Weather Data Source: havadurumuuzun.com

Zaur Ustac – İnci, qərənfil…

İNCİ, QƏRƏNFİL…

(Qərənfilə yazığım gəlir…)

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap məndən inci, qərənfil…

****

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc örf-adətə, öfkəyə, başa,

****

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

****

Ustac tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

20.01.2018. Bakı.

Top