin işmiş? Təəssüf, bunu bacarmıram!
Döyüşçü yoldaşlarımdan gözlədiyim o sual bu dəqiqə qulağıma dəyəcək. Suala cavab almağa səbiri çatmadan əlindəki avtomatla it yuvası qarışıq məni də güllə yağışına tutacaqdı. Əgər o ağacın dibində siqaret çəkən döyüşçülərdən biri məni burada güllələsə, ona haqq qazandıraram. Axı, o hələ ata olmayıb. Axı, o hələ mənim kimi iki körpə qızını gözü yaşlı qoyub cəbhəyə yollanmayıb. (Əlini havaya qaldırır). Qızımın saçını belə sığallamışdım sonuncu axşam. Görəsən, bir də onun başına tumar çəkmək nəsibim olacaqmı?(Pauza). Amma məni mıxlanıb qaldığım yerdən hərəkətə gətirən başqa sual oldu.
Başqa bir səslə dillənir.
Elli:
”Kimsə varmı orada?” – bizimkilərdən biri qışqırdı.
(Susur). Dinmədim… Əgər bizimkilər bilsəydilər ki, mən burada adam görüb susmuşam, məni hansı cəzanın gözlədiyini özlüyümdə bilirdim. Mənim Qərbi Azərbaycandan olmağım, erməni dilini mükəmməl bilməyim, indi isə erməni ilə üzbəsurət durub susmağım onları şübhəyə sala bilərdi.
Sol əlimi ağzımın üstünə qoyub qadının dinməməsi üçün işarə etdim. (Sol əlini ağzına tutur).
Bu qadının salamat qalmasını istəyirdim. Balaca qızımın dizimin üstündə atılıb-düşməsini xatırlayıb, qarşımdakı körpənin qızımın yaşadıqlarını yaşamasını istəyirdim. Qadının isə analıq fərəhindən məhrum olmaması arzusu mənə güc gəldiyindən tətikdəki barmağım boşaldı… (Asta səslə pıçıldayır).
Gecə çıxarsan, indi çıxma! (Susub qaşlarını çatır).
O sanki sağ qalmasına heyrətlənib, dediyimi anlamırdı. Həmin sözü pıçıltı ilə bir də erməni dilində dedim. Ona tapşırığımı nədən birbaşa türk dilində dediyimi soruşursansa, mənim bildiyim qədər Qarabağdakı bütün ermənilərin türk dilini anlamasından doğurdu. Amma hər halda, sonra onun öz ana dilində də tapşırığımı ona verdim.
İt yuvasının qapısını çəkib (Yuvanın qapısını çəkib bağlayır) cəftəsini vuranda qapının cırıltısı ətimi ürpətdi.
Kürəyimi it yuvasındakı canlıya etibar etmədiyimdən arxamı ona çevirmədən, silahı yuvaya tuşlayaraq dal-dala çəkildim.
Dal-dala çəkilərək yoldaşlarının yanına gəlir.
Elli:
Həyətdəki ağacın gövdəsinə çatıb oradakı skamyada oturdum. (Əlini yana açır, əlinə siqaret qutusu qoyurlar. Bir siqaret çıxarıb qutunu qaytarır. Əlindəki siqareti yana uzadır, yandırırlar. Onu damağına qoyur.) Harada? (İrəli boylanır, uzağı yaxşı seçməyib, yerindən durub bir az qabağa gedir). Haradan tapdınız? (Pauza). Evin altındakı zirzəmidən silah-sursat anbarı aşkarlamısınız? Pah atonan(Əllərini-əllərinə vurur). Oradakı yükü bayıra daşıdıqlarını gördüm. Murad üzünü mənə tutub: (Üzünü yana çevirib ciddi görkəm alır).
”Əmi, xəbərin yoxdur, SSRİ-nin silah zavodunu tapmışıq!” – çığırdı.
(Acı-acı gülümsəyir). Bu gedişlə İranınkını da tapacaqsınız! (Mızıldanır və ardından hamısı birgə gülüşür).
Silah anbarını aşkarlamağımız artıq qərargaha xəbər verilmişdi. İndi oturub silahı daşımağa gələcək maşınları gözləyərkən fürsətdən istifadə edib aclığımızı öldürməyi düşünürdük. Qonşu ilə arada olan çəpərin lap dibində böyük masa, yanındasa oturacaqlar düzülmüşdü. Əsgərlərimiz azuqələrini masa üstünə töküb konserv qutularını açmağa başlarkən mən özümü artıq ölmüş hesab edirdim. Düşünürdüm, budur, bu dəqiqə mənim sirrim açılacaq. Bununla da həyatın mahiyyətini anlamayan, hələ ata olmamış mənə “əmi” deyənlərdən birisi lap yaxına gələcək. Sorğu-sualsız əlindəki avtomatı başıma sıxacaq. Özümü təmizə çıxarmağa nəinki bir söz tapa bilməyəcəm. Əslində, mənim haqlı ola biləcəyim üçün kimsə mənə sual etməyəcək. Mənim bir az əvvəl orada ləngiməyim onlara əsas verir məni öldürsünlər. Nə əsasla deyə bilərəm, mən o qadına rəhm edib girov götürmədim ki, Xocalı əsirlərindən heç olmasa, birini qaytara bilim.
Günahın bəraət haqqı yoxdur! Günahkaram, vəssalam.
(Həyəcanla yoldaşlarından uzaqlaşır).
Uşaqların inad etməsinə baxmayaraq, yorğun olduğumu bəhanə edib onlarla bir süfrədə oturmaqdan boyun qaçırdım.
Həyətə iki yük maşını yorğan-döşək, xalça-palaz boşaldılmışdı. (Yükü göstərib, əlindəki konserv qutusunu irəli uzadır). ”Mən elə burada yeyəcəm”, – deyib, ayağımın dibindəki bağlı yatacağı göstərdim.
Əlini ciblərində gəzdirir, yoxlayır, bir bıçaq tapıb çıxarır.
Elli:
Cibimdən bıçağı çıxarıb bağlamanın qırmızı lentini kəsdim. Döşəyi açanda rastıma çıxan bir ağ vərəq məni çox təəccübləndirdi. İçində cəmi bir cümlə yazılmışdı: “Sevincdən bacısına toy hədiyyəsi”. Heç zaman işlənməmiş bu toy hədiyyəsində çəkməli, silah-zirehli uzanmağı rəva bilmədim. (Yumurlanıb bağlanmış xalçaya əlin uzadır, onun belinə bağlanmış bağı tapır). Xalçanın ipin kəsdim, yundan toxunmuş dördgöllü əl xalçası idi. Bir küncünə qızılı rəngli sapla “Xocalı – 24.02.92” işlənmişdi. (Gözləri bərəli rəqəmlərə bir xeyli baxır). Sevinclə kədərin qoşalaşdığı bir tarix idi: Xocalının sonuncu toyu!
Həyətdəki daş çarhovuzun qırağında oturdum. (Kənara çəkilib bir daşın üzərində oturur). Əlimdəki soyuq konserv qutusunu qaşıqlayıb yeyincə gecədən yağan yağışdan daşa hopmuş su canıma keçdi. Üşüdüm… (Pauza, gözlərini yayındırır, kimsəyə baxmağa cürət etmir).
Çəpərin o üzündəki it yuvasına sarı baxmağa üşənirdim, xoşbəxtlikdən oradan bir hənir gəlmirdi. Bəlkə də, nəfəslərini içlərinə çəkməkdən canları çıxmışdı. Nədənsə, bu an mənə bu yuva dünyadan böyük görünürdü.