Weather Data Source: havadurumuuzun.com

Professor Mahirə Nağıqızının (Hüseynova ) “ANA dilim” şeiri haqqında

Professor Mahirə Nağıqızının  (Hüseynova ) “ANA dilim” şeiri haqqında fikirlərim ( >>>Mahirə Nağıqızı – Ana dilim)

 “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”

       Ümummilli Lider Heydər Əliyev.

         Professor  Mahirə Nağıqızının “Ana dilim” adlı şeiri milli varlığımızı, milli kimliyimizi  əks etdirən, oxuduqca qürurverici, iftixar edici duyğular yaşadan  ən  dəyərli  şeirlərimizdəndir.  Bu şeir başdan- başa vətənpərvərlik, milli-  mənəvi dəyərlərimiz,  soy kökümüz, min  illiklərdən gələn  tariximiz üzərində köklənmişdir.  Müəllif – “Bu dünyanın yaşı qədər tarixin var/ Sonu qədər, başı qədər tarixin var” – deyərək dilimizin  dünya qədər dərinliyini, qədimliyini, zənginliyini anladır.  

     Nizaminin hikmətini sən yaratdın,

     Nəsiminin qüdrətini sən yaratdın   

     Füzulinin fitrətini sən yaratdın,

     Hikmət dolu  söz büsatı, ana  dilim

     Dədəm- babam əmanatı, ana dilim.

  Şair bu dəyərli misraları ilə  ana dilimizn hikmətini, qüdrətini, Nizami, Nəsimi, Füzuli kimi dahi şairlərimizin  dünya mədəniyyət xəzinəsinə ana dilimizdə bəxş etdiyi töhfələri xatırladır.    

                 Orxonlardan üzü bəri yazın qalıb,

                 Altaylardan Balkanlara izin qalıb –

Misraları ilə şair xalqımızın qədim  yazı mədəniyyətimizin, əlfba tariximizin qədimliyini bildirir,  Orxon – Yenisey abidələri üzərində müdrik fikirləri bizə xatırladır: “Üstdən göy çökməsə/ Altdan yer dəlinməsə/ Türk yurdu, Türk törəsi dağılmaz”. 

                    Ucsuz Qıpçaq çöllərindən havalandın,

                    Qədim Oğuz ellərindən havalandın,

                    Qopuzumun tellərindən havalandın,

                    Sənlə atdım qaramatı, ana dilim.

                    Dədəm-babam amanatı, ana dilim.

    Bu qiymətli misralarda qədim  yurdlarımız, Oğuz elləri, Qıpçaq çölləri, Dədəm Qorqudun  Qopuzu, Sazı, sözü xatırladılır, necə ki Qorqud Dədəm demiş: “Allah-Allah deməyincə işlər olmaz. Qadir tanri verməyincə ər bayılmaz. Əzəldən yazılmasa, qul başına qəza gəlməz. Ölən adam dirilməz, çıхan can geri gəlməz. Təkəbbürlik eyləyəni tanrı sevməz. Könlün uca tutan ərdə dövlət olmaz. Qaravaşa don geydirsən qadın olmaz. Yapa-yapa qarlar yağsa, yaza qalmaz. Qarı düşmən dost olmaz. Ər malına qıymayınca adı çıxmaz. Qız anadan görməyincə öyüd almaz. Oğul atadan görməyincə süfrə açmaz. Oğul atanın yetiridir, iki gözünün biridir…”

        “Ana dilim” şeirinin hər bir misrası zəngin mədəniyyətimizi, kökümüzü, soyumuzu, mənəvi dünaymizi əks etdirir, qan yaddaşımızı oyadır.

        Professor  Mahirə Nağıqızının “Ana dilim” şeiri yetişən gənc nəslimizin, tələbə gənclərimizin milli – mənəvi ruhda tərbiyəsində əhəmiyyətli rolu olduğunu vurğulayaraq müəlifi  təbrik  edir və  uğurlar arzulayırıq.      

                                              Rüfət Lətif oğlu Hüseynzadə

                       Pedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim


MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Top