Weather Data Source: havadurumuuzun.com

Hegelin “Ruhun fenomenologiyası”: İşığa doğru bir fəlsəfi səyahət”

Hegelin “Ruhun fenomenologiyası”: İşığa doğru bir fəlsəfi səyahət”

“Ruhun fenomenologiyası” əsərində Hegel, insan düşüncəsini və ruhunun özünü dərk etməsini bir səyahət, bu səyahəti tinin (ruh və ya şüur) müxtəlif mərhələlərdən keçərək “mütləq bilik”ə çatması ilə izah edir. Ruhun inkişafında əsas mərhələlər duyğu, idrak, özünüdərk və nəticədə mütləq bilikdir. Hegelə görə, hər bir mərhələ özündən əvvəlkinin məhdudiyyətlərini aşaraq, daha yüksək bir səviyyəyə çatır ki, bu proses “dialektika”dır. Hegel üçün təzadlar, yəni antitezislər olmadan inkişaf mümkün deyil. Bu yanaşma hüquqi və sosial sahələrdə də əhəmiyyətlidir, çünki cəmiyyətin inkişafı fərdlərin və dövlətlərin dialektik qarşılıqlı təsiri ilə həyata keçir.

Ruhun inkişaf mərhələləri, əslində, hər bir insanın şəxsi həyatında qarşılaşdığı daxili ziddiyyətləri və bu ziddiyyətləri aşmaq üçün göstərdiyi mübarizəni simvolizə edir. Məsələn, bir çoxumuz həyatımızın müəyyən mərhələlərində özümüzlə mübarizə aparır, daha yüksək bir anlayışa və ya dərkə çatmaq üçün çətinliklərdən keçir. Hegel xatırladır ki, hər böhran, hər çətinlik həyatımızda daha böyük bir dəyişiklik üçün fürsətdir. Hüquq kontekstində isə, cəmiyyətdəki ədalətsizlikləri yalnız fərdi etirazlarla deyil, sistemli və dialektik bir yanaşma ilə həll etmək mümkündür.

Hegel üçün azadlıq, insana verilən sadə bir hədiyyə deyil. Bu, mübarizə, qarşıdurma və bərqərar olmaq üçün özünü təsdiqləmə tələb edir. Hüquq da məhz bu mübarizənin bir formasıdır. Ancaq o deyir ki, qanunlar öz başına soyuq və cansızdır. Onları dirildən, ruhlandıran, mənalı edən yalnız əxlaqın işığıdır. Dövlətin, qanunun, hətta cəmiyyətin varlığı yalnız fərdlərin daxilindəki azadlıq ehtiyacını tanıyıb onu həyata keçirmək üçün anlam qazanır. Ancaq burada ziddiyyət var: fərd öz azadlığını istəyir, dövlət isə ümumi iradəni. Bu təzad bir müharibəyə çevrilir, ancaq bu müharibə həm də dialoqdur, çünki hər iki tərəf bir-birinə möhtacdır. Hegel bu dialoqu ailənin zərif sevgisindən, vətəndaş cəmiyyətinin rəqabətçi dünyasına və nəhayət, dövlətin şüurlu harmoniyasına qədər izah edir. Hüquq burada bir musiqi parçası kimidir: fərdin notları ilə ümumi harmoniyanın ahəngini yaratmaq.

Hegel, ruhun səyahətini izah edərkən, onu sadəcə bir intellektual analiz kimi təqdim etmir. Tinin (ruh və ya şüur) keçdiyi hər mərhələ, həyatımızda rast gəldiyimiz təzadların – sevgi ilə nifrətin, ümid ilə ümidsizliyin, azadlıqla itaətin – dialektik qarşılaşmasını əks etdirir. Düşünün, insan ilk dəfə özünü dərk etdiyi anda duyğu dünyasında qarışıqlıq hiss edir. Hegel bunu “hissi müəyyənlik” kimi təsvir edir. Bu, insanın yaşadığı ilk uyanışdır – dünya qarışıq, bulanıq bir dənizdir. Amma bu dəniz tədricən şəffaflaşır və insan öz refleksiyası ilə qarşılaşır:

“Mən kiməm? Mənim həyatım nə deməkdir?”

Bu suallar ruhun səyahətində qığılcım rolunu oynayır, proses ruhun öz həqiqətini, öz mənliyini tapması ilə nəticələnir. Ruh, nəhayət, mütləq bilik mərhələsinə çatdıqda, kainatla bir olur – artıq təklik yoxdur. Hegeli oxuduqca, insan öz həyatının da bir dialektika olduğunu başa düşür. Biz hər gün qarşımıza çıxan dilemmanın – sevmək ya nifrət etmək, bağışlamaq ya intiqam almaq, özümüzü dərk etmək ya başqalarını anlamaq – labirintində itirik. Ancaq bu itkinlik vacibdir, çünki yalnız qaranlığı görənlər işığın dəyərini anlayar.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top