Balaca qız kimi…
Mən necə gəlmişdim Yer kürəsinə?
Balaca qız kimi…
Anam deyirdi ki,
Mən gecə gəlmişdim Yer kürəsinə…
Sabahlardan, gümanlardan xəbərsiz,
Yalanlardan, yamanlardan xəbərsiz…
Bəlkə elə ona görədir ki,
Çox sevirəm gecələri…
Unutdurur dərd- sərimi
Unutdurur nə edimi, necələri.
Mən necə gəlmişəm Yer kürəsinə?
Balaca qız kimi…
Nə kini bilirdim, nə də nifrəti
Nə də ancaq söz qadından düşəndə
O dildən düşməyən arı, qeyrəti…
Nə fala baxdıran namazqılanlar
Nə də insan cildindəki
Aranqutanlar yoluma çıxmamışdı
Onda hələ inandığım nağıllar
Evimi yıxmamışdı…
Mən necə gedəcəm Göyün üzünə?
Qəlbi qardan, buluddan
Qaracaqız kimi…
Bəs necə inanacam
Bu dünyanın düzünə?
Elə o həmin mehriban
Balaca qız kimi…