Mehriban Xanlarovanın Aktyor Portreti

Mehriban Xanlarovanın Aktyor Portreti
Böyük Teatr bilicisi – Konstantin Stanislavski deyir ki, “ Səhnədə bir anlıq həqiqət yaratmaq aktyorun ən böyük müvəffəqiyyətidir”.
Azərbaycan Teatr sənətində də belə aktyor və aktrisalardan var. Onlardan biri də Əməkdar artist Mehriban Xanlarovadır.
Mehriban Xanlarova Azərbaycanın tanınmış teatr və kino aktrisasıdır. Xanlarova Teatr sənətində və kinoda yaratdığı fərqli obrazlarla yadda qalıb. Mehriban Xanlarovanın yaradıcılığına nəzər saldıqda, onun əsasən dramatik, komediya və həyati obrazları ustalıqla canlandırdığının şahidi oluruq.
Mehriban Xanlarova 1967ci ildə Bakıdan anadan olub. Xanlarova 1986-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyorluğu ixtisasına daxil olub. O, Xalq artisti Məlik Dadaşovun kursunu bitirib. Bəlkə də, buna görə Mehriban Xanlarova yaratdığı obrazları özünə uyğun, fərqli yaradırdı. Mehriban Xanlarova dramatik – psixoloji aktirisadır. Hər zaman səhnədə fərqlənməyi bacarır. Bu fərqliliyi canlandırdığı müxtəlif obrazlarda görüb, şahidi oluruq.
Xanlarovanın səhnə ehtirası, yaradıcılıq çılğınlığı klassik əsərlərin tamaşalarında daha çox nəzərə çarpır. Məsələn, ( Nayman ana obrazı)
İndi isə gəlin çalışdığımız qədər Mehriban Xanlarovanın teatr sənətində yaratdığı obrazları təhlil edək.
Mehriban Xanlarova 1998 – ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Teatrın səhnəsində unudulmaz rollar ifa etmişdir.
Zöhrə ( “Şükriyyə” ) , Sara (“ Mesenat “) , Altunsaç ( “ Afət”) , Nayman Ana ( “Manqurt”) və daha neçə böyük uğurla alınan tamaşalar.
Zöhrə obrazını təhlil edərkən mənim yadıma oxuduğum bir söz düşür “ Mərhəmət də cinayət sayılır!” çünki, bizim “ Şükriyyə”( Quruluşçu rejissor Bəhram Osmanov) tamaşasında gördüyümüz Zöhrə belə idi. O hər kəsə mərhəmət göstərirdi. Hətta, ona işgəncə verən Fyodor Alekseyeviç (Nurəddin Mehdixanlı) – də mərhəmət göstərirdi. Zöhrə bircə özündən başqa hər kəsə mərhəmət göstərirdi.
Zöhrə kimdir? 1937- ci ilin qurbanlarından biri. Övladları ölən bir ana. Zöhrə həyatın çətinlikləri ilə mübarizə aparan, lakin özünün şəxsiyyətini və dəyərlərini qorumağa çalışan bir qadındır. Zöhrə dəli olub. Onu 37-ci ilin bəlaları dəli edib. Mehriban Xanlarova Zöhrə obrazı ilə həm güclü qadının , həm də incə , zərif bir insan xüsusiyyətlərini tamaşaçıya çatdırmışdır. Onun ifasında Zöhrə həm acılarla dolu , həm də ümidini itirməyən bir insan kimi təsvir edilir. Mehriban Xanlarova Zöhrəni obrazını bütün çılpaqlığı ilə yaratmışdır. İstər tamaşa zamanı Səməd Vurğunun sözlərinə həsr olunmuş mahnının sədaları altında qol qaldırıb barmağının ucunda oynamağı seyr edəndə gördüyümüz səhnə, istərsə də övladları olmadığı üçün pişiklərə süd verdiyini dilə gətirəndə görmək olur. Zöhrə obrazı qətiyyətlidir. Bizə tamaşa zamanı olacaq hadisələri Zöhrə öncədən xəbər edirdi. Şükriyyə ilə ( Münəvvər Əliyeva) olan səhnədə o deyirdi: “ Cavad gəlməyəcək onu gözləmə” və belə də olur. Əhməd Cavad gəlmir, tamaşanın digər hadisələrində Fyodor Alekseyeviç tərəfində işgəncə veriləndə Şükriyyəni qoruyur. Fyodorun oğlu olacağını bilir və oğlu olur.
Aktrisanın səmimi və təsirli oyunu tamaşanın təsir gücünü artırmış və obrazın uzun müddətdə yaddaşlarda qalmasını təmin etmişdir.
Zöhrə obrazı ailə, sevgi və sosial problemləri ilə cəmiyyətin bir parçasını əks etdirir. Mehriban Xanlarova obrazın bu xüsusiyyətlərin realist şəkildə çatdıraraq tamaşaçı ilə emosional əlaqə qurmağı bacarır.
Mehriban Xanlarovanın səhnə həyatında yaratdığı obrazlar təkcə aktyorluq istedadının deyil, onun insan ruhunu anlama və bu hissləri tamaşaçıya çatdırmaq bacarığının bariz nümunəsidir. Hər obrazında o reallığın və sənətin incə birləşməsini təmin edir. Mehriban Xanlarova həm klassik əsərlərinin qəhramanlarını, həm də müasir dramaturgiyanın canlı və real personajlarını canlandıraraq hər zaman sənətin zirvəsində qalmağı bacarır.
Mehriban Xanlarova teatr sənətində daha çox dramatik obrazları ilə tanınır. Onun təqdim etdiyi obrazlar tamaşaçını düşündürür, həm də ruhlandırır. Aktrisanın səhnədə jesti, hərəkəti , səsi, plastikası obrazın emosional yükünü gücləndirərək daha yaxşı olmasına kömək edir.
“Mesenat” tamaşası Azərbaycan teatr sənətinin diqqətəlayiq əsərlərdən biridir. Bu tamaşa cəmiyyətin mənəvi və sosial dəyərlərini, xüsusilə mədəniyyətin inkişafında mesenatların ( xeyriyyəçilərin) rolunu əks etdirən bir əsərdir. “ Mesenat “ əsərinin müəllifi Əli Əmirlidir. Quruluşçu rejissor Bəhram Osmanov. Tamaşada Xalq artistləri Əliabbas Qədirov( Tağıyev), Firəngiz Mütəllimova( Raisa), Yaşar Nuri ( Ağamusa Nağıyev); Əməkdar artistlər Mehriban Xanlarova (Sara), Vəfa Zeynalova ( Leyla), Sənubər İsgəndərli ( Falçı ) və başqaları ifa ediblər.
“Mesenat” tamaşasında Sara obrazı mərkəzi obrazlardan biridir. O əsərin əsas hadisələrində mühüm rol oynayan , emosional və eyni zamanda düşüncəli bir xarakterdir. Sara ətrafındakı insanlara münasibətində səmimiliyi və zərifliyi ilə seçilir. Sara obrazı həyatın çətinlikləri ilə mübarizə apararkən güclü görünməyə çalışsa da, (məsələn, falçı onların evinə gələndə deyir ki, siz hər şeyinizi itirəcəksiniz , hər kəs adını, soyadını dəyişdirəcək, bircə sən Sara adını dəyişməyəcəksən. Atanın adını ölənə qədər çəkəcəksən, hər yerdə sübut etməyə çalışacaqsan ki, o sənin atandır. Ona görə də həyat sənin üçün çox pis olacaq. (Səfalət səni məhv edəcək) Daxilində zərif və həssas bir qadındır. Sara atasını çox sevir, həyatda hər kəs başqa ölkələrə qaçanda o atasının yanında qalmağı seçir. Bütün bu hissləri tamaşa zamanı Mehriban xanım tamaşaçıya çatdıra bilmişdir.
Mehriban Xanlarovanın təqdimatında Sara obrazı hissləri və düşüncələri ilə tamaşaçıya dərindən təsir edir.
“Afət” tamaşası Hüseyn Cavidin eyni adlı pyesi əsasında hazırlanıb. Qurluşçu rejissor Mehriban Ələkbərzadədir. Tamaşada Xalq artistləri Bəsti Cəfərova ( Afət), İlham Namiq Kamal, Yaşar Nuri ( Xandəmir), Rafael Dadaşov, əməkdar artist Mehriban Xanlarova ( Altunsaç ), Münəvvər Əliyeva ( Alagöz) və başqa aktyorlar
Mehriban Xanlarova Altunsaç obrazını çox güclü şəkildə təqdim edib.
Altunsaç tamaşada bir çox mənəvi və sosial təzadları daşıyan cəmiyyətdəki mövqeyi və yerini təmsil edən bir obrazdır. Altunsaç obrazı tamaşada həm zəifliyi, həm də dözümlüyü ilə əks olunur.
Altunsaç obrazı əsərdə olan digər obrazlar ilə əlaqəli olur.( Ərtoğrul və ya Alagözə olan münasibət) həm psixoloji, həm də dramatik cəhətdən mühüm yer tutur.
Altunsaç dramatik əsərdə sevgi ,ehtiras və xəyanət mövzularını əhatə edən bir qadındır.
“ Manqurt” tamaşası Məşhur Qırğız yazcısı Çingiz Aytmatov “Əsrə bərabər gün “ romanından bir parçadır. Tamaşanın quruluşçu rejissoru Anar Babıldır. Tamaşada Nayman Ana obrazını (Mehriban Xanlarova), Jolaman ( Ramin Şıxəliyev), Juan Juan ( Elşən Rüstəmov), birdə Firuzə Balayeva oynayır. Tamaşanın mövzusu bizə məlumdur ki, ana öz oğlunu axtarır. Lakin onu tapdıqda artıq oğlu onu xatırlamır, nəinki anasını, heç atasının hardan gəldiyini, hansı xalqa aid olduğunu unudub. Buna səbəb isə oğlunun başına keçirilən dəri idi.
“Manqurt”’tamaşasında Mehriban Xanlarovanın yaratdığı Nayman Ana obrazı psixoloji mürəkkəbliklə səhnəyə gətirilmişdir. Nayman Ana hekayədə öz oğlunu qorumaq və ona həyatını , kimliyini, mədəniyyətini geri qaytarmaq üçün bütün gücünü sərf edən qadındır. Xanlarova Nayman Ananı canlandırarkən onun daxili mübarizəsini, analıq instinkti və məğlubiyyətə qarşı duruşunu ustalıqla nümayiş etdirir. Tamaşa boyu sözün əsl mənasında, obrazı daxildən oynayan aktrisa tamaşaçını özünə bağlaya bilir. Bütün səhnələrində aktrisa tempi qaldırır və eyni vəziyyətdə də saxlamağı bacarır. Obrazının əziyyətini, çəkdiyi əzabları, Nayman ana faciəsini ustalıqla çatdırır.
Nayman ana həm də “Manqurtlaşma” anlayışının qarşısında duran simvoldur. O, oğlunu itirməkdən qorxaraq onun kimliyini geri qaytarmağa çalışır. Bu, yalnız analıq sevgisi deyil, həm də mədəniyyət və kimlik mübarizəsidir. Mehriban Xanlarova bu məqamı səhnədə çox böyük məharətlə ifa edir.
Mehriban Xanlarova bu rolu canlandırarkən personajın psixoloji vəziyyətini çox incə şəkildə ortaya qoyur, tamaşaçıya bu analığın və mədəniyyətin qorunması nə dərəcədə vacib olduğunu tamaşada vurğulayır. Mehriban Xanlarovanın ifasında bu obraz unudulmaz teatral bir an yaratmışdır.
Tamaşada Xanlarova obrazın kədərini, qəzəbini, ümidini və ümidsizliyini ustalıqla dəyişdirir. Hər bir duyğu onun oyununda təbii şəkildə öz əksini tapır və tamaşaçını təsirləndirir. Xüsusilə, dramatik səhnələrdə onun güclü emosional ifadəsi tamaşa zalını ovsunlayır.
“Manqurt” tamaşası simvolik motivlərlə zəngindir və Xanlarova bədən dilindən istifadə edərək obrazının mənəvi vəziyyətini daha da dərindən açır. Onun səhnədəki hərəkətləri obrazın daxili böhranlarını və emosional vəziyyətini tamaşaçılara vizual olaraq çatdırır. Tamaşada Xanlarovanın şalı sanki quşa çevrilir və aktrisa bədən dilini istifadə edərək möhtəşəm oyun göstərir. O tamaşa zalında sanki azad olmağa can atan bir quşdur. Biz bunu səhnədə görə bilirik.
Mehriban Xanlarovanın “Manqurt” tamaşasındakı aktyor texnikası onun sənətkarlığının zirvələrindən biridir. O, tamaşaçıya sadəcə bir obrazı deyil, bütöv bir həyat və dünyagörüşünü çatdırır. Onun oyunu tamaşanın fəlsəfi mahiyyətini daha dərindən başa düşməyə imkan yaradır və tamaşaçılarda uzun müddət unudulmayacaq təəssürat buraxır.
Akademik Milli Dram Teatrının repertuarında olan bu tamaşa bir neçə dəfə qastrol səfərlərində olub. Mehriban Xanlarova “Manqurt” tamaşasındakı Nayman Ana obrazına görə Qırğızıstanın Bişkek şəhərində keçirilən Çingiz Aytmatov 90 ilik yubileyinə həsr olunmuş “ Aytmatov və teatr” festivalında “Ən yaxşı qadın aktrisa” nominasiyasının qalibi oldu.
Valeh Ağayev – Tələbə (Teatrşünas), Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin Teatr sənəti fakültəsinin sədri