Mina RƏŞİD – Gözün aydın, MÜBARİZ…

Gözün aydın, MÜBARİZ…
Bu gün onun günüdü. MÜBARİZİN günüdü. Adı ürəyimizə böyük hərflərlə yazılan, Azərbaycan əsgərinin qəhrəmanlıq simvoluna çevrilən, Milli qəhrəman, gizir Mübariz İbrahimovun doğum günü həm də dünyanın harasında olmağımızdan asılı olmayaraq hər birimizin, hər bir azərbaycanlının qürur günüdü.
Bu gün cəsarəti, qəhrəmanlığı, hünəri-adı sözə, dastana sığmayan Milli Qəhrəman, gizir Mübariz İbrahimovun doğum günüdü. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Ailəsi ona verməyə iki ad seçib. Müqəddəs və Mübariz. Ancaq son qərarları Mübariz olub. Doğru deyiblər ki, adın da insanın taleyində böyük təsirləri olur. Mübariz uşaqlıqdan çalışqan, mübariz idi. Kiçik yaşlarından idmanla – boksla məşğul olurdu. O, şəhid M. Piriyev adına orta məktəbi bitirdikdən sonra 2005-ci ildə hərbi xidmətə çağırılıb. M.İbrahimov hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. O, hərbi xidmətini 2007-ci ildə çavuş kimi başa vurub. Gizir olmaq Mübarizin ən böyük arzusu idi. Odur ki, 2009-cu ildə yenidən ordu sıralarına qayıdaraq Vətənə xidmətə başladı. Mübariz bu dəfə hərbi biliklərini daha da genişləndirərək böyük bir məktəb keçdi, gizir oldu. O, bununla ən böyük arzusuna, Qarabağda düşməndən intiqam almağa bir az da yaxınlaşdı. Daha kimsə onu yolundan saxlaya bilməzdi. Amma imanı onu ata-anasının xeyir-duasını almadan yola çıxmağa imkan vermədi. Ona görə də, bir gün ata-anasına ürəyini açdı, dərdini söylədi. Atası Ağakərim kişi arif adamdı. Bilirdi ki, oğlu yolundan dönməz, amalından əl çəkməz. Odur ki, onu daha artıq incitmək istəmədi. Bəs anası nə deyəcəkdi, axı ana ürəyidi. Amma o qəhrəman anasıydı, dözməliydi və dözdü də…
Mübariz isə həmin anlarda başqa havada idi. Qarabağa yollandı, bir komandir kimi əsgərlərinə öz bilik və bacarıqlarını aşılamağa başladı. Mübariz komandir kimi bir nümunə idi, Vətən sevgisini sözsüz də əsgərlərinə çatdıra bilirdi. Onda rahatlıq bilməyən ürəyi bir az dinclik tapırdı. Amma düşmən əsirliyindəki Şuşa gözləri önündə canlanırdı, Laçın qayalarında qartallar qıy vururdu, Xocalının naləsi yaddaşından çəkilmirdi ki, çəkilmirdi… Sərhəddən doğma Vətən torpağını seyr etdikcə ürəyi parçalanırdı. “Axı nə vaxtadək doğma torpaqlarımıza uzaqdan baxacağıq?”, – deyə, sual edirdi özünə…
Qəhrəmanlıq gecəsi
…Nəhayət o gün gəlib çatdı. Mübariz İbrahimov 18 iyun 2010- cu ildə gecə saat 23:30 radələrində qulluq etdiyi cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində düşmənlə arada olan minalanmış sərhədi təkbaşına keçərək bir anda qartaltək düşmənin üstünə şığıdı. Düşmən bu gözlənilməz hücumdan çaşdı. Üzərinə bir nəfər deyil, sanki bir ordu gəlirmiş kimi qorxuya, təşvişə düşdü… Mübariz isə o anlarda elə bir qəhrəmanlıq salnaməsini yazırdı ki, bircə həmləsində neçə düşməni vurub yerə sərirdi. Düşməni məhv etdikcə irəliləyir, düşmənin silahını özünə tuşlayırdı. Bax, bu Şuşanın, bu Laçının, bu da… bu da, Xocalıda işgəncəylə öldürülən körpələrin intiqamı, – deyə, güllə deyil, sanki düşmənin üzərinə qəzəbdən od püskürürdü…
Mübariz o gecə mənim də intiqamımı alırdı. İşğal olunmuş Ağdamın, doğulduğum Qiyaslı kəndinin, şəhid olmuş atamın, iki qazi qardaşımın, bir də, Bərdədə dəmir vaqona sığınaraq dərddən, əziyyətdən ürəyi çat vermiş anamın intiqamını… Və bütün ürəyi dağlanmış analarımızın, bacılarımızın, vəhşicəsinə qətlə yetirilmiş körpələrimizin, dərddən kədər heykəlinə dönmuş atalarımızın, babalarımızın intiqamını…
Mübariz qeyri-adi bacarıq və çevikliklə düz 5 saat təkbaşına bir ordu ilə savaşdı. Nə usandı, nə də geri çəkilməyi düşündü. Mübariz arzusuna çatmışdı həmin anlarda. Qarabağın torpağından, havasından güc almışdı sanki. Bu elə bir qəhrəmanlıqdı ki, Mübariz o gecə Müqəddəs adına qovuşdu. Onsuz da, o, getdiyi yolun sonunu bilirdi. Sonda qəhrəmanlıqla Şəhid olsa da, intiqamını almışdı. Əsl yaşamaq da onun üçün bu idi. Bundan sonra daha rahat “yaşayacaqdı”.
Bunu əvvəlcədən valideynlərinə ünvanladığı sonuncu məktubundan da hiss etmək olar:
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-ol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam- ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz… Haqqınızı halal edin.”
Azərbaycanın Milli qəhrəmanı
Mərhum atası Ağakərim kişi söyləyirdi ki, o qəhrəmanlıq gecəsindən sonra qürur hissi ilə yanaşı, həm də bir narahatlıq keçirib. Ta o vaxta qədər ki, tezliklə Prezidentimiz Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. Bütün türk dünyasının qəhrəmanı olan M.İbrahimovun adının əbədiləşdirilməsi üçün ölkəmizdə və onun hüdudlarıdan kənarda bir sıra işlər görüldü. Belə ki, Biləsuvar şəhərində lisey-məktəb kompleksinə və küçəyə M.İbrahimovun adı verildi. 2010-cu ildə Eldar Məmmədovun rejissorluğu ilə M.İbrahimova həsr edilən “Müqəddəs zirvə” adlı film çəkildi. 2011-ci ildə “Palmali” şirkətinin Türkiyədə hazırlandığı yük gəmisi onun şərəfinə “Mübariz İbrahimov” adlandırıldı. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “İstiqlal” snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə “Mübariz” adlandırıldı. 2011-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev fondu və ANS Şirkətlər Qrupu tərəfindən M.İbrahimov “İlin adamı” adına layiq görüldü. 2016- cı ildə Sumqayıtdakı küçələrdən birinə onun adı verildi. Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə M.İbrahimovun heykəli ucaldıldı.
2013-cü ildə TRT 1 kanalında nümayiş etdirilən “Sakarya Fırat” və 2014-cü ildə yayımlanan “Qızıl alma” adlı seriallarda M.İbrahimovun qəhrəmanlığına geniş yer ayrılıb. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə M.İbrahimovun adına xatirə lövhəsi vurulub. M.İbrahimovun adının əbədiləşdirilməsi təkcə bu sadaladıqlarımızla bitmir və bitməyəcək də…
Atası ona Vətən deyirdi
Mübarizin Vətənə böyük sevgisini hiss edən atası ona Vətən, deyə, müraciət edərmiş. Və bu uca, müqəddəs addan Mübariz sevincindən sanki qanad açıb uçarmış. Ata öz övladını bax, belə ruhlandırmış, atalar! Lap ölməz şairimiz Xəlil Rza Ulutürk misalı…
Ancaq Vətən olanlar belə qəhrəmanlıq göstərə bilərlər. Ömrünün gənc çağında, 22 yaşında beləcə bütün türk dünyasının qəhrəmanlıq rəmzinə çevrilmək olar.
Mübariz düşmənə anlatdı ki…
…O gecə qeyi-adi bacarıq, müdhiş bir qəhrəmanlıqla Mübariz düşmənə dərs verdi. Anlatdı ki, bizim bircə əsgərimiz öz misilsiz şücaəti ilə düşmənin bir ordusuna dəyər. Elə bilməyin ki, biz bu işğalla barışıb sakitcə oturmuşuq. Bir gün bax belə qəfil bir həmləylə düşməni darmadağın edər Azərbaycan Ordusu! Həm də bu müharibə düşmən üçün ədalətsiz sayılsa da, bizim üçün ədalətlidir. Çünki bu torpaqlar azərbaycanlıların qədim məskənidir. Bir vaxt düzlərdə qalmış erməni bəlasını torpağımıza calayanların günahıdır ki, sonra da nankorluqla gəmidə oturub gəmiçi ilə dava edirlər. Amma bunu unutmayın – Mübarizlərin Vətəni basılmaz! Nə qədər güclü xarici havadarlarınız olsa da bir gün haqq qalib gələcək!
Gözün aydın, Mübariz!
Bu düşüncəylə Mübarizin qəhrəmanlığından sonra sanki bütün Azərbaycan ayağa qalxdı, hər kəs bir əsgər kimi Vətənin müdafiəsinə hazır dayandı. Düz 10 il sonra Mübarizin arzuları gerçək oldu. 2020-ci ildə başlayan və 44 günlük Vətən Savaşında Azərbaycan Ordusu Zəfər qazandı. Ruhun şaddır, bilirəm. Çünki sən indi ən böyük arzuna çatmısan. Cənnətdəki doğum günün mübarək, qəhrəman oğul, gözün aydın olsun!
Müharibə başladı,
Zəfər çaldı ordumuz.
Gözün aydın, Mübariz,
Azad oldu yurdumuz!
Sən gözləyə bilmədin,
Özün bir ordu oldun.
Qəlbinin fərmanıyla
Düşmənlərə od vurdun.
Sellər kimi çağladın,
Parladın günəş kimi.
Düşmənin ocağına
Düşdün bir atəş kimi.
Qisas almağa getdin,
Getdiyin Haqqın yolu.
Sən azadlıq nəğməmsən,
Mübarizlik simvolu!
Sən bu xalqın vüqarı,
Vətən üçün doğuldun.
Tək bir canla min əsgər,
Bir yumruqla dağ oldun.
İlahidən güc aldın,
Düşmən üstünə getdin,
Sən yüz əlli yağını
Bircə anda məhv etdin.
Qartal kimi şığıyıb,
Aslantəki savaşdın.
Sən yurdumun igidlik
Nişanından danışdın.
Düşmən qorxuya düşdü:
-Üstümüzə dağ gəlir,
Bizi qırıb-çatır o,
Güllə batmır, sağ gəlir.
-Gəlmişəm Xocalının
Qsasını almağa,
Haqq-ədalət uğrunda
Sonda Şəhid olmağa…
Sən bizim qürurumuz,
Səni unutmarıq biz.
Sən hər iki cahanda
Bir gövhərsən, Mübariz!
Müəllif: Mina RƏŞİD
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru