Turan Novruzlunun yeni şeirləri

GÖRÜNÜR
Bir mənzil boydadır insanın ömrü,
Bələkdən kəfənə yollar görünür…
Bir tabut qədərdi çarpayısı da
Boynuma dolanmış qollar görünür…
Görəsən arxamca kimlər ağlayar?
Neçəsi başına qara bağlayar?
Neçəsi bulaq tək coşub çağlayar?
Fələkdən payıma qürbət görünür…
Axı o sevdiyim dağların qarı
Bu qoca dünyanın neməti, varı
Qışdan sonra qəfil gələn baharı
Mənə şirin nağıl, yalan görünür…
Sən də səhər çağı duman kimisən
Düşmənin kəsdiyi aman kimisən
Bugündən sabaha güman kimisən
Bu yolun sonunda həsrət görünür…
Nəyimə lazımdı ömrün xəzanı
Mən harda axtarım qismət yazanı
Yazısı əyridir, yoxmu pozanı?
Köksümdə kül olmuş yarpaq görünür…
Hardadır ədalət carçısı Musa?!
Harda gizlənibdi sehrli əsa?!
Biçarə, çarmıxa çəkilən İsa…
Gözünü yumanda Məryəm görünür?
Bu da son pərdənin son səhnəsidi…
Seyirci dostların ən köhnəsidi
Bəlkə də şeytanın son fitnəsidir,
Əlində bir ovuc torpaq görünür…
BALACA QIZ KİMİ
Mən necə gəlmişdim Yer kürəsinə?
Balaca qız kimi…
Anam deyirdi ki,
Mən gecə gəlmişdim Yer kürəsinə…
Sabahlardan, gümanlardan xəbərsiz,
Yalanlardan, yamanlardan xəbərsiz…
Bəlkə elə ona görədir ki,
Çox sevirəm gecələri…
Unutdurur dərd- sərimi
Unutdurur nə edimi, necələri.
Mən necə gəlmişəm Yer kürəsinə?
Balaca qız kimi…
Nə kini bilirdim, nə də nifrəti
Nə də ancaq söz qadından düşəndə
O dildən düşməyən arı, qeyrəti…
Nə fala baxdıran namazqılanlar
Nə də insan cildindəki
Aranqutanlar yoluma çıxmamışdı
Onda hələ inandığım nağıllar
Evimi yıxmamışdı…
Mən necə gedəcəm Göyün üzünə?
Qəlbi qardan, buluddan
Qaracaqız kimi…
Bəs necə inanacam
Bu dünyanın düzünə?
Elə o həmin mehriban
Balaca qız kimi…
YOLLAR
Yollar sağaldır axı
Təyyarəni qucaqlayan
buludlar
Yaralarıma sığal çəkən
pambıq olur…
Göy üzü kədərimə
Boxça olur, sandıq olur
Hər dəfə səmadan yerə enəndə
Adam yenidən doğulur,
Tanrıya təşəkkürlə, sevgiylə…
Yollar sağaldır axı
Məsələn, Sən
ən uzağımda qalırsan
Ayın üzündəki ləkə kimi…
Qürub vaxtı ağacdan sıyrılıb
torpağa söykənən kölgə kimi.
Yollar sağaldır axı
Elə qəşəng
unuduram ki, səni…
Yolda gördüyüm
evə çatanda
yadımdan çıxan
Yuxu kimi…
Ehhh neyləyim,
Heç sən də
bir adam olmadın
Çoxu kimi…
BAHARDI EŞQİN
Mən elə bilirdim bahardı eşqin,
Saçımdan payızın qoxusu gəlir…
Sənin söylədiyin qış nağılına
Bu yorğun könlümün yuxusu gəlir…
Mən elə bilirdim qəlbinin səsi
Buludlu ruhumun şirin nəğməsi…
Eşq andı verdiyin sevgi naməsi
Ən qəddar, ən acı yalan görünür…
Mən elə bilirdim incə baxışsan
Sevda çiçəyimə narın yağışsan
Bu saya ömrümə zərli naxışsan
Bülbül yuvasında ilan görünür…
MÜƏLLİF: TURAN NOVRUZLU
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru